Narkomaniyaya qarşı mübarizə mənəviyyatın xilası deməkdir.

  Müasir dövrdə narkomaniya və geniş anlamda narkotizm bəşəriyyəti narahat edən ən ağır problemlərdən biridir. Bu gün narkomaniya cəmiyyətin böyük bəlasına, milli genofond üçün ciddi təhdidə çevrilmişdir.

  Narkotik tərkibli maddələrdən müasir dövrdə də səhiyyədə müalicə məqsədi ilə geniş istifadə olunur. Lakin bununla yanaşı, insanın orqanizminə, sağlamlığına, psixikasına dəhşətli zərbə vuran, ən təhlükəli vərdiş kimi qiymətləndirilən narkomanlıq və narkotiklərə aludəçilik bu gün həllini gözləyən aktual problem olaraq qalır.

  Belə cinayətlərin həmişə gizli şəraitdə baş verməsi, nəzarətdən kənarda qalması və sabit artım dinamikasına malik olması narkomaniya probleminin ictimai təhlükəlilik dərəcəsini artırır. Narkotizmə qarşı səmərəli mübarizə bu istiqamətdə uzunmüddətli, çoxaspektli, böyük maliyyə vəsaiti tələb edən ardıcıl fəaliyyətin həyata keçirilməsi zərurətini irəli sürür.

  Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dövlət sərhədlərinin hüdudlarından kənara çıxaraq, bütün ölkələr üçün ciddi təhlükə mənbəyinə çevrilmişdir. Öz növbəsində, narkomaniya digər cinayətlərin, zorakılıq hallarının artmasına rəvac verir, QİÇS-in və başqa ağır xəstəliklərin sürətlə yayılmasını stimullaşdırır, cəmiyyətin inkişafını ləngidir, ailə dəyərlərinin məhvinə, mənəvi deqradasiyaya səbəb olur.

  Gənclər arasında narkomaniyanın yayılma səbəblərindən biri insanların narkotik vasitələrin onların orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında məlumatsız olmasıdır. Gənc nəslin nümayəndələrinin narkomaniyaya qurşanması çox zaman mənfi ətraf mühitin təsiri altında baş verir. Narkomaniyanın dəhşətli zərəri haqqında məlumatsız gənclər bu bəlanın əsirinə çevrilir və onun girdabından qurtula bilmirlər.

  Narkomanların timsalında cəmiyyət gənc nəslin yüksək potensiala malik önəmli bir kəsimini itirir. Narkotiklərdən müntəzəm istifadənin nəsil artırma qabiliyyətinə mənfi təsiri məlum faktdır və milli genofonda sarsıdıcı zərbə vurur. 
  Çox təəssüf ki, narkomanlığın mənfi təzahürləri Azərbaycanda da müşahidə olunmaqdadır. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik meyilinin yüksələn xətlə artması xüsusi narahatlıq doğurur. Unutmaq olmaz ki, narkomanlıq “latent şəkildə” sürətlə yayılaraq QİÇS-ə və digər ağır fəsadlara aparıb çıxarır.

  Narkotizmlə mübarizədə bütün cəmiyyətin, dövlətin, xalqın, hər bir fərdin iştirakı və əməli köməyi tələb olunur. 
  Uşaq və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və fiziki cəhətdən sağlam yetişmələri gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. 
  Gənclər və İdman Nazirliyi narkomaniyanın profilaktikası istiqamətində səmərəli fəaliyyətin təşkili, vətəndaşların bütün kateqoriyaları arasında narkotik vasitələrdən istifadə meylinin azaldılması, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə ardıcıl surətdə müxtəlif tədbirlər həyata keçirir.

  Əvvəllər bu sahədə reallaşdırılan tədbirlər yalnız seminar və mühazirə xarakteri daşıyırdısa, son illər keçirilən aksiyaların müasir və təsirli səviyyədə təşkilinə xüsusi diqqət yetirilir. “Sağlam ailə cəmiyyətin təməlidir” mövzusunda, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə - mənəviyyatın xilası deməkdir” mövzularında təşviqat kampaniyalarını, “Zərərli vərdişlərə “Yox!” deyək”, “Gənclər zərərli vərdişlərə qarşı birləşir” devizi ilə mədəni-kütləvi aksiyaları, “Gənclər sağlam həyat tərzinə səs verir” devizi altında diceylərin milli müsabiqələrini, gənc jurnalistlər arasında sağlam həyat tərzi aşılayan məqalələr üzrə ümumrespublika müsabiqəsini, plakat müsabiqəsini, videoçarxlar müsabiqəsini, teatr tamaşalarını, sağlamlıq festivallarını, telemarafonları belə tədbirlərə misal gətirmək olar.

  Gənclər arasında narkomanlıq və digər zərərli vərdişlərin profilaktikası sahəsində yeni üsulların tətbiq edilərək işin yeni səviyyədə qurulması, gəncləri vacib və düzgün qərarların qəbul edilməsinə yönəltmək məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir.

  Gənclər və İdman Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə sifarişi ilə “Həyatla oyun” adlı maarifləndirici teatr tamaşası hazırlanmış, rayon və şəhərlərdə, ali və orta ixtisas məktəblərində nümayişi təşkil edilmişdir. Bu təşəbbüs ictimaiyyət və xüsusilə gənclər tərəfindən böyük maraqla qarşılanmışdır.

  Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi, Olimpiya komplekslərinin bu işdə rolunun artırılması məqsədilə nazirlik tərəfindən respublikanın rayon və şəhərlərində gənclərin sağlamlıq festivalları keçirilmişdir. Bu festivallarda tanınmış idmançılar, sənət adamları da iştirak edərək gəncləri sağlam həyat tərzi seçməyə səsləmişlər.

  Gənclər siyasətinin bu istiqaməti çərçivəsində son 8 ildə 220-yə yaxın tədbir həyata keçirilmiş, on minlərlə gənc bu tədbirlərin müsbət təsirini hiss etmişdir. Nazirlik gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədilə elan edilən müsabiqələrdə gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı layihələrə hər zaman önəm verir. Sağlam həyat tərzi ilə bağlı tədbirlərin həyata keçirilməsində Gənclər və İdman Nazirliyi BMT-nin Uşaq Fondu, BMT-nin Əhali Fondu, Qlobal Fond kimi beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.

  Bugünkü gənc nəsil ölkəmizin gələcəyidir. Cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genofonduna sarsıdıcı zərbə endirən narkomaniya, alkoqol, siqaret kimi zərərli vərdişlərə qarşı, QİÇS əleyhinə mübarizə Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli, 982 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nda gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil öz əksini tapmışdır.
  Dünya təcrübəsi də göstərir ki, narkomanların yalnız 2-3 faizini müalicə etmək mümkün olur və vaxtında bu xəstəliyin qarşısını almaq daha asandır. Buna görə də narkomaniya ilə mübarizənin ən yaxşı metodikası profilaktikadır.

  Zərərli vərdişlərin, xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu prosesdə idmanın əhəmiyyəti şəksizdir. Gənclərimizin asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın əksər bölgələrində Olimpiya İdman kompleksləri inşa olunmuş, idman zalları və meydançaları yaradılmış və yenidən qurulmuş, bəzi rayonlarda gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilmişdir. “Gənclər evləri”nə gənclərin geniş şəkildə cəlb edilməsi, onların asudə vaxtının səmərəli təşkili üçün yerli gənclər və idman idarələri tərəfindən lazımi işlər həyata keçirilir.

Nərmin Aslanbəyova,
Gənclər və İdman Nazirliyinin Sosial proqramlar
sektorunun müdiri




Baxılıb: 1415