Narkomaniya bəşəriyyəti düşündürən ən böyük problemdir

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı bildiririk ki, sözügedən Proqram qəbul edildikdən sonra Təhsil Nazirliyinin 12.08.2013-cü il tarixli 767 nömrəli əmri ilə nazirlik üzrə müvafiq Tədbirlər Planı təsdiq edilmişdir.

  Həmin əmrə əsasən Dövlət Proqramının icrası istiqamətində Nazirliyin struktur bölmələrində, yerli təhsil orqanlarında və təhsil müəssisələrində cari ilin 5 ayı ərzində müvafiq işlər davam etdirilmiş, o cümlədən narkomanlıqla bağlı yaranmış real vəziyyəti nəzərə almaqla inzibati ərazilərdə narkomaniyaya qarşı mübarizə, anti-narkotik tərbiyə, təbliğat və maarifləndirmə işləri genişləndirilmişdir. Bu məqsədlə şagird və tələbələr arasında birgə müsabiqələr, görüşlər və oyunlar təşkil edilmişdir. Sərhəd məntəqələrinə şagirdlərin ekskursiyaları təşkil olunmuş, burada qaçaqmalçılıq, xüsusilə narkotiklərin ziyanı barədə uşaq və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumatlar verilmişdir.

  Qanun pozuntularına meyilli olan yetkinlik yaşına çatmayanların yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və bələdiyyələr, polis orqanları, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, onların narkomaniya ilə bağlı profilaktiki tədbirlərlə əhatə olunması məqsədilə təhsil müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. Yerlərdə, xüsusən polis idarələrinin yetkinlik yaşına çatmayanlarla iş üzrə müvəkkilləri ilə daim əlaqədə olmağın, tibb işçiləri ilə birlikdə mütəmadi olaraq pedaqoji kollektivlərin görüşlərini təşkil etməyin zəruriliyi xüsusi qeyd olunmuşdur.

  Təhsil müəssisələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iştirak edən dövlət və qeyri-dövlət təşkilatlarının maddi-texniki bazasının möhkənləndirilməsinə yönəlmiş həmin qurumların təşkil etdiyi tədbirlərdə fəal iştirak etmişlər. Qeyd olunan tədbirlərdə təhsil işçiləri təşkilati, mənəvi və maddi köməkliklərini əsirgəməmişlər.

  Təhsil müəssisələrində “Narkomaniya əsrin bəlasıdır”, “Narkotiklərə yox deyək”, “Siqaretə yox deyək”, “Gənclər sağlam həyat tərzini seçirlər”, “Narkotiksiz Azərbaycan” mövzuları üzrə toplantılar, görüşlər, müzakirələr keçirilmiş və bu istiqamətində müvafiq işlər davam etdirilir.

  Təhsil nazirinin xüsusi göstərişi ilə hər il ənənəvi olaraq Bakı Şəhəri Müəllimləri Təkmilləşdirmə İnstitutunda “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilir. 
  Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bütün ali məktəblərin tərbiyə işləri üzrə prorektorların, kollec və orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, məktəbdənkənar müəssisələrin direktorları iştirak edirlər. Konfransda narkomaniya ilə mübarizə bəşəriyyəti düşündürən ən vacib problemlərdən biri kimi qiymətləndirilmişdir. Bu tədbirlərin ən vacib əhəmiyyəti də ondan ibarət olur ki, konfrans iştirakçıları narkomaniyanın profilaktikası ilə praktik məşğul olan müəllim və təhsil işçiləridirlər.

  Görüşlərdə problemin aradan qaldırılması yollarından biri kimi gənclərin asudə vaxtlarının təşkilinə ciddi diqqət yetirilməsi vurğulanır. Məktəbdənkənar müəssisələrə uşaq və gənclərin daha çox cəlb olunması, xüsusilə idman məktəblərində müxtəlif bölmələrin sayının artırılması, sağlam həyat tərzinin təbliğinə və digər zərərli vərdişlərdən xilas olmaq üçün müxtəlif elmi-kütləvi tədbirlərdə daha çox təhsil ictimaiyyətinin iştirakı prioritet istiqamətlər olaraq qəbul edilir.

  Təhsil Nazirliyi tərəfindən müxtəlif beynəlxalq humanitar təşkilatların maddi və təşkilati dəstəyi ilə uşaq və gənclərimizə sağlam həyat tərzinin aşılanması istiqamətində müxtəlif layihələr həyata keçirilməkdədir. Bu təşkilatların texniki dəstəyi ilə müxtəlif dərs vəsaitləri, xüsusi kurrikulumlar hazırlanmış və ümumtəhsil məktəblərində, məktəbdənkənar təhsil müəssisələrində kurslar tədris olunmuşdur.

  Dövlət Proqramının Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə təhsil, gənclər və əmək təşkilatlarının əməkdaşları və valideynlər üçün Təhsil Problemləri İnstitutu tərəfindən “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsait və “Narkomaniyaya qarşı mübarizədə məktəb psixoloqlarının rolu” adlı metodik tövsiyələr hazırlanmışdır. Narkomanlığın zərəri barədə metodik-tədris vəsaitlərinin hazırlanması və elmi-tədqiqat işlərinin genişləndirilməsi istiqamətində qeyd olunan institut tərəfindən məqsədyönlü işlər davam etdirilir.

  Bir neçə ildir ki, BMT-nin Qlobal Fondunun maliyyə və YUNİSEF-in texniki dəstəyi ilə ümumtəhsil məktəblərinin I-XI siniflərində fakültativ məşğələlər üçün nəzərdə tutulmuş saatlar hesabına həftədə 1 saat olmaqla “Həyati bacarıqlara əsaslanan təhsil” adlı fakültativ kurs tədris olunur. Həmin kursun dərs vəsaitinə hər sinif üzrə narkomaniyanın zərəri, sağlam həyat tərzi, zərərli vərdişlər və s. barədə mövzular daxil edilmişdir. Qeyd olunan fakültativ kurs respublikanın bütün tam orta məktəblərini əhatə edir. 
“Həyati bacarıqlara əsaslanan təhsil” fakültativ kursun tədrisi vəziyyətini təhlil etmək üçün mütəmadi monitorinqlər aparılır. Nəticədə bölgələrdə ümumi vəziyyətin qənaətbəxş olduğu müəyyən olunmuşdur.

  2012-ci ilin aprel ayında Bakı şəhərində akademik Zərifə Əliyeva adına liseydə Təhsil və Səhiyyə nazirlikləri arasında maarifləndirmənin gücləndirilməsi istiqamətində imzalanmış memoranduma əsasən Bakı şəhərinin bütün tam orta məktəblərində öyrədici müşavirə-seminarlar təşkil olunmaqdadır. Bu işləri Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi və Təhsil Nazirliyinin Tərbiyə və məktə bdənkənar müəssisələrlə iş şöbəsi birgə həyata keçirirlər.

  Cari ildən etibarən bu kampaniyaya Bakı şəhərində yerləşən internat məktəblərinin qoşulması məqsədəuyğun hesab edilmişdir. Belə ki, 30 yanvar 2014-cü il tarixdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində praktik konfrans təşkil olunmuşdur.

  BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən cari ilin 13-14 mart tarixlərində Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının (NVK) 57-ci sessiyasının yüksək səviyyəli seqmenti və 17-21 mart tarixlərində komissiyanın növbəti sessiyası keçirilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetindən Təhsil Nazirliyinə verilmiş müvafiq göstərişə əsasən, Narkotik Vasitələr üzrə Komissiyanın yüksək səviyyəli seqmenti çərçivəsində, cari ilin 12 mart tarixində keçirilmiş Gənclər Forumunun işində Azərbaycan uşaqlarının iştirakları üçün Nazirlikdə seçim həyata keçirilmiş və Azərbaycan Dövlət Neft Akademiyasının Qaz-neft mədən fakültəsinin 2-ci kurs tələbəsi Babazadə Salman Məhəmməd oğlunun və Bakı şəhəri 189 nömrəli tam orta məktəbin şagirdi Məmmədova Afət Samir qızının iştirakları təmin edilmişdir. Qeyd olunan hər iki namizədin ezamiyyə xərcləri Təhsil Nazirliyi tərəfindən ödənilmişdir.

  26 iyun BMT-nin “Ümumdünya narkotiklər əleyhinə mübarizə günü” ilə əlaqədar Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə elmi-praktik konfransın keçirililməsi planlaşdırır. Bu istiqamətdə müvafiq təşkilati işlər yekunlaşmaq üzrədir.
Təhsil Nazirliyinin dəstəyi ilə “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyi tərəfindən Bakı şəhərinin Maştağa qəsəbəsi, Şirvan şəhəri, Salyan, Hacıqabul və Neftçala rayonlarında III-IX sinif şagirdləri arasında “Zərərli vərdişlər əleyhinə” rəsm müsabiqəsi keçirilmişdir. Hazırda “Təhsilin İnkişafı Naminə Fəaliyyət” İctimai Birliyi ilə birgə Şamaxı, Ağsu, Hacıqabul rayonları və Şirvan şəhərində “Məktəblilər arasında zərərli vərdişlər əleyhinə iş aparmaq” adlı layihə həyata keçirilir. 26 iyun BMT-nin “Ümumdünya narkotiklər əleyhinə mübarizə günü” ərəfəsində “Narkotiklərə Qarşı Milli Təbliğat” İctimai Birliyinin Bakı şəhəri məktəbliləri arasında “Mən narkomaniyanı belə görürəm” mövzusunda uşaq rəsmləri və şüarlarından ibarət müsabiqənin keçirilməsi ilə bağlı müvafiq işlər görülür.
Dövlət Proqramının icrası istiqamətində fəaliyyət davam etdirilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi




Baxılıb: 1002