Nizami rayonunda “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir.

   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 2017-cı il mart ayının 27-də 32 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir.

   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov, Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Firdovsi Bayramov və 32 №-li tam orta məktəbin direktoru Sevda Abdullayeva çıxış etmiş, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermiş, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmiş və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırmışlar. Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılmış, onları narahat  məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq izahatlar verilmişdir.

   Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunmuşdur.




Baxılıb: 2118