“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş,  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsində və digər geniş miqyaslı məsələlərin həllində  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” əhəmiyyətli təsirini göstərmişdir.

Eyni zamanda ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almış, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür. 

Belə ki, problemlə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 29 Qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 40 Sərəncamı, Nazirlər Kabinetinin 22 qərarı, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilmişdir.

Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşurutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların preksursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.

Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1697 fakt aşkar edilmişdir ki, onlardan 470-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1094-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 103-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 730 kq 723,566 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 428 kq 564,736 qr marixuana (58,6%), 117 kq 174,74 qr tiryək (16%), 146 kq 486,19 qr heroin (20,1%), 2 kq 480,2 qr həşiş (0,4%), 35 kq 134,7 qr digərləri (4,8%), 883 qr psixotrop maddələr (0,1%) və 1545 ədəd həb təşkil etmişdir.

Cinayət məsuliyyətinə 1309 nəfər cəlb edilmişdir ki, onlardan 3-ü 18 yaşadək, 112-i 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-i qulluqçu və ya maddi məsul şəxs, 1167-i işləməyənlər, 513-ü təkrar cinayət törətmiş şəxslər, 1289-u kişilər, 20-i qadınlar, 17 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 6 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

Həmçinin, hesabat dövrü ərzində 432 ha 63,66 sot ərazidən 111 ton 420 kq 868,99 qr (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29448 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 24056 nəfəri dispanser, 5392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2142 nəfər yeni qeydiyyata götürülmüş, 1249 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq, 05 iyul 2017-ci il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 276 məhkəmə hökmü ilə müsadirə olunmuş 467 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 8700 ədəd çətənə bitkisi Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi  genişləndirilmişdir.

Hesabat dövründə Dövlət Komissiyasının işçi qrupu tərəfindən Dövlət Proqramına müvafiq olaraq, fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər/rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirilmiş, görülən işlərin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr verilmişdir.

Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının işçi qrupu aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə Bakı şəhərinin Səbail, Xətai, Qaradağ, Suraxanı rayonlarında, həmçinin respublikanın Ağcabədi, Tərtər, Beyləqan, Goranboy, Göy-göl, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Naftalan şəhər və rayonlarında yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilərək,  ümumilikdə 1400 təlimçi hazırlanmış, onlar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin edilmişdir.

Bundan əlavə cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə maarifləndirmə funksiyasını yerinə yetirən və narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası cəzaçəkmə müəssisələrində nümayiş olunub.

İctimai maarifləndirmə tədbirləri Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 300x600 sm ölçüdə sosial lövhələr Bakı şəhərinin müxtəlif küçə və prospektlərində, yol kənarlarında ümumilikdə 45 lövhənin yerləşdirilməsi təmin edilmişdir.

Həmçinin Bakı şəhərinin 95 avtobus dayanacağında və 2 yeraltı piyada keçidində sosial xarakterli lövhələr quraşdırılmışdır.
Bundan əlavə, narkotiklərin və narkomanlığın ziyanı barədə xəbərdaredici bildirişlər əks olunan müxtəlif ölçülü 25 sosial lövhə  metro stansiyalarında quraşdırılmışdır.
Eyni zamanda, Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə əlaqədar qanunsuz dövriyyədə olan və narkomanların gündəlik qeyri-tibbi yolla istifadə etdikləri narkotik vasitələrin, psixotrop maddələrin ümumi təsviri, istifadəçilərə təsiri, törətdiyi ağır nəticələr və riskin digər növləri haqqında ətraflı məlumatları özündə əks etdirən yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar çap olunmuşdur. Təbliğat materiallarında olan məlumatlar narkotik vasitələrin, psixotrop maddələrin növlərinə görə onu qəbul edən insanların davranışında, psixikasında və zahiri görünüşündə baş verən dəyişikliklər, həmçinin başqalarının təsiri altına düşməkdən yayınma, narkomanlığın profilaktikası və əhalinin maarifləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. 
“26 iyun-BMT-nin Narkotiklərlə mübarizə günü” ilə  əlaqədar:

- narkomanlıqla mübarizədə profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının işçi qrupu tərəfindən tanınmış incəsənət ustalarının iştirakı ilə hazırlanan “Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir” adlı yeni sosial rolik cari ilin 22 iyun tarixindən etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bütün dayanacaqlarında yerləşən Avtobus İnformasiya Terminal monitorlarında və “BakuBus” MMC-yə aid avtobuslarda mövcud olan monitorlarda işıqlandırılmış;
- həmin video çarx Bakı şəhərinin mərkəzi küçələrində yerləşən elektron reklam tablolarında uzun müddət yayımlanmış;
- qeyd olunan sosial çarx “Park Bulvar”, “MetroPark” Ticarət və Əyləncə Mərkəzlərinin bütün monitorlarında, o cümlədən ölkə üzrə kinoteatr şəbəkəsi olan “CinemaPlus LLC” şirkətinə məxsus kinoteatrlarda (“Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzi, “Amburan Mall”) kinofilmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə uzunmüddətli nümayiş olunmuş;
-”Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi qeyd 23 iyun tarixindən etibarən (20 gün müddətində) Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron məlumat lövhələrində işıqlandırılmış;
- şəhər və rayon  İcra hakimiyyətlərində fəaliyyət göstərən bütün yerli komissiyalar tərəfindən maarifləndirici silsilə tədbirlər keçirilmiş və təşkil olunan tədbirlər barədə məlumatlar (foto və video görüntülər də əlavə olunmaqla) Dövlət Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun təşkilatçılığı ilə həyata keçirilən ictimai maarifləndirmə tədbirlərinin davamı olaraq narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildiriş və əlaqə vasitələri (Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/372-82-44) cari ilin 13 iyul tarixindən etibarən 10 gün ərzində “Azercell Telekom” MMC-nin 3 milyondan çox abunəçisinə SMS şəklində göndərilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunda 2016-cı ilə dair ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri məlumatlar əsasında Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində Ölkə Məruzəsi hazırlanmış, həmçinin “İki Sahil” qəzetində razılaşmaya əsasən hər həftə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə məlumatlar dərc edilmişdir. 

Dövlət Proqamının müvafiq bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində təbliğat aparılmasını nəzərə alaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq geniş məlumatlar verilmiş, səhifənin daimi olaraq yenilənməsi və təbliği istiqamətində müvafiq işlər həyata keçirilmişdir.    

Eyni zamanda Dövlət Komissiyasının www.nmdk.gov.az ünvanlı rəsmi saytı vahid sistem konsepsiyası altında daha müasir dizayna və yeni veb 2.0 proqramlaşdırma texnologiyalarına əsaslanaraq yenilənmiş, veb saytın məlumatların idarəetmə sisteminin əlavə olaraq 2 dildə (rus və ingilis) yaradılması, yüksək effektivlik və sürət imkanlarına sahib PHP proqlamlaşdırma texnologiyaları üzərində qurulması, həmçinin xəbər və məqalələrin müxtəlif sosial şəbəkələrdə paylaşılması təmin edilmişdir.
Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummili siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkotizmin profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, respublika rəhbərliyinin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Əminliklə söyləyə bilərik ki, Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaqdır. 

Fəqan Şahverdiyev
Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyasının
İşçi qrupunun rəhbəri




Baxılıb: 1361