Narkomanlığa qarşı mübarizə hamının borcudur

   İnsanların mənəvi əxlaqi dəyərlərini sarsıdan, cəmiyyətin sosial-iqtisadi inkişafına, sağlamlığına mənfi təsir edən narkomanlıqla mübarizə bu gün hər yerdə olduğu kimi Yevlax rayonunda da ardıcıllıqla daim davam etdirilir.

   Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər Dövlət Proqramı”ndan  irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Yevlax rayonu üzrə tədbirlər planı tərtib edilmiş, bu istiqamətdə görüləcək işlər müəyyənləşdirilmiş və rayon ərazisində narkotik vasitələrin əldə olunması və əkilməsi istifadəsinə habelə həkim təyinatı olmadan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qəbul edilməsinə, əldə edilərək saxalanılmasına və satmaqla yayılmasına qarşı mübarizəni gücləndirmək məqsədi ilə əvvəlki illərdə olduğu kimi 2016-cı ilin ötən dövrü ərzində müəyyən işlər görülmüşdür.

   2016-cı ilin son 10 ayı ərzində narkotiklərlə mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 66 cinayət faktı aşkar edilmişdir ki, onlardan 12-si qanunsuz olaraq narkotik vasitələrin satışı, 46 fakt qanunsuz olaraq narkotik vasitələri saxlama və 8 fakt qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsi olmuşdur. Göstərilən faktlar üzrə 19,637 qram narkotik vasitə olan heroin və 10 kiloqram 252,46 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülərək dövriyyədən çıxarılmışdır. 63 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.

   “XAŞ-XAŞ 2016” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlərin keçirilməsinə dair DİN-in 16 may 2016-cı il tarixli 015 saylı əmrinin icrası ilə əlaqədar olaraq tərəfimizdən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Yevlax rayonunun Aran Bələdiyyəsinə məxsus 4,30 ha torpaq sahəsindən hündürlüyü 80-95 sm, 43722 ədəd olmaqla 3 ton 150 kq çəkidə və rayonun Qaramanlı bələdiyyə torpağına aid 3,50 ha sahədən hər birinin hündürlüyü 80-95 sm-ə qədər olan 39548 ədəd ümumi çəkisi 2 ton 630 kq çəkidə, ümumilikdə isə 5 ton 780 kq olmaqla 83270 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq yandırma yolu ilə məhv edilmişdir.

   Görülmüş tədbirlər və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin müvafiq dövrü ərzində 11 cinayət faktı artıq aşkar etmiş və dövriyyədən daha çox narkotik vasitələr çıxarılmışdır.

   Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə polis orqanlarının yerli icra Hakimiyyəti, bələdiyyə, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalarla əlaqələri gücləndirilmiş, bu istiqamətdə tədbirlər hazırlanıb həyata keçirilmiş və belə tədbirlər mütəmadi olaraq davam etdirilir.

   Yevlax rayon Polis şöbəsi və şəhər poliklinikasında 415 nəfər dispanser, 197 nəfər isə profilaktiki (narkoloji kabinetdə nəzarətdə olan) qeydiyyatdadır.

   Həkim təyinatı olmadan narkotik vasitələr qəbul etdiklərinə görə dispanser və profilaktiki qeydiyyatda olan narkomanlarla əlaqədar və əvvəllər məhkum olunmuşlarla müntəzəm profilaktiki tədbirlər aparılmış və hazırda onlardan cinayət törətməyə meyilli olanlarının hərəkətləri əməliyyat yolu ilə izlənilməsi davam etdirilir. Narkomanlığa qarşı mübarizəyə vətəndaşların aktiv cəlb olunması üçün Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyanın etimad telefonu yaradılmışdır.

   Narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlərimiz davam etdirilir.

Qənimət Qaraşov,

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Narkomanlığa, 
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 884