Qaradağ rayonunda narkomaniyaya qarşı mübarizə daim diqqətdə saxlanılır

  Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.

  Son illərdə ölkəmizdə aparılan əsaslı demokratik islahatlar həyatımızın bütün sahələrində öz müsbət nəticələrini göstərməkdədir. Bu illər ərzində respublikamızın beynəlxalq aləmə inteqrasiyası və dünyada gedən qloballaşma prosesləri fonunda xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil dövlət quruculuğu işində daha çox diqqət yetirilən sahələrdən biri olmuşdur. Bu baxımdan cəmiyyətin inkişafına, insanların sağlamlığına, mənəviyyatına, xalqımızın genefonduna ağır zərbə vuran narkomaniyanın gətirəcəyi fəsadlar hər kəsi narahat etməyə başlamış və onunla mübarizə işi Azərbaycan dövlətinin ümummilli siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir.

  Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin 26 avqust 1996-cı il 485 nömrəli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Həmin Fərman əsasında “Azərbaycan Respublikasında 2000-ci ilədək” daha sonra isə “2000-2006-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” qəbul edilmiş Ümummilli Proqramlar ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin təşkilinə xüsusi təkan vermişdir.

  Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Ona görə də heç təsadüfi deyildir ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin prioritet istiqamətlərindən biri - yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin bərqarar olması, idman və bədən tərbiyəsinin geniş inkişafı, cinayətkarlığın, xüsusilə onun narkomaniya ilə bağlı növlərinin profilaktikasıdır. Məhz bu siyasət çərçivəsində gənclərlə işin təşkilinin qanunvericilik bazası yaradılmış və təkmilləşdirilmiş, onların məşğulluğunun təmini məqsədilə ölkəmizdə mövcud idman obyektləri yenidən qurulmuş, yeniləri tikilib istifadəyə verilmiş və idmançılar üçün hər cür şərait yaradılmışdır.

  Bütün bunlara baxmayaraq narkomaniya ilə mübarizə hər zaman aktual olmuşdur. Bu, həm sosial-iqtisadi, həm də tibbi cəhətdən ən təhlükəli bəla hesab edilir. Narkomaniya - dəhşətli və faciəvi xəstəlikdir. Hər şeydən əvvəl bu insan beyninin və şüurunun xəstəliyidir. Narkotik vasitələrdən istifadə edən şəxslər gücdən düşür, zəifləyir, öz iradəsini, insani hisslərini itirir, ailə üzvlərindən və getdikcə cəmiyyətdən uzaqlaşır. Gənclərin narkomaniyaya qurşanması onların təhsildən kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bütün bunların fonunda demək olar ki, narkomaniyaya qarşı mübarizə yalnız dövlətin işi deyil eləcə də cəmiyyətimizin və dövlətimiz təməlini formalaşdıran hər bir ailənin - valideynin işidir. Məktəb yaşlı uşaqlara daim valideyn nəzarəti olmalı, onların asudə vaxtlarını səmərəli və faydalı keçirmələri üçün onlara istiqamət verilməlidir. Çox acınacaqlı hal odur ki, bu gün narkomaniya qadınlar arasında da geniş yayılmaqdadır. Bu isə öz növbəsində, bugünün qadını sabahınsa anası olacaq, prinsipilə baxsaq cəmiyyətimizə çox ciddi və narahatlıq doğuran bir işarədir. Çünki sağlam cəmiyyətin və dövlətin təməlini sağlam ailələr təşkil edir.
  Bu gün Qaradağ rayonunda da narkomaniyaya qarşı geniş, səmərəli və maarifləndirici işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2007-ci il tarixli 2271 saylı Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə” Dövlər Proqramı təsdiq olunmuşdur. Həmin Proqramın icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” yaradılmışdır. Rayon ərazisində orta məktəb şagirdləri və yeniyetmələr arasında narkotik vasitələrdən istifadə hallarına qarşı mübarizə, narkomanlığın yayılmasının profilaktikası və qabaqlayıcı antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə planlı tədbirlər həyata keçirilməkdədir.

  2014-cü il ərzində Qaradağ rayonun bütün qəsəbələrində gənclərin iştirakı ilə “Narkomaniyadan özümüzü qoruyaq”, “Zərərli vərdişlərdən qorun”, “Gənclər narkotiklərə yox deyir”, “Narkomanlıq və onun fəsadları” kimi mövzularda elmi-praktik konfranslar, dəyirmi masalar, toplantılar təşkil edilmişdir. Hər tədbirin əvvəlində narkomaniyanın yaratdığı ağır fəsadları göstərən video-çarx nümayiş olunmuş və broşürlər paylanılmışdır. Bundan başqa “26 iyun-Narkomaniyaya qarşı mübarizə həftəsi”nə həsr olunmuş tədbirlər çərçivəsində “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda rayon gəncləri ilə görüş keçirilmişdir. Həmçinin rayon ərazisində yerləşən hərbi hissələrdə təlim-tərbiyə işlərinin gücləndirilməsi və narkomanlığın yayılması, profilaktikası, aradan qaldırılması yolları üzrə mütəmadi diskussiyalar və söhbətlər aparılmışdır.

  2014-ci il ərzində QİÇS və hepatit kimi ağır infeksion-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, həkimlərin və mütəxəssislərin iştirakı ilə təhsil müəsissələrində bu xəstəliklərin yaranma səbəbləri, yayılması və nəticələri ilə bağlı mütəmadi diskussiyalar və söhbətlər aparılmışdır.

  Təşkil olunan bütün tədbirlərdə yeniyetmə və gənclərin narkomaniya kimi zərərli vərdişlərdən çəkindirilməsinə, antinarkotik təbliğatın aparılmasına və maarifləndirməsinə, narkomanlıqla bağlı çevik məlumat mübadiləsinə, onlar arasında sağlam həyat tərzinin formalaşmasına diqqət yetirilmiş və onların da bu barədə fikirləri öyrənilmişdir.

  Əlbəttə, bu gün müstəqil dövlətimizin gələcəyi olan gənc nəslin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli, vətənpərvər gənclər kimi yetişməsi üçün hər bir dövlət orqanı, hər bir Azərbaycan vətəndaşı əlindən gələni əsirgəməməlidir. Azərbaycan xalqının qədim tarixi və mədəni irsinə, əxlaqi keyfiyyətlərinə sadiq qalaraq narkomaniyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Hər birimiz çalışmalıyıq ki, narkotikaya qurşanan vətəndaşımızı itirməyək, əksinə onu sağlam şəkildə cəmiyyətimizə yenidən qaytaraq.

Eldar Sadıqov,
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı
aparatının İnformasiya təminatı və təhlil
sektorunun müdiri




Baxılıb: 819