Narkotiklərlə bağlı 51 cinayət faktı aşkarlanıb

   Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin və müvafiq qurumların əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

   Belə ki, bu məsələ ilk dəfə ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il   24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mingəçevir şəhərində 2016-cı ilin müvafiq dövründə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 2016-cı ilin fevral ayında bu sahədə görüləcək işlərlə bağlı 24 bənddən ibarət iş planı tərtib olunmuş, şəhərin aidiyyəti təşkilatlarına göndərilərək icrasına nəzarət edilir.

   İş planına uyğun olaraq şəhərdə fəaliyyət göstərən 1 ali,    2 orta ixtisas, 1 peşə və 22 ümumtəhsil məktəblərində təhsil alan   tələbə və şagirdlərlə vaxtaşırı görüşlər təşkil olunur. 2016-cı ilin mart-aprel aylarında şəhərin ümumtəhsil məktəblərində “Zərərli vərdişlərin qarşısının alınması” mövzusunda tədbirlər təşkil olunmuş, şagirdlərlə maarifləndirici söhbətlər aparılmışdır. Tədbirlərdə şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin və Narkoloji dispanserin nümayəndələri məruzələr etmiş, şagirdlərə zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunmuşdur. Məktəblərdə təşkil olunmuş görüşlərdə beş minə yaxın şagird iştirak etmişdir. Bu görüşlər şəhərin ali və orta ixtisas məktəblərində də təşkil olunmuş, yeniyetmə və gənclərlə “Narkotikaya “yox” deyək”, “Əsrin bəlası”, “Ağ ölüm” və s. mövzularda söhbətlər aparılmış, “dəyirmi masa”lar, inşa və rəsm müsabiqələri keçirilmiş, film və videolar, çarx və lentlər nümayiş etdirilmişdir.

   Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə yerli komissiyanın Tədbirlər Planının 8-ci bəndinə əsasən, eləcə də 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəçevir şəhərində narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə maarifləndirici tədbirlər keçirilmişdir. Yerli komissiya tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq tədbirlər Mingəçevir Dövlət Universiteti, Tibb və Turizm kollecləri, Peşə məktəbi, şəhər Təhsil və Mədəniyyət şöbələri, Gənclər və idman idarəsi və şəhər Mərkəzi xəstəxanasında keçirilmişdir.

   Tədbirlər şəhər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyası üzvlərinin, Polis şöbəsinin və Rayonlararası Narkoloji Dispanserin nümayəndələrinin iştirakı ilə keçirilmiş, bu görüşlərdə beş yüzə yaxın iştirakçı olmuş və maarifləndirici söhbətlər aparılmışdır.

   Bu ilin 6 ayında narkotik vasitələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı ilə bağlı 51 cinayət faktı aşkarlanmış, 51 cinayət faktı üzrə istintaq aparılmışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən 3,235 qram heroin, 1487,094 qram qurudulmuş marixuana, 4,65 kq çətənə, 0,464 qram metofotomin götürülmüş, yandırma üsulu ilə məhv edilmişdir. Cinayətkarlar arasında yetkinlik yaşına çatmayanlar olmamışdır.

   Hesabat dövründə şəhər Mərkəzi xəstəxanası və apteklərindən qanunsuz əldə edilmiş dərman preparatlarının istifadəsinə dair cinayət faktları aşkar edilməmişdir.

   2007-ci ilin may ayından başlayaraq “Xaş-xaş” şərti adı altında keçirilən cinayət-axtarış tədbirləri 2016-cı ildə də davam etdirilmiş və bu sahədə 1 cinayət faktı aşkarlanmışdır.

   2016-cı ilin müvafiq dövründə Mingəçevir Rayonlararası Narkoloji Dispanserinə 14 nəfər xəstə daxil olmuşdur, Xəstələrdən 13 nəfəri ətraf rayon əhalisi, 1 nəfəri isə şəhərdəndir. 10 nəfər anonim müalicə almış, onlar arasında yeniyetmələr olmamışdır.

   Hazırda dispanserdə 434 nəfər xəstə qeydiyyatdadır ki, onlardan 39 nəfəri “Xroniki alkoqolizm”, 395 nəfəri isə “narkomaniya” diaqnozu ilə müalicə olunur. Bu xəstələr əsasən 20-59 yaş qrupunu əhatə edir, 3 nəfər qadın narkomaniya diaqnozu ilə profilaktiki qeydiyyatda olmuşdur.

   Əvvəlki illərdə olduğu kimi, bu müddət ərzində də şəhər televiziyasında mütəmadi olaraq narkomaniyanın insan sağlamlığına və həyatına yaratdığı təhlükə ilə əlaqədar materiallar və reklam çarxları hazırlanaraq geniş tamaşaçı auditoriyasına təqdim olunmuşdur. Bununla bağlı vaxtaşırı olaraq “Ədalət qapısı”, “Disput, “Mövqe” verilişlərində və gündəlik efirdə yayımlanan “Gün” informasiya buraxılışında maarifləndirici söhbətlər aparılmış, süjetlər göstərilmişdir. Şəhər Polis şöbəsi tərəfindən keçirilən reydlər barədə, eləcə də narkotik vasitələrin insan mənəviyyatına, sağlamlığına mənfi təsiri haqqında təşkil edilən debatlar, televiktorinalar şəhər və ətraf rayon əhalisinin diqqətinə çatdırılmışdır. Bununla yanaşı yerli mətbuat orqanları olan “Mingəçevir” və “Mingəçevir işıqları” qəzetlərində də narkomaniyaya qarşı mübarizə mövzularında bir sıra məqalələr çap edilmişdir.

   Mingəçevir şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı təsdiq edilmiş plana uyğun tədbirlərin icrası davam etdirilir və daim nəzarətdə saxlanılır.

İ.İsmayılov,

Mingəçevir Şəhər İcra

Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və Narkotik

Vasitələrin Qanunsuz

Dövriyyəsinə Qarşı Mübarizə

üzrə Komissiyanın sədri 




Baxılıb: 683