“SAĞLAM AİLƏ - SAĞLAM CƏMİYYƏT”

  Əsrlər boyu dünyada insanların həyatına zərər gətirə bilən xəstəliklər, müharibələr və digər dağıdıcı, məhvedici cərəyanların çoxu insanların özü tərəfindən yaradılırdı. Onların arasında XX və XXI əsirlərdə ən çox inkişaf etmiş virus, xəstəlik və asılılıq yaradan narkotiklərdir. Bu virus-xəstəlik bütün dünya dövlətlərini əhatə edib.

  Azərbaycanda narkotiklərlə mübarizə koordinasiya şəklində bütün sahələri əhatə edir.
  Son illər milli qanunvericilikdə aparılan dəyişikliklər, beynəlxalq idman tədbirlərinin keçirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsi narkomaniya ilə mübarizəni respublikada gücləndirib. “Sağlam Ailə - Sağlam Cəmiyyət” şüarı ilə ölkədə narkomaniya ilə mübarizə sahəsində bir neçə beynəlxalq konfranslar keçirilib.

  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlətin ailə siyasətinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahələri üzrə tədbirlərin gücləndirilməsi məqsədilə narkomaniya, insan alveri, erkən nikah, məişət zorakılığı, uşaq əməyi, baxımsız və küçə uşaqları, selektiv abortlarla və digər problemlərlə mübarizəni mütəmadi olaraq aparır. Əhalini məlumatlandırmaq məqsədilə Komitə narkomaniya və onun fəsadları haqqında artıq bir neçə maarifləndirmə kampaniyası da keçirib.

  2006-2014-cü illər ərzində rayonlarda və şəhərlərdə orta və ali təhsil ocaqlarında, rayon icra hakimiyyətlərində, hərbi hissələrdə və ümumiyyətlə cəmiyyətdə xüsusi konfranslar, dəyirmi masalar və maarifləndirmə tədbirləri keçirilib və davam etdirilir (“Narkomanlıq ağ ölümdür” mövzusunda elmi-praktiki konfrans, “Gənclər narkotiklərin əleyhinədir” dəyirmi masa, “Narkomaniya İİV/QİÇS-in fəsadları” mövzusunda mühazirələr, “Sağlam həyat - sağlam gələcəkdir” adlı tədbir, “Cənubi Qafqazda Gənclər Üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı Milli Konfrans, “Gənclər narkotiklərə yox deyir” mövzusunda elmi-praktik konfranslar və digərləri).

  Mütəmadi olaraq Komitə tərəfindən müxtəlif maarifləndirmə xarakterli bukletlər, kitabçalar (“Özünüzü və yaxınlarınızı qoruyun”, “Reproduktiv sağlamlıq”, “Nikahdan əvvəl tibbi müayinə”, “QİÇS sağalmaz xəstəlikdir”, “Sağlam həyat tərzi”, “Biz narkotiklərə yox deyirik”, “Reproduktiv sağlamlıq və nikahdan əvvəl tibbi müayinə”, “QİÇS analizini ver! Riski sıfıra endir!”, “Biz narkotiklərə YOX deyirik”,”Narkotiksiz həyat. Sağlamlığın öz əlindədir”) çap olunmuşdur.
  Tədbirlərdə Dövlət Proqramları çərçivəsində narkomaniya, HIV/QİÇS xəstəliyinin qarşısının alınması, insan alverinin profilaktikası, sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirmə işləri aparılmış, qeyd edilən məsələlərlə bağlı “HIV/AİDS: Növbəti qurbanı sən olma”, “Günəş şəhəri”, “Hədəf”, “Yuxu yaddaşı”, “Affekt”, “İşıqlı zülmət” adlı qısametrajlı filmlər nümayiş etdirilmişdi.

  24 iyun 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və digər aidiyyəti orqanlar tərəfindən “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi tədbiri əks olunub.

  Cari ilin 8 dekabr tarixində ölkədə beynəlxalq ekspertlərin iştirakı ilə “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçiriləcək. Bu fakt Azərbaycan Hökumətinin sağlam cəmiyyətin formalaşmasına mühüm addımlar atdığını təsdiq edir.

  Son illərdə ölkədə uşaq hüquqlarının müdafiəsi, ailə siyasətinin möhkəmləndirilməsi sahəsində əldə olunan nailiyyətlərə əsasən öz təcrübəsilə dünyanın çoxlu dövlətləri üçün bir nümunəyə çevrilmişdir. Əsasən də ölkədə qanunvericilik sahəsində aparılan islahatlar və tənzimlənmə Avropa və Asiya ölkələri tərəfindən öyrənilir. Dünyada narkomaniya ilə mübarizə bütün dövlətlərdə aparılır. Narkotik vasitələrin satışının və yayılmasının qarşısının alınması bütün dünyada koordinasiya şəklində həyata keçirilir.

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən narkotiklə mübarizə, onun insan üçün zərərləri barədə maarifləndirmə materialları çap edilir, təlimlər mütəmadi olaraq keçirilir. Eyni zamanda, Komitə tərəfindən yerli media orqanları ilə işlər aparılır və narkomaniyanın mənfi təsirləri ilə bağlı informasiya geniş yayılır. Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və maarifləndirilməsi məqsədilə vaxtaşırı təlimlər, tədbirlər təşkili olunur.

  Uşaq və qadın hüquqlarının müdafiəsi, ailənin normal inkişafına və sağlamlığına mənfi təsir göstərən hallardan və narkomaniya kimi zərərli vərdişlərdən qorunması məqsədi ilə qaçqın və məcburi köçkün məktəblərində, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələrində maarifləndirmə kampaniyası keçirilmişdir. Kampaniyalar çərçivəsində nazirliklər, rayon İcra Hakimiyyətlərinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaları, rayon Polis idarələrinin yetkinlik yaşına çatmayanlarla işləyən inspektorları, rayon Vətəndaş Vəziyyətləri Aktlarının Dövlət Qeydiyyatı idarələrinin, müvafiq QHT-lərin nümayəndələri, o cümlədən məktəblərin nəzdində Valideyn-Müəllim Assosiasiyası rəhbərləri, məktəb psixoloqları da cəlb olunmaqla müvafiq tədbirlər keçirilmişdir.

  Yeniyetmələrin cinsi və reproduktiv sağlamlıq və hüquqlarının təmin edilməsi, onlara sağlam həyat tərzinin aşılanması, narkomaniya və tütünün mənfi təsirləri barədə məlumatlandırılma ilə bağlı qeyri-hökumət orqanlarının səmərəli fəaliyyətinin təşkili və geniş ictimaiyyətin bu sahədə bilik və maraq dairəsinin genişləndirilməsi məqsədilə BMT-nin Əhali Fondu ilə birgə “Cənubi Qafqazda Gənclərin Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı layihə həyata keçirmişdir.
  Son 10 ildə Azərbaycanda dövlət tərəfindən aparılan islahatlara əsasən erkən nikahların, məişət zorakılığının, uşaq alverinin qarşısının alınmasında və narkomaniya ilə mübarizə sahələrində uğurlara nail olunmuşdu.

  Azərbaycan Uşaqlarının I (2009), II (2011), III (2014) Forumlarının keçirilməsi uşaqların maraqlarını və fikirlərini nəzərə alaraq sağlam şəraitin yaradılmasına istiqamətləndirilmişdir. Forumlarda lider uşaqların formalaşdırılması məqsədilə xüsusi təlimlər keçirilir.

  Sağlam ailədə sağlam uşağın böyüməsi məqsədilə Azərbaycanda qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər mühüm yer tutur. Yeniyetmə və gənclər arasında narkomanlığın zərərinin təbliği və bu barədə gənclərin maarifləndirilməsi işinə qeyri-hökumət təşkilatları cəlb edilir (Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Azərbaycan Psixiatriya Assosiasiyası, “Nur” Uşaq və Gənclərin İctimai Birliyi və digərləri).

  Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda öz peşəkar və ictimai fəaliyyəti ilə, yorulmaz əməyi, hər bir problemə dərin insani və həssas münasibətilə hamı üçün təkrarsız örnəkdir. Komitə tərəfindən artıq 6-cı ildir ki, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində “Azərbaycan ailəsi” adlı film festivalı keçirilir. Film festivalının əsas məqsədi kinematoqrafiyanın vasitəsilə Azərbaycan gənclərinin sağlam ruhda tərbiyələndirilməsi, ailə dəyərlərinin qorunub-saxlanılması və cəmiyyətdə mövcud olan problemlərin kinematoqrafiyanın köməyi ilə işıqlandırılmasıdır. Festivalda narkomaniyanın gətirdiyi faciəsindən bəhs edən filmlər də iştirak etmişdir.
  Narkomaniya ilə mübarizədə ailənin və həssas təbəqənin müdafiəsi məqsədilə bir neçə istiqamətlər üzrə ölkədə işlər davam etdirilir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yeni “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqrama əsasən narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi, şəhər və rayonlarda asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması, gənclər evlərinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, ailələrə və uşaqlara dəstək mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunması və digər tədbirlər nəzərdə tutulub.

  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlara və qadınlara narkotik prekursorların, vasitələrin satışının, istifadəsinin qarşısının alınması və asudə vaxtlarının yararlı keçirilməsi məqsədilə internet resursları vasitəsilə maarifləndirmə tədbirləri davam etdirilir. Komitə narkomaniyaya qarşı mübarizə tədbirlərinin “sağlam ailə-sağlam dövlət” maarifləndirmə kampaniyası çərçivəsində vacib tədbirləri həyata keçirir.

  Elektron formada maarifləndirci nəşriyyat vasitələrinin və sosial mövzuda videoların Komitənin veb səhifəsində (http://scfwca.gov.az/) və sosial şəbəkədə (https://www.facebook.com/AilQadinVUsaqProblemlriUzrDovltKomitsi?ref=hl) mütəmadi olaraq yerləşdirilməsi həyata keçirilir. Narkotik prekursorların, vasitələrin uşaqlara və qadınlara ziyanı haqqında məlumatlar Komitənin internet səhifələrində əks etdirilir.

  Komitənin veb səhifəsi və sosial şəbəkələrdə mütəmadi olaraq narkotik və psixotrop maddələrdən istifadə səbəbləri və onların qanunsuz dövriyyəsinin qarşısının alınması mövzusunda elektron sorğular və statistik nəticələrə əsasən analitik təhlillər aparılır.

  2013-2014-cü illər ərzində yalnız Komitənin veb və sosial şəbəkələri vasitəsilə uşaq və qadın hüquqlarının müdafiəsi, ailə siyasəti, sağlam həyat, narkomaniya və insan alveri ilə mübarizə, reproduktiv sağlamlıq sahələrində 300.000-dən çox əhali maarifləndirmə məlumatlarını almışdır.

  Bu gün narkomaniyadan və zorakılıqdan zərər çəkmiş uşaqlara yardımın edilməsi, reabilitasiyanın keçməsi və cəmiyyətə reinteqrasiyası əsas istiqamətlərdən biridir. Reabilitasiya prosesi özündə psixoloji, hüquqi, tibbi yardımı əks etdirir. Eyni zamanda, araşdırma nəticəsində müəyyən edilsə ki, zorakılıqdan zərər çəkmiş uşaqlar valideyn qayğısı ilə əhatə edilmirdi, onda bu valideynin vəzifələrini yerinə yetirməməsi təsdiqlənir. Həmin faktlar aşkar edilərsə valideyn hüquqlarından məhdudlaşdırma və ya məhrumetməyə gətirə bilər. Ancaq İnzibati Xətalar və Cinayət məcəllələrində valideyn məsuliyyətini əks edən müddəaları əlavə etsək, problemin həllindən çıxış yolunu tapa bilərik.

  Cəmiyyətdə sağlam ailə nümunəsinin təşviqini gücləndirmək məqsədilə maarifləndirmə işləri davam etdirilməlidir. Bu gün uşaqların narkomaniyadan yayınması məqsədilə valideyn məsuliyyətinin artırılması məsələsi gündəmə gəlib. Məktəblərdə, ümumiyyətlə bütün təhsil ocaqlarında narkomaniya ilə mübarizə məqsədilə xüsusi qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Yuxarıda əks olunan təkliflərin icrası ölkədə narkotiklərlə mübarizənin effektivliyini artıracaq.

Elgün Səfərov,
Hüquq elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Ailə, 
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri




Baxılıb: 5248