Narkomaniya bəşəriyyəti narahat edən məsələdir

   Narkomaniya bəşəriyyəti narahat edən məsələlərdən biridir. Bu sosial bəla hər il çoxlu sayda insanın məhvinə səbəb olur. Azərbaycan hökuməti narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.

   Son illər ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarına  qarşı mübarizə daha da güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, həmkarlar ittifaqları da fəallığı artırmışdır. 

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı” (2013-2018-ci illər)ndan irəli gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı həmkarlar ittifaqlarının tədbirlər planı qəbul edilmişdir (AHİK İK - in   24.10.2013 - cü il tarixli, № 2 b. 4 qərarı). Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv və tabeliyində olan təşkilatlar tərəfindən görülən işlər təhlil edilir. 

   Bu işlər ilk növbədə həmkarlar ittifaqı üzvü olan, o cümlədən işləyən və təhsil alan gənclər arasında aparılır. Narkotik maddələrin gənc nəsil arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox sahə həmkarlar ittifaqı təşkilatları “Narkotiksiz gələcək naminə”, “Biz narkomaniyaya yox deyirik!”, “Gələcəyimiz sağlam gənclərdən ibarətdir” və s. mövzularda tədbirlər həyata keçirirlər. 2015 - ci il ərzində ümumi 42 tədbir (seminar, “dəyirmi masa”, treyninq və s.) həyata keçirilmişdir.  Buraya müəssisələrdə, təhsil ocaqlarında və təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kampaniyaları daxildir. Yerlərdə, ilk növbədə əmək fəaliyyətinə yeni başlayan gənclərin mənafelərinin üstün tutulması, onların hüquqlarının sağlamlıqlarının qorunması, cəmiyyətdə fəal iştiraka hazır olan şəxslər kimi formalaşmaları, işləyərək təhsil alan tələbə gənclər üçün lazımi şəraitin yaradılması, eləcə də hərbi xidmətdəki gənclərə qayğı göstərilməsi nəzarətdə saxlanılır. Bir sıra sahə orqanları əməkçilərin, o cümlədən gənclərin, yeniyetmələrin və uşaqların asudə vaxtlarının təşkilində mühüm rol oynayan, öz xidmət əhatələrindəki mədəni-maarif müəssisələrinin işinin canlandırılmasına, bədən tərbiyəsi və idman obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülməsinə xüsusi diqqət yetirirlər. Gənclərdə sağlam həyat tərzinin formalaşması məqsədilə yerlərdə idman yarışları keçirilir.

   Gənclərin  hərbi - vətənpərvərlik tərbiyəsində həmkarlar ittifaqları təşkilatlarının  rolu   artmaqdadır.    Bu sahədə səmərəli ənənələr yaranmışdır. Cümşüd Naxçıvanski adına hərbi liseyin kursantlarına xüsusi diqqət yetirilir. Dərs proqramı və hərbi hazırlıqda fərqlənmiş əlaçılara təqaüdlər, pul mükafatları verilir. Kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir. Bədii qiraət və rəsm üzrə keçirilən “Azərbaycan əsgəri” və “Vətənə xidmət edirik” müsabiqələrinin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idman yarışlarının qalibləri AHİK-in diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılırlar. Ötən il ərzində liseyin  63  kursantı mükafatlandırılmışdır.

   Müstəqil Azərbaycanın gələcəyi üçün elmin və mədəni tərəqqinin əhəmiyyətini nəzərə alaraq  ayrı-ayrı sahələrdə fəaliyyət göstərən gənclər arasında müxtəlif sənət növlərinə, peşələrə  və əmək fəaliyyətinə marağın artırılması, qüvvə və bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi məqsədilə AHİK İK-in “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında”  21.08.2015 - ci il tarixli, pr. № 8 b. 4 qərarı  qəbul edilmişdir. AHİK  İK - in qərarına əsasən 63 nəfər gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülmüşdür.

   Azərbaycan Həmkarlar İttifaqları tərəfindən narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat  hər il müvafiq Dövlət Komissiyasına təqdim edilir, anti - narkotik təbliğatın gücləndirilməsində həmkarlar ittifaqlarının rolunu əks etdirən məqalələr “Ülfət”,  “İki sahil” və digər qəzetlərdə çap olunur.

   Görülən işlərlə yanaşı, problemin ciddiliyi və aktuallığı nəzərə alınaraq həmkarlar ittifaqları daim ictimai nəzarətini həyata keçirəcəkdir.

Afaq Yusifova,

AHİK-in Zəhmətkeşlərin mədəni-məişət 
problemləri üzrə analitik tədqiqat 
şöbəsinin mütəxəssisi




Baxılıb: 741