Genefondumuzun qorunması istiqamətində rasional addımlar atılacaqdır.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinin icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.

  Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarətdir.

  Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkotik vasitələrin qanunsuz döviriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, əhali arasında maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir. 
  Belə ki, Dövlət Komissiyasının İşçi Qrupunda ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri hesabatlar əsasında “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün” Ölkə Məruzəsi Azərbaycan və İngilis dillərində hazırlanmışdır. Həmin sənəddə həyata keçirilən tədbirlər, onların nəticələri, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statiskası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, həmçinin müsadirə olunmuş narkotiklərin məhvi prosesinə aid tədbirlər, Dövlət Komissiyasının təşkilatçılığı və iştirakı ilə həyata keçirilən maarifləndirmə tədbirləri, Beynəlxalq Təşkilatlarla aparılan iş və keçirilən görüşləri əks etdirən foto materiallar əlavə olunmuşdur.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə, həmçinin 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının işçi qrupu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və digər aidiyyəti orqanlar ilə birgə, 2014-cü il iyunun 24-də dənizkənarı bulvar ərazisində “Narkomaniyadan özümüzü qoruyaq” adlı aksiya keçirmişdir. Tədbirdə İşçi qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları və üzəri yazılmış köynəklər tədbir iştirakçılarına və ictimaiyyətə paylanılmışdır.

  Bundan əlavə, Dövlət Komissiyasının sədrinin müvafiq tağşırığına əsasən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə və “26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Dövlət Komissiyasının işçi qrupu və Gənclər İdman Nazirliyi tərəfindən hazırlanmış 1 dəqiqəlik video rolik 3 gün ərzində (24, 25, 26 iyun) Bakı şəhərinin mərkəzi küçələrində yerləşən reklam tablolarında və Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında işiqlandırılmışdır. Eyni zamanda narkomanlığın zərəri barədə əhalinin məlumatlandırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo 26 iyun tarixdə intellektual VMS məlumat məntəqələrinin 14 yerləşmə löhvəsində nümayiş olunmuşdur.
  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyası İşçi Qrupu tərəfindən pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar hazırlanaraq paylanılmışdır.

  Görülmüş işlərin davamı olaraq, Dövlət Komissiyası Sədrinin müvafiq tapşırığına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə mütəmadi olaraq əhalini məlumatlandırmaq məqsədi ilə dövrü mətbuatda rubrika açılmış və aidiyyəti təşkilatlar tərəfindən təqdim edilən materiallar dərc edilmişdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin və digər Beynəlxalq Təşkilatların tövsiyələri əsasında məlumat-təbliğat yönümlü “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası hazırlamış və kütləvi tirajla yayılmışdır.

  2014-cü il ərzində Dövlət Komissiyası İşçi Qrupunda Beynəlxalq təşkilatların nümayəndələri ilə görüş keçirilmişdir.

  Mayın 5-də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Ofisi, Konteynerlərə Nəzarət Proqramının Regional Koordinatoru cənab Batır Geldiyevlə Dövlət Komissiyasının işçi qrupunda görüş keçirilmişdir. Görüşdə Bakı və Astara Bərə limanlarında konteyner daşınmaları zamanı qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin aşkarlanması, Konteynerlərə Nəzarət Proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinə müasir texniki avadanlıqların verilməsi və sair məsələlər ətrafında söhbət aparılmışdır.

  2014-cü ildə Dövlət Komissiyası İşçi Qrupu əməkdaşları BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin və digər beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak etmişdilər.

  5-6 mart tarixlərində Lissabon şəhərində Avropa Monitorinq Mərkəzi və Şərq Tərəfdaşlığı ölkələri arasında Layihə Proqramının “Reitox” proqramı çərçivəsində başlanğıc görüş keçirilmişdir. Proqramın əsas məqsədi milli əlaqələndiricilərin daha da təkmilləşdirilməsi, Avropada narkomaniyanın yayılmasının qarşısını almaq üsulları və digər metodiki vəsaitlərin mükəmməl şəkildə mənimsəmələrini əhatə etmişdir.

  17-21 mart tarixlərində Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının (NVK) növbəti 57-ci sessiyası keçirilmişdir. Sessiyada BMT-nin Baş Assambleyasının 2009-cu ildə keçirilən 64-cü sessiyası çərçivəsində qəbul edilən “Qlobal narkotiklər probleminə qarşı mübarizədə birləşmiş və balanslı strategiyaya doğru Beynəlxalq Əməkdaşlığa dair Siyasi Bəyannamə və Fəaliyyət Planı” adlı sənədin BMT-yə üzv olan dövlətlər tərəfindən icrasının vəziyyəti nəzərdən keçirilmişdir.

  Çexiya Respublikasının Praqa şəhərində 2014-cü il 8-12 sentyabr tarixlərdə Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) Karl Universiteti ilə birgə “Narkotiklərin monitorinqində yeni üsulların tətbiq edilməsi” adlı təlim keçirilmişdir.
24-25 noyabr 2014-cü il tarixdə Portuqaliya Respublikasının Lissabon şəhərində Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) tərəfindən təşkil olunmuş “Milli əlaqələndiricilərin 3-cü toplantısı” adlı tədbir keçirilmişdir.

  Həmçinin, Dövlət Komissiyasının İşçi Qrupu ötən il ərzində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birgə narkomanlığın profilaktikası istiqamətində Bakı şəhərinin Yasamal, Xətai, Səbail, Qaradağ, Sabunçu, Pirallahı və Nərimanov rayonlarında, o cümlədən respublikanın Abşeron, Ağsu, Hacıqabul, Masallı rayonlarında “Region gənclərinin 1-ci Sağlamlıq Forumu”, “Narkotiksiz Dünya Quraq”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox dəyək” və sair mövzularda tədbirlər və geniş tərkibdə seminar-müşavirələr keçirilmişdir.

  03-07 mart 2014-cü il tarixdə Dövlət Komissiyasının işçi qrupunun və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə respublikanın Xaçmaz, Siyəzən və Şabran rayonlarında “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının rolunun artırılması” mövzusunda konfrans keçirilmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar narkomanlığın yayılmasına qarşı mübarizə, həmçinin narkomanların reabilitasiyası sahəsində fəaliyyət göstərən orqanların əməkdaşlarının peşəkarlığının artırılması və təcrübə mübadiləsi məqsədi ilə Dövlət Komissiyasının işçi qrupu Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ilə birgə 2014-cü ilin 29-30 sentyabr tarixlərində təlim kursları keçirmişdir.

  Bununla yanaşı, İşçi Qrupu əməkdaşları Dövlət Proqramında (2013/2018-ci illər) və İş planında nəzərdə tutulan vəzifələrin icrası, mövcud vəziyyətin öyrənilməsi və əməli köməkliklər göstərilməsi ilə bağlı Şirvan, Salyan, Cəlilabad, Lənkəran, Astara, Goranboy, Yevlax, Şəmkir, Mingəçevir şəhər və rayonlarına ezam olunmuşdur.

  Eyni zamanda Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytı və bəzi sosial şəbəkələr vasitəsilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və şəhər/rayon komissiyalarının həyata keçirdikləri tədbirlər mütəmadi olaraq internet saytında foto və video materiallarla işıqlandırılmışdır.

  Dövlət Komissiyası bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsini, aidiyyəti orqanların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, Dövlət Proqramının icrasını daim ciddi nəzarətdə saxlayır. Həyata keçirilən tədbirlərin səmərəliliyi qarşıya qoyulan barışmaz mübarizə xəttinin aparılmasına mühüm töhfələr verməkdədir. Ümidvarıq ki, Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da rasional addımlar atılacaqdır.

Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri




Baxılıb: 1065