Gələcəyini qaraltmaq istəmirsənsə, narkotiklərdən əl çək!

  Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir.

  Respublikamızda bu qlobal problemin həlli istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi bir sıra proqramlar və həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 2009-cu il tarixli Qanunu ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətində yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasına rayonun hüquq mühafizə orqanlarının, Gənclər və İdman İdarəsinin, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin nümayəndələri daxil edilmişdir.

  Komissiya aidiyyatı dövlət orqanları ilə birlikdə narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərin təhlilini müzakirə olunması məqsədilə dəyirmi masalar keçirmiş, rayon Təhsil, Gənclər və İdman İdarələri ilə birgə narkomanlığı profilaktikası istiqamətində işin daha da gücləndirilməsi üçün Tədbirlər Planı hazırlayaraq təsdiq etmişdir.

  2014-cü ilin 10 ayı ərzində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Hacıqabul RPŞ-si tərəfindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı 37 cinayət faktı qeydə alınmışdır. Bunlardan 7 fakt narkotik vasitələrin qanunsuz satışı, 28 fakt narkotik vasitələrin qanunsuz saxlaması, 2 fakt narkotik vasitələrin kultivasiyası ilə bağlı olmuşdur. Ümumilikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1393,334 qram narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılmışdır. Bunlardan 9,197 qram çəkidə narkotik vasitə olan “heroin”, 14,590 qram çəkidə narkotik vasitə olan “tiryək”, 1369,547 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar olunaraq götürülmüşdür.
  “Xaş-xaş 2014-cü il şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərinin keçirilməsinə dair” Azərbaycan Respublikası DİN-nin 12.05.2014-cü il tarixli 010 nömrəli əmrin tələblərini rəhbər tutaraq, 11.06.2014-cü il tarixdə əməliyyat Tədbirlər planı tərtib edilmiş, şöbə rəisinin 16.06.2014-cü il tarixli 156 nömrəli əmri ilə bu istiqamətdə 3 qrupdan ibarət işçi qrupları yaradılmışdır. Əmrin icrası ilə əlaqədar Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısına, İnzibati Ərazi Dairəsinin nümayəndələrinə və bütün bələdiyyə sədrlərinə məktublar göndərilmişdir.

  Bu istiqamətdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 05.05.2014-cü il tarixdə Hacıqabul şəhəri M.Müşviq küçəsi ev 162-də yaşayan İbrahimov Babakişi Səfər oğlunun həyətyanı sahəsindən, xüsusi qaydada əkilib kultivasiya edilmiş 6 ədəd ümumi çəkisi 58,5 qram narkotik vasitə olan yaş “çətənə kolları” aşkar olunaraq götürülmüşdür. Bundan əlavə 03.09.2014-cü il tarixdə Hacıqabul rayonun Ağacanlı kəndinin ərazisindən keçən Kür çayının sahilində yerləşən meşə zolağından, Hacıqabul rayonun Ağacanlı kəndində yaşayan Quliyev Ramil Vaqif oğlu tərəfindən xüsusi qaydada əkilib kultivasiya edilmiş 19 ədəd ümumi çəkisi 9 kq 345 qram yaş “çətənə kolları” və həmin yerdən 1059,2 qram qurudulmuş “marixuana” aşkar olunaraq götürülmüşdür. Digər istiqamətdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonunun Abdulabad və Ağacanlı kəndlərinin ərazisindən keçən Kür çayının sahilində yerləşən meşə zolağında 2 fakt ümumi çəkisi 2 ton 812 kq yabanı halda bitmiş yaş “çətənə kolları” aşkar olunaraq götürülmüşdür. Götürülmüş 2 ton 812 kq “çətənə kolları” kütləvi informasiya vasitələrinin iştirakları ilə yerindəcə yandırılaraq məhv edilmişdir.

  Hacıqabul rayonu ərazisində narkotik bitkilərin kultivasiya olunmasının və yabanı halda bitməsinin qarşısını almaq məqsədi ilə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. 
Hacıqabul rayon Təhsil şöbəsi üzrə 2014-cü ildə rayonun təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə sahəsində bir çox işlər görmüşlər.

  Rayonun ümumtəhsil məktəblərində şagirdlərin tərbiyə işinə nəzarət rayon Təhsil şöbəsinin əsas fəaliyyət sahələrindən biridir. Hər il məktəblərin, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və sinif rəhbərlərinin Fəaliyyət planlarında narkomaniyaya qarşı mübarizə ilə bağlı ayrıca bölmələr salınmışdır.

  2014-cü ildə rayonun ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında narkomaniya ilə bağlı inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərinin pedaqoji şura iclaslarında, valideyn və sinif iclaslarında narkomaniyaya qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilmiş, V-XI siniflərinin sinif saatlarında sinif rəhbərləri tərəfindən bu mövzuda söhbətlər aparılmışdır. “Narkomaniya və onunla mübarizə”, “Zərərli vərdişlərə qarşı mübarizə hamımızın borcudur”, “QİÇS-dən və narkomaniyadan qorun!”, “Narkomaniya-ağ ölüm” mövzularında dəyirmi masalar, treninqlər keçirilmiş və şagirdlər bu istiqamətdə bir daha maarifləndirilmişdir. Rayonun şəhər 1, 2, 4 saylı tam orta məktəblərində “Narkomaniyaya qarşı mübarizə”, 3, 6, 7 saylı tam orta məktəblərində “Narkomaniya əsrin bəlasıdır”, şəhər 5, 8, 9 saylı tam orta məktəblərində “Narkomaniyaya Yox deyək”, eləcə də rayonun Qarasu kənd, Muğan, Padar, Pirsaat qəsəbə, Rəncbər və Atbulaq və digər kənd məktəblərində Narkomaniyaya qarşı mübarizə” adı altında dəyirmi masalar keçirilmişdir.

  Məktəb rəhbərləri və sinif rəhbərləri tərəfindən narkomaniyaya meylli ailələrdən olan şagirdlərin siyahısı tərtib olunmuş, onlarla müntəzəm söhbətlər aparılmış və qabaqcıl şagirdlərdən ibarət nəzarət qrupları yaradılmışdır.
Uşaq yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Narkomaniyaya Yox deyək” devizi altında rəsm müsabiqəsi və “Narkomaniya gələcəyimizin məhvi deməkdir.” mövzusunda rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının birgə iştirakı ilə dəyirmi masalar keçirilmişdir.

  Bundan əlavə, Təhsil şöbəsinin rayon Gənclər və İdman İdarəsi ilə birgə tədbirlər planına müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində “Sağlam həyat tərzi və idman”, “Özünü QİÇS-dən xilas et” devizi altında müxtəlif səpkili tədbirlər həyata keçirilmiş və IX-XI sinif şagirdləri arasında sosioloji sorğu aparılmışdır. Bundan əlavə rayon Təhsil şöbəsinin rayon Gənclər və İdman İdarəsinin birgə fəaliyyət planına əsasən şəhərin bütün ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Sağlam gənclik - sağlam gələcək” devizi altında müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir.

  Hacıqabul rayon Gənclər və İdman İdarəsində 2014-cü ilin 10 ayı ərzində narkomaniyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər həyata keçirmişdir.
22 yanvar 2014-cü il tarixində idarə və təşkilatlarda çalışan gənclərin iştirakı ilə “Sağlam gənclik - sağlam gələcək” mövzusunda təlim kurs keçirilmişdir. Təlim kursda 65 nəfər gənc iştirak etmişdir. Təlim kursda yeniyetmə və gənclərin sağlamlığından, onların pis vərdişlərdən uzaq olmamalarından geniş söz açılmışdır.

  07 fevral 2014-cü il tarixində rayon Mədəniyyət evində 256 nəfər yeniyetmə və gənclərin iştirakı ilə “Region Gənclərinin Sağlamlıq Forumu” keçirilmişdir.
15 may 2014-cü il tarixində Uşaq və Ailələrə Dəstək Mərkəzində “Sağlam Ailə Sağlam Gələcəyin Təməlidir” mövzusunda gənc ailələrnən görüş təşkil olunmuşdur. 
  06-09 oktyabr 2014-cü il tarixində ümumtəhsil tam orta məktəblərinin şagirdləri arasında “Narkomaniyaya Yox deyək” devizi altında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 27 nəfər şagird qatılmışdır.

  Hacıqabul rayon Mədəniyyət müəssisələrində gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətini narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədi ilə Navahı kənd Mədəniyyət evində “Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya”, Atbulaq kənd Mədəniyyət evində “Antinarkotizm”, “narkomaniya nədir”, Rəncbər kənd Mədəniyyət evində “Narkomanın aqibəti”, “Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur”, Cəngən kənd Mədəniyyət evində “Özünü qoru”, “Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir”, Meyniman kənd Mədəniyyət evində “Gənclər sağlam həyat tərzi seçir”, Qubalıbalaoğlan kənd klubunda “Ağ ölümə yox deyək”, “Kabuslara qarşı”, Qarasu kənd klubunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, Padar və Muğan qəsəbə klublarında “Narkomanlığa və QİÇS-sə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”, “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə”, “Gənclər və yeniyetmələr arasında narkomaniyanın törətdiyi fəsadlar” mövzularında məruzə və mühazirələr oxunub, söhbətlər, dəyirmi masalar, seminarlar keçirilmişdir.

  2014-cü ilin 10 ayı ərzində Hacıqabul rayonun Mərkəzi Xəstəxanasında 206 nəfər şəxs (onlardan 2 nəfər qadın, 1 nəfər şəxs yetkinlik yaşına çatmayan olmaqla) narkoman kimi dispanser qeydiyyatından. 64 nəfər şəxs isə (onlardan 4 nəfər qadın olmaqla) profilaktik qeydiyyata götürülmüşdür.

  2014-cü ildə narkotik vasitələrin məhv olunması ilə əlaqədar olaraq rayon Prokurorluğunda fəaliyyət göstərən narkotik vasitələrin məhv etmə Komissiyası tərəfindən Məhkəmə qərarlarının icrası ilə əlaqədar olaraq 32 ədəd çətənə kolu, 997.98 qram çəkidə narkotik vasitə olan marixuana, 387,217 qram narkotik vasitə olan heroin və 1.167 qram narkotik vasitə olan həşiş məhv edilmişdir. 
  Narkomaniya ilə mübarizə işlərinə nəzarət rayon rəhbərliyinin də diqqətində olmuşdur. Belə ki, İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclaslarında sözügedən məsələ dəfələrlə müzakirə olunmuş və bu sahədə işlərin daha da gücləndirilməsi barədə qərarlar qəbul olunmuşdur.

 

S.H.ASLANOV,
Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının birinci
müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 938