Sağlam gələcək naminə

  Qloballaşan dünyada narkomaniya bütün dövlətləri narahat edən ümumbəşəri problemlərdən biridir. Buna görə də bu gün narkomaniya ilə mübarizə bütün dövlətlər üçün ən aktual məsələlərdən hesab edilir. Narkomaniya ilə mübarizə hər bir dövlətin özünün fiziki və mənəvi sağlamlığı uğrunda apardığı mübarizədir desək, heç də yanılmarıq.

  Bütün dünya ölkələrini narahat edən bu problem çox təəssüf ki, Azərbaycanda da müşahidə olunur. Ölkədə bu problemə çox diqqətlə yanaşılır. Narkomaniya ilə mübarizə sahəsində hüquqi-qanunvericilik bazası formalaşdırılmışdır. Narkomaniya ilə mübarizə mexanizmlərini təşkil etmək və onların fəaliyyətinə nəzarət etmək məqsədilə ümummilli lider Heydər Əliyev 26 avqust 1996-cı ildə “Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərman imzalamışdır. Bu Fərman əsasında narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiya”sı yaradılmış, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramları qəbul edilmişdir. Problemin həlli istiqamətində görülən işlərə dövlət strukturları daha geniş şəkildə cəlb edilmişdir.
  Narkomaniya ilə mübarizə Sumqayıt şəhərində də daim diqqət mərkəzində saxlanılır. Şəhərin bütün strukturları bu problemin həlli istiqamətində qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

  2014-cü il ərzində narkotik vasitələrin satışı və saxlanılması ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin əməkdaşları tərəfindən 85 cinayət faktı və 31 inzibati xəta müəyyən edilmişdir ki, onların 77-si narkotik vasitələrin qanunsuz saxlanılması, 8-i isə qanunsuz satışı ilə bağlı olmuşdur. Nəticədə ümumi çəkidə 21040,562 qram qeyri-qanuni yolla əldə edilib saxlanılan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 5716,182 qramı güclü təsirə malik narkotik vasitələr növünə aiddir ki, bunların da 9,232 qramını heroin, 419,21 qramını həşiş və 5287,74 qramını tiryək təşkil edir.

  Ötən il şəhər polis idarəsində saxlanılan müsadirə edilmiş narkotik vasitələr olan 12,136 qram heroin, 8953,30 qram marixuana, 202.132 qram tiryək, 29,18 qram həşiş qətranı, 22 ədəd çətənə kolu, 46,5 qram kalium permanqanat və 26 ampula relanium dərman preparatı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası” üzvlərinin iştirakı ilə məhv olunmuşdur.

  Şəhərdə sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq keçirilən kütləvi tədbirlərdə minlərlə yeniyetmə və gənc iştirak edir. Artıq ənənəvi olaraq keçirilən məhəllə və mikrorayonlararası kross, mini futbol, velosiped yarışlarında iştirak edən yeniyetmə və gənclərin sayı hər il artmaqdadır.

  Şəhərin ümumtəhsil orta məktəblərində, gənclərin yaşadıqları ərazilərdə komissiya üzvləri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə şöbəsi, şəhər ağsaqqallar şurasının nümayəndələri, din xadimlərinin və s. iştirakı ilə mütəmadi olaraq narkomaniya ilə mübarizə istiqamətində maarifləndirici görüşlər, təlimlər keçirilir.

  Sumqayıt şəhərində yaşayan, təhsil alan və fəaliyyət göstərən uşaq, yeniyetmə və gənclər müxtəlif dərnəklərə cəlb olunur, onların asudə vaxtlarının mənalı keçirilməsi məqsədilə hər il ənənəvi olaraq 500-dən artıq gəncin iştirakı ilə “Yay məktəbi” təşkil edilir, problemin mahiyyətini və nəticələrini onlara əyani şəkildə göstərmək üçün keçirilən görüşlərdə narkomaniya qurbanlarından bəhs edən videoçarx nümayiş etdirilir.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə üzrə
Sumqayıt şəhər komissiyası




Baxılıb: 839