SAĞLAM HƏYAT TƏRZİ

   Azərbaycan  Respublikası  Prezidentinin 24.06.2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində aşagıda göstərilən tədbirlər həyata keçirilmişdir. 

  Proqramın müvafiq bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramlarına sağlam həyat tərzi və narkomanlıgın ziyanı ilə bağlı mövzular daxil edilmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində və C.Naxcıvanski adına Hərbi Liseydə “Sağlam həyat tərzi və narkomanlığın ziyanı” mövzusunda konfranslar keçirilmişdir. Konfransların əsas məqsədi antinarkomaniya ilə bağlı xüsusi təyinatlı təhsil müəssisələrində sosial, hüquqi və tibbi bilikləri artırmaqdan ibarət olmuşdur. Konfransların keçirilməsi zamanı kursantlara müasir dövrümüzün bəlası olan narkotik vasitələr, onların növləri, istifadə nəticəsində yaranacaq problemlər haqqında məlumat verilmişdir.

  Silahlı Qüvvələrin hərbi hissə və birləşmələrində həqiqi hərbi xidmət qulluqçuları arasında narkotiklərdən qeyri-tibbi məqsədlə istifadə edən şəxslər müəyyən edilməmişdir. Eyni zamanda narkomanlıq halları aşkar edilərsə hərbi hissə və birləşmə komandirlərinə hərbi qulluqçuların müalicə və sağlamlığının bərpasının təmin edilməsi, onlar həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra isə profilaktik işlərin həyata keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq orqanlarla qarşılıqlı məlumat mübadiləsinin aparılması tövsiyə edilmişdir.    

 Silahlı Qüvvələrin hərbi hissə, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində səxsi heyət arasında antinarkomaniya mövzusunda profilaktika işinin təşkili məqsədilə hüquq-mühafizə orqanları və tibb mütəxəssisləri ilə vaxtaşırı görüşlər təşkil edilmiş, onlar tərəfindən mühazirələr oxunmuş və söhbətlər aparılmışdır. Hərbı qulluqçular arasında vətənpərvərlik ruhunda təbliğat işinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

    Hərbi hissə, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətlə aparılan tərbiyə işinin təşkili zamanı və keçirilən hüquq hazırlığı saatlarında narkomaniyanın yaranması, narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizminə vurduğu zərər, habelə onların cəmiyyətdə törətdiyi fəsadların nəticələri haqqında məlumatlar verilmiş və xüsusi dərslər keçirilmişdir.

 Mütəmadi olaraq hərbi hissə, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində  narkomaniya  və onun törətdiyi fəsadlar haqqında sənədli flimlərin nümayişləri təşkil olunmuşdur.

   Hərbi hospitallarda və hərbi hissələrin tibb məntəqələrində narkotik dərman preparatlarının xüsusi nəzarət altında saxlanılmasına diqqət artırılmış, narkotik təsirli “A” qrupundan olan dərman preparatlarının siqnal sistemi ilə təchiz edilmiş, seyflərdə qorunması təşkil olunmuş, onların apteklərdən alınmasına, qeydiyyatına və təyinatı üzrə istifadə olunmasına nəzarət daha da gücləndirilmişdir.

 Narkotik və psixotrop preparatların alınmasına, təlimatlara uyğun saxlanılmasına, istifadə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə hərbi hissə, birləşmə, xüsusi təyinatlı təhsil və tibb müəssisələrində vaxtaşırı yoxlamalar keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır.

   Narkotik vasitələr və psixotrop maddələri qəbul edən şəxslərin aşkar edilib müəyyənləşdirilməsi və profilaktik işin təşkili üçün istifadə edilən qayda və üsulların aidiyyəti komandir-rəis heyətinə öyrədilməsi təşkil edilmişdir.

   Narkomanlığa qarşı profilaktika məqsədi ilə müxtəlif dövrlərdə cəzaçəkmə müəssisələrindən buraxılmış, məhkumluğu götürülmüş, o cümlədən barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə hərbi xidmətini davam etdirmək üçün hərbi hissələrə göndərilmiş şəxslərlə fərdi iş aparılmışdır.  

 

Rüfət Əmirov

Müdafiə Nazirliyinin İdarə rəisi




Baxılıb: 4171