Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

  Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

  Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.

  Aydın məsələdir ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesabalamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.

  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Bir Azərbaycan vətəndaşı olaraq müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Azərbaycan müstəqil bir dövlət kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Təbii ki, bu xatırlatmamız səbəbsiz deyil. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. Qeyd etidyimiz kimi, narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb edən prosesdir. Ölkənin maliyyə imkanlarının artırılması üçün isə təbii ki, iqtisadi qüdrət artırılmalıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün əsasını qoyduğu neft strategiyası bu gün də uğurlarımızın davamlılığına zəmin yaradır. Azərbaycan çox qısa zamanda iqtisadi qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı daha da artdı. Bir əsas məqam da hər zaman önə çəkilir ki, ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi mütləqdir. Bunun üçün ayrı-ayrı sahələr üzrə Dövlət Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur.

  Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir.

  İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar.

  Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan rayonların hər birində narkomanlığın cəmiyyətə zərərinə dair keçirilən silsilə tədbirlərdə də əsas məqsəd maarifləndirmə işinin səviyyəsini yüksəltməkdir. Həmçinin asudə vaxtın səmərəliliyi üçün müxtəlif məşğələlər təşkil edilir, “Narkomaniyaya “yox” adlı aksiyalar, elmi-praktiki konfranslar keçirilir, tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular daxil edilir, kütləvi idman tədbirlərinin keçirilməsi üçün müvafiq şərait yaradılır, əyani təbliğat vasitələrindən istifadə olunur. Təbii ki, bu kimi tədbirlərin təşkilində Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Bakı şəhər Baş Səhiyyə İdarəsinin və Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin rolunu xüsusi qeyd etmək lazımdır. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir. Keçirilən tədbirlər üçün seçilən mövzular da olduqca önəmlidir. Çağırış xarakterli mövzular narkomaniyanın bir bəla olduğunu gənclərə daha əsaslı şəkildə çatdırmağa stimul verir. Ən əsası bu tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmaqla əhəmiyyətini daha da artırmış olur. Hər bir tədbirdə adları çəkilən qurumların təmsilçilərinin iştirakı, üzərilərinə düşən vəzifələrdən geniş bəhs etmələri və konkret nəticələri ortaya qoymaları növbəti tədbirlərin istiqamətini və əhatə dairəsini daha da genişləndirməyi bir növ tələbə çevirir. “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizi altında təşkil olunan tədbirlər maarifləndirmə işinin yüksək səviyyədə qurulmasına öz müsbət təsirini göstərir. Məktəblilər arasında bu mövzularda keçirilən inşa müsabiqələrində qaliblərin mükafatlandırılması da maarifləndirmə işinin öz müsbət təsirini göstərir. Yuxarıda adlarını çəkdiyim qurumlar öz tədbirlər planlarının tərkib hissəsini genişləndirməklə qarşıya qoyulan məqsədə lazımi səviyyədə nail olurlar.

  Rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə və Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların ləğvi üzrə Rayon Komissiyaları dövlət başçısı İlham Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ((2007-2012-ci illər)”, eyni zamanda bu sənədin davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərir və atılan addımlar davamlı xarakter daşıyır. Təbii ki, yeni Proqramın icrasında da məqsəd ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi təhlükə olan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsidir. Qeyd etdiyimiz kimi, bu mübarizə Azərbaycan Respublikası Cinayət Məcəlləsində də öz əksini tapıb. Sənəddə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi cinayətlərə aid edilmiş, bu cür neqativ hallara qarşı mübarizəni əhatə edən hüquqi baza, tədbirlər planı təkmilləşdirilmişdir. Bir əsas məqam da hər zaman önə çəkilir ki, Azərbaycan “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT Konvensiyasına qoşulduqdan sonra üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Bu gün torpaqlarımızın 20 faizdən çoxunun işğal altında olması narkomanlıqla mübarizədə bəzi çətinliklər törədir. İşğal altında olan Azərbaycan ərazilərində - Dağlıq Qarabağda və ona bitişik bölgələrdə narkotiklərin yetişdirilməsi və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır. Bu fakt işğal altında olan torpaqlarımızın nəzarətsiz zona olduğunu təsdiqləməklə yanaşı, Ermənistanın terroru dəstəkləyən, terror təşkilatlarının fəaliyyətinə geniş meydan açan ölkə olduğuna işıq salır. Təsdiqlənmiş faktdır ki, Ermənistan ordusunun zabitləri işğal altında olan Azərbaycan torpaqlarında yetişdirdikləri narkotik maddələrin transferi nəticəsində maddi vəziyyətlərini yaxşılaşdırırlar. Dövlət başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu bəyan etmişdir. Azərbaycan dövlətinin uğurlu siyasəti Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllini tapacağına inamı artırır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin dayanıqlı inkişafı bu və ya digər problemlərin həllini təmin edəcək. Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalinin məlumatlandırılması istiqamətində aparılan təbliğat işlərinin gücləndirilməsində də məqsəd beynəlxalq səviyyədə həyata keçirilən narkomanlığa qarşı mübarizədə Azərbaycanın fəallığını təmin etməkdir. Hüquq mühafizə, gömrük orqanlarının bu sahədə apardıqları mübarizə tədbirləri nəticəsində ölkəyə qeyri-qanuni, qaçaqmalçılıq yolları ilə gətirilən xeyli miqdarda narkotik maddələrin müsadirə olunaraq zərəsizləşdirilməsi istiqamətində mübarizə tədbirləri davamlı olaraq diqqətdə saxlanılır. Bir sözlə, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

 

Böyükağa Mirhəşimov,
Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar
məsələlər şöbəsinin baş məsləhətçisi, Bakı Şəhər İcra Hakimiyyətində
Narkomaniyaya Qarşı Mübarizə Komissiyasının katibi




Baxılıb: 35910