Narkomaniyaya “yox” deyək!

   Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

   Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

    Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması əsas vəzifələrdən birinə çevrilmişdir. Bu sahədə ölkəmizdə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü olan “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.   

    Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.

    Şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, insanın cəmiyyətə atılmazdan əvvəl aldığı ilkin tərbiyə, şüurunda həkk olunan öyüd-nəsihət və oturub-durduğu mühit onun sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ailə tərbiyəsi və ata faktoru, hər bir uşağın sonrakı taleyində lokomotiv rolunu oynayır. Bu fakt mübahisəsiz belədir. Çünki məhz ailə mühiti və ailə tərbiyəsi, insanın cəmiyyətdəki sonrakı fəaliyyətində, sözün əsl mənasında, mənəvi vəsiqə xarakteri daşıyır. Hər bir uşağın, yeniyetmə və gəncin sabahın dəyərli, ağıllı insanı olması, eyni zamanda qatilə, narkomana və oğruya çevrilməsi, ilk əvvəl evdə aldığı tərbiyədən, evin kandarından o tərəfdə oturub-durduğu insanlardan hansı vərdişlər “əxz etməsindən” çox asılıdır. Elə gənclərin də arzuolunmaz yollara düşməsinin əsas səbəbi zəif valideyn nəzarəti və onu ağuşuna alan mənfi mühitdir. İnternet dövründə, demək olar ki, ailələrin uşaqlar üzərində nəzarəti olduqca zəifdir.

    Uşaqların ən çox məktəb həyatında formalaşdıqları hər kəsə məlumdur. Məhz məktəb həyatında sabahın vətəndaşları gələcəkdə cəmiyyətdə hansı yola üz tutacaqlarını müəyyənləşdirirlər. Çünki evdəki mikromühitdən fərqli olaraq, burdakı məktəb həyatı daha geniş insan çevrəsini əhatə edir.

    Əksər vaxtlarda narkotik alverçiləri, məhz məktəbliləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Çox təəssüf ki, son vaxtlar məktəblilər arasında narkomaniyaya olan marağın artması narkotik alverçilərinin məktəb həyətlərinə “yol açmaları”na səbəb olur. Məktəb-valideyn əlaqələrinin olmaması, yenicə həyata atılan uşaq və yeniyetmələri kompassız gəmi kimi həyatın burulğanına aparır. Elə bir burulğana ki, oradan qayıdış möcüzəyə bağlıdır, yaxud çox vaxt heç mümkün də deyil.

    Bu bəladan qurtulmağın müxtəlif yolları vardır. Ancaq məqsəd bu xəstəliyə, bu bəlaya, “ağ ölümə” yoluxmadan qarşısını almaqdır. Burada cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi vardır. Gənclərimizi, uşaqlarımızı, bu bəladan uzaq tutmaq, onlarla söhbətlər aparmaq, “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır. Əksər mütəxəssislər düşünürlər ki, uşaqlarımızı sərbəst buraxmaqla yanaşı, həm də onların asudə vaxtlarının fəaliyyəti istiqamətində müəyyən fakultativ məsləhətlər vermək daha məqsədəmüvafiqdir. Gənclərimiz narkomanlığın necə bir bəla olduğunu dərk edərsə, əlbəttə, bu bəladan uzaq durar və ətrafını da “ağ ölüm”dən qorumağa çalışar.

    Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 2016-cı ilin birinci yarısında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şəmkir Rayon Komissiyası tərtib olunmuş iş planına əsasən bir sıra tədbirlər həyata keçirmişdir.

    Fikrimcə, narkomanlığa qarşı mübarizə sahəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə yerlərdə komissiyalar, digər mərkəzi icra hakimiyyəti orqanları və aidiyyəti qurumların mütəmadi olaraq keçirdikləri tədbirlər bu ağır problemin həllinə öz töhfəsini verəcəkdir.

Qüdrət Əliyev,

Şəmkir Rayon İcra Hakimiyyəti

başçısının birinci müavini,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı

Mübarizə üzrə

Rayon Komissiyasının sədri 




Baxılıb: 15862