Narkomaniya əsrin faciəsidir

   Azərbaycan Respublikasının coğrafi mövqe baxımından narkotik vasitələr istehsal edilən Cənub-Qərbi-Asiya dövlətləri ilə bu vasitələrin daşındığı Avropa ölkələri arasında yerləşməsi, habelə  Biləsuvar rayonunun  sərhədyanı rayon olması narkotiklərlə mübarizə sahəsində müəyyən problemlər yaradır, bu istiqamətdə aparılan işlərə kompleks və ixtisaslı yanaşılmasını zəruri edir.

   Narkomaniya və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Biləsuvar Rayon Komissiyası Narkomanlığın əleyhinə  təşkilatlararası əlaqələndirmə  funksiyasını öz üzərinə götürməklə narkomaniyanın profilaktikası ilə bağlı Təhsil, Səhiyyə şöbələri, Gənclər və idman idarəsi və yerli bələdiyyə qurumları ilə birgə işini əlaqələndirmişdir.

   Rayon Təhsil və Səhiyyə şöbələrinin, Gənclər və idman idarəsinin rayonun məktəblərində yerli fəalların iştirakı ilə birgə tədbirləri keçirilmiş, sağlam həyat tərzinin təbliğ edilməsi, narkoloji xəstəliklərin yayılmasının qarşısının alınması, insan  psixikasına təsir göstərən maddələrin ziyanı barədə profilaktik söhbətlər və mühazirələr təşkil edilmişdir.

   2015-ci il ərzində rayonun ümumtəhsil müəssisələrində narkomanlığın yaşadığımız cəmiyyətə və insan sağlamlığına zərəri barədə mühazirələr oxunmuş,fərdi görüş və söhbətlər keçirilmiş, təbliğat və maarifləndirmə fəaliyyətinə diqqət daha da artırılmışdır. Məktəblərdə “Narkomaniyaya qarşı mübarizə-mənəviyyatın xilası deməkdir”  mövzusunda tədbir,  “Narkomaniya ilə mübarizə  hər birimizin işidir”  mövzusunda yığıncaq, “Narkomaniya və digər cinayətkarlıq hallarının qarşısının alınması, siqaretlə mübarizə məqsədilə sağlam həyat”  mövzusunda tədbir, “Narkomaniyanın və HİV/AİDS-nin  gənclər  arasında yayılmasının profilaktikası”,  “Ağ ölüm” nə deməkdir?”, “Narkomaniya və onun zərərli nəticələri” mövzularında “dəyirmi masa” və  “Narkotiklərsiz həyat” mövzusunda yığıncaq keçirilmişdir. Bütün tədbirlərdə “Narkomaniyaya “yox” deyək” mövzusunda rəsm işlərindən ibarət sərgi nümayiş etdirilmiş və “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı qısametrajlı çarxlardan istifadə edilmişdir.

   Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin, hüquq mühafizə orqanları əməkdaşlarının, Təhsil, Mədəniyyət və Turizm, Səhiyyə şöbələri və Gənclər və idman idarəsinin məsul işçilərinin iştirakı ilə 26 iyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Gənclər narkotiklərə “yox” deyir!” mövzusunda,  həmçinin 17 dekabr 2015-ci il tarixdə isə Heydər Əliyev Mərkəzində Biləsuvar Rayon Polis Şöbəsi və Gənclər və idman idarəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə “Narkomaniya əsrin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

   Bu istiqamətdə “Xaş-xaş” şərti ad altında kənd icra nümayəndəlikləri və bələdiyyə strukturları yerlərdə  narkotik xassəli  bitkilərin əkilib becərilməsinin qadağan olunması, yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq yerindəcə məhv edilməsi ilə bağlı əhali arasında izahat işləri aparmış, fəalların yığıncaqlarını keçirmiş, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı  yaranan məsuliyyət insanların nəzərinə çatdırılmışdır. Bütün bunların nəticəsində ötən dövr ərzində  narkotik xassəli  bitkilərin əkilib-becərilməsi və yabanı halda bitməsi halları aşkar olunmamışdır.

   Narkomanlığın  profilaktikası, müalicəsi və narkomanların normal həyat tərzinə qaytarılması,  bu dəhşətli bəlanın yayılmasına  təkan verən səbəblərin  aradan  qaldırılması üçün  zəruri olan  tədbirlərin həyata keçirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin  qarşısının alınması  məqsədi daşıdığını nəzərə alaraq tibbi yoxlama,  yəni narkoloji xəstəliyin  diaqnozunun müəyyən edilməsi rayon xəstəxanasında fəaliyyət göstərən narkoloji kabinetdə müəyyən olunur. Xəstəxananın narkoloji kabinetində 1 yanvar  2016-cı il  vəziyyətinə  narkomanlıq diaqnozu  ilə 141 nəfər qeydiyyatdadır. Rayon təhsil ocaqlarında narkomaniya ilə bağlı faktlar müşahidə olunmamışdır. Rayon üzrə il ərzində keçirilən tədbirlər Biləsuvarda nəşr olunan “Məhsul” qəzetində də işıqlandırılmışdır.

   Ötən illərdə olduğu kimi, bu il də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası  Qanununun və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasından irəli gələn   tədbirlərin icra vəziyyəti Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə olunmuş və qarşıda bu sahədə görüləcək işlər müəyyən edilərək icrası nəzarətə götürülmüşdür.

Qurban Nuriyev,

Biləsuvar RİH Başçısı Aparatının əməkdaşı




Baxılıb: 989