«Səbailli gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda tədbir keçirildi.

   Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə «Səbailli gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda növbəti tədbir paytaxtın mərkəzindəki 132-134 saylı Təhsil Kompleksinin akt zalında tədbir keçirildi.

   Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllimə Sara Xanlarova açaraq qonaqları və tədbir iştrakçılarını salamladı, tədbirin məqsədi barədə məlumat verdi. 

   Tədbirdə çıxış edənlər ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulduğunu qeyd etdilər. Bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur.

   Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi, yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi, tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı.

   Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər məktəbin kitabxanasına verildi və iştirakçılara narkomaniyanın fəsadlarını göstərən bukletlər paylandı.

 

   Tədbir  “AzTv” televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.

 




Baxılıb: 1051