Gəncədə narkomaniyaya qarşı mübarizə gücləndirilir

   Təkcə yaxşı şeylərin tarixi olmur. Qəribə səslənsə də, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salaq. Tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, Roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə - yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu. Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə çevrildi. Digər bir tərəfdən isə narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə oldu.

   Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdikləri prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir.

   Qeyd etdiyimiz kimi, narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar - qara ciyər, böyrək öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar.

   Ulu Öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyevin qeyd olunan Fərmanı ilə ölkədə yeni strategiya müəyyən olundu. Həmin Fərmanın davamı olaraq 1997-ci ildə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Ölkədə ilk dəfə 2000-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Dövlət Proqramı təsdiq olundu. Bu sənəd 5 ili əhatə edirdi. Proqram bütün dövlət qurumlarının, QHT-lərin qarşısında konkret vəzifələr qoyurdu.

   Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahədə imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”, eyni zamanda bu sənədin davamı olaraq 2013-2018-ci illər üçün eyni adlı Dövlət Proqramı narkomaniya ilə mübarizədə əldə olunan müsbət nəticələrin miqyasını daha da genişləndirdi.

   Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası tərəfindən kompleks tədbirlər planı tərtib edilmiş, 2016-cı ildə keçirilən yığıncaqlarda proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində, o cümlədən narkomanlığın yayılmasının qarşısının alınmasına və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair komissiyanın tərkibinə daxil olan Gəncə Şəhər Baş Polis İdarəsi, Gənclər və İdman Baş İdarəsinin xətti ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı ətraflı müzakirələr aparılmış, bir sıra məqsədyönlü işlər görülmüşdür.

   Gəncə şəhərində narkotik vasitələrin, psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aparılması məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsinə diqqət artırılmış, yeniyetmə və gənclərin ən çox cəlb olunduqları yerlərdə, xüsusən də şəhərin təhsil müəssisələrində profilaktiki tədbirlər gücləndirilmiş, gənclərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif mədəni-kütləvi, əyləncəli proqramlar, idman oyunları təşkil edilmiş, eləcə də Heydər Əliyev adına meydanda, Heydər Əliyev Mərkəzində, “Xan bağı” mədəniyyət və istirahət parkında Gəncə Şəhər Baş Polis İdarəsi, Təhsil, Səhiyyə idarələri, Gənclər və İdman Baş İdarələsinin nümayəndələrinin iştirakı ilə sağlam həyat tərzi, “Narkomaniya-QİÇS”, “Narkomaniya-Hepatit C” və “Narkomaniyanın profilaktikası” mövzularında çıxışlar edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

   Narkoloji dispanserdə müalicə işləri ilə yanaşı, profilaktiki iş də aparılmışdır. Belə ki, 2016-cı ildə əksər ali və orta məktəblərdə Gəncə Şəhər BPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları ilə birlikdə “Narkomaniya-QİÇS”, “Narkomaniya-hepatit C” mövzularında profilaktiki çıxışlar edilmiş, bundan əlavə, yerli televiziya kanallarında 4 dəfə narkomaniya mövzularında çıxışlar olmuş, 26 iyun-Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü münasibətilə tədbir keçirilmişdir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı
yanında Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə Komissiyası




Baxılıb: 2145