Narkomaniya asılılığın ən ağır növüdür

  Yeniyetmələrin narkomaniya xəstəliyinə düçar olması hazırkı dövrün ən aktual məsələsidir, birincisi, ona görə ki, narkotiklərdən ilk istifadənin əksər halları məhz bu yaş dövründə baş verir (narkomaniya xəstəliyinin 70% yaxın halları), ikincisi isə, narkotik vasitələrin təsiri (uzun müddətə narkotiklərlə zəhərlənmə) inkişafda olan orqanizmə məhvedici təsir göstərir. Rəsmi statistikaya əsasən 2013-cü il üçün -narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında 1324 nəfər, onlardan 20 nəfəri qadındır. 25-29 yaş arasında olan şəxslər 3850 nəfər, onlardan 43 nəfəri isə qadın təşkil etdiyi halda, 2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfər təşkil edir.

  2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.
  Göstərilən məlumatlar xüsusi ilə yeniyetmə və gənclərin valideynləri üçün mühümdür. Narkomaniya asılılığın ən ağır növüdür. Bu gün bir çox valideynlər belə hesab edirlər ki, övladlarının xoşbəxt olması üçün onları maddi cəhətdən təmin etmək, eləcə də onun həyatından istisnasız olaraq bütün çətinlikləri çıxarmaq lazımdır. Lakin uşağı ilk növbədə tərbiyə etmək, ona diqqət ayırmaq, onun şəxsiyyətinə səmimi maraq göstərmək, onun həyatında iştirak etmək lazımdır. Yeniyetmələrin nümayişkaranə şəkildə müstəqilliyə can atmaları, böyüklərin himayəsindən qurtulmaq istiqamətində daimi istəklər tez-tez böyüklərlə münasibətdə ciddi fikir ayrılıqlarının yaranmasına gətirib çıxarır, etiraz reaksiyasına səbəb olur. Yeniyetmələrə xas olan bəzi ümumi psixoloji xasiyyət cizgiləri də böyük əhəmiyyət kəsb edir: həzz almağa cəhd, etiraz reaksiyasının asanlıqla yaranması, dəstə şəklində fəaliyyət göstərməyə meyillik, əhvaldakı bəzi qeyri-stabillik. Narkomaniyanın erkən profilaktikasında uşağın mikrososial mühitinin sağlamlaşdırılması üzrə valideynlərlə aparılan iş həlledici əhəmiyyətə malik olur.

  Təəssüflə qeyd etmək lazımdır ki, narkotiklərdən asılılıqla təkcə “küçə uşaqları” deyil, həm də ilk baxışdan ideal, müvəffəqiyyətli valideynlərin uşaqları da rastlaşırlar. Tez-tez məhz xaricdən müvəffəqiyyətli görünən ailələrdə uşaq özünü tənha, diqqətdən kənarda qalmış və ya əksinə - diqqətdən ərköyünləşmiş hiss edir. Nəticə olaraq da o - xilas və sevinci narkotiklərdə axtarır, dərk etmir ki, müvəqqəti həzzin əvəzini təkcə pulla deyil, həm də müstəqilliyinin itirilməsi və hətta həyatı bahasına ödəyir. Qeyd etmək lazımdır ki, uşaq üçün ilk nümunə onun valideynləridir. Tez-tez normal ailələr leqal narkotiklərdən - alkoqol, nikotin istifadə etməklə narkotikləşməyə öz töhfələrini verirlər. Belə olan hallarda uşağın masasının üzərində olan alkoqollu içkilər möhkəm şəkildə evdəki bayram, şadyanalıq atmosferi ilə əlaqələndirilir. Onlarla tanışlıq cəlbedici olur, çünki ataya, onun dostlarına - belə güclü, kişi olan böyüklərə oxşamağa kömək edir. Alkoqolun ilk dəfə sınaqdan çıxarılması belə baş verir. Əlbəttə, heç də mütləq deyil ki, bu qaçılmaz olaraq narkotik asılılığının formalaşmasına gətirib çıxaracaq. Sosioloji rəy sorğularının nəticələrinə əsasən müvəffəqiyyətli ailələrdən olan yetkinlik yaşına çatmayan narkomanların 82%-i öz narkogen “karyeralarına” böyüklərin məclislərini dəstəkləməklə ev şənliklərindən başlamışdırlar.

  Qadınlar kişilərə nisbətən daha az narkomaniya xəstəliyinə düçar olurlar. Rəsmi statistikaya əsasən Azərbaycanda narkomaniya xəstəliyinə düşar olmuş qadınların sayı kişilərə nisbətən dəfələrlə az olsada (2013 - qadınların ümumi sayı 539 nəfər, 2014 - qadınların ümumi sayı 554 nəfər), lakin onların sayı ildən ilə artır və təəssüflə qeyd etmək lazımdır ki, onların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir (2013-cü ildə - 393 nəfər, 2014-cü ildə - 409 nəfər). Qadın narkomaniyasının xüsusiyyəti ondan ibarətdir ki, qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərdən istifadəyə kişilərdə olduğundan 10-15 dəfə daha tez sürətlə qurşanırlar. Buna görə də qadınlarda belə bir xəstəliyin aşkar edilməsinin hər bir halı ciddi həyəcana səbəb olmalıdır, belə ki, burada söhbət təkcə qadının özünün xəstəliyindən deyil, həm də onun uşaqlarının da həyat və sağlamlıqlarına olan təhlükədən gedir. Narkomaniya xəstəsi olan qadınlarda hamiləlik və doğuş zamanı tez-tez kəskinləşmələr yaranır (qanaxmalar, vaxtından əvvəl doğuşlar, ölü uşağın dünyaya gəlməsi), yeni doğulan körpələr arasında erkən ölüm halları da nadir hadisə deyil.

  Qadınların narkotiklərə aludə olmasında kişilərin rolunu ayrıca qeyd etmək lazımdır. Bu “müəllimlər” adətən öz “tələbələrindən” yaşda böyük olurlar. Nisbətən daha az səviyyədə müstəqil olan qadınlar adətən öz “narkomaniya təcrübələrinin” əvvəlində ilk narkotiklərini kişilərdən alırlar. Qadınlarda narkotik asılılığının yaranmasına təkan verən premorbid amillər arasında aşağıdakılar fərqləndirilir: dost və tanışlar arasında narkomanların olması, narkomanlarla ünsiyyət, narkotiklərin əlçatan olması, erkən siqaret çəkmə və alkoqol istifadəsinin sınaqdan çıxarılması, antisosial davranış, təhlükəyə meyillilik, cinsi həyata erkən başlama, rabitəsiz cinsi əlaqələrə meyllilik, düşmənçilik, impulsivlik, zəiflik, özünüqiymətləndirmənin aşağı olması. Belə problemləri olan qadınlar müvafiq “təhlükə qrupuna” daxildirlər, lakin ehtimalın reallığa çevrilməsi üçün digər amillərin də mövcud olması lazımdır. Qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq nisbətən daha tez formalaşır (narkotiklərə istifadə başladıqdan sonra asılılığın formalaşmasının ortalama müddəti - 2 ay). 
  Narkomaniyaya düşar olmuş insanları normal həyata və cəmiyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı təsdiq edilmişdir. 2 Proqram tam icra olunub.

  2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair növbəti 5 illik 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.2.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 2014-cü il 13.09 tarixli 276 nömrəli qərarı ilə Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram təsdiq edilmişdir. Proqramın məqsədi narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin kompleks müalicə-reabilitasiya və resosializasiya tədbirlərinə cəlb edilməklə, narkotik vasitələrə və psixotrop maddələrə olan tələbatın azaldılması; proqram çərçivəsində narkotik istifadəçilərinin aşkar edilməsi və proqramlara cəlb edilməsi sisteminin yaradılması; narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proseslərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi; narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların potensialının gücləndirilməsi; narkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi; əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işinin gücləndirilməsi; kompleks reabilitasiya kursunu müvəffəqiyyətlə başa çatdırmış narkotik istifadəçilərinin resosializasiya və postreabilitasiya sosial patronajlıq sisteminin təşkilidir.

  Narkomaniyanın ilkin profilaktikası və antinarkotik təbliğatın həyata keçirilməsi məqsədi ilə bu problemin müxtəlif aspektlərini işıqlandıran “Narkotiklər barəsində həqiqəti bilin” adlı yaddaş jurnalı və “Alkoqolizm” və “Psixoaktiv maddələrdən asılılıq” adlı bukletlər hazırlanıb Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bütün şəhər və rayonlar üzrə şöbələrinə, Bakı şəhəri rayon polis idarələrinə göndərilmişdir.

  Narkomanlıq meyillərinin ilkin profilaktikası üçün təhsil müəssisələrdə seçmə yolla ardıcıl profilaktik baxış keçirmək lazımdır. Profilaktik baxışın məqsədi narkotik maddələrdən asılılığa düçar olan gənclərin mümkün qədər erkən müəyyən olunması və davranışlarının tənzimlənməsi üzrə konkret tədbirlərin işlənib hazırlanmasıdır. Antinarkotik təbliğat üzrə tədbirlər ilk növbədə “risk qrupu”na daxil olan yeniyetmələr, xüsusilə narkotik maddələrin qeyri-tibbi istifadəsi haqqında ən azı bir dəfə məlumatı olan və ya davranışında asosial meyillər müşahidə edilənlər arasında aparılmalıdır. Narkotik vasitələrin insan orqanizminə məhvedici təsirini, narkotik vasitələrdən istifadənin sosial nəticələri, erkən müalicənin labüdlüyü və mümkünlüyü, həmçinin narkomaniya probleminin hüquqi aspektləri ilə bağlı məsələləri xüsusi qeyd etmək lazımdır. Bu məqsədlə Respublika Narkoloji Mərkəzinin bazasında 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində orta ümumtəhsil məktəblərdə çalışan həkimlər və orta tibb bacıları üçün gənclər, yeniyetmələr və uşaqlar arasında narkomaniyanın qarşısını alınması, bu istiqamətdə profilaktik tədbirlərin görülməsi məqsədilə təlim kursları keçirildi. 2 həftə davam edən kurslarda Narkoloji Mərkəzin rəhbərliyi və tibbi personalı ilə yanaşı, Narkomanlığa və Narkotik Vasitələırin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin nümayəndələri də iştirak ediblər. Təlim kurslarında narkomaniya problemlərinə aid prezentasiyalar təqdim olunub və mövzuları ətrafında müzakirələr aparılıb. Kursun sonunda içtirakçı olan bütün orta məktəb həkimlərinə və tibb bacılarına sertifikat təqdim olundu.

Telman Məmmədhəsənov
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Respublika Narkoloji
Mərkəzinin direktoru




Baxılıb: 3523