Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların sağlamlığı sosial sahədə prioritet məsələlərdən biridir. Çünki sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin 6 martında Bakıda ən müasir dünya standartları səviyyəsində inşa edilmiş növbəti müalicə-sağlamlıq mərkəzinin açılışında dediyi bu sözlər, ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətinin milli genefondun qorunması olduğunu bir daha təsdiq edir. Dövlət başçısı öz çıxışlarında bir məqamı daim nəzərə çatdırır ki, davamlı inkişaf, həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni islahatlarla yanaşı, cəmiyyətin sağlamlığı ölkənin gələcəyi üçün müstəsna önəm kəsb edir. Bu baxımdan gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə böyük önəm kəsb edir.

Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Buna görə də qabaqcıl dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını daha da təkmilləşdirmək sahəsində səylərini artırırlar.

Bu bəşəri bəla ilə mübarizə Azərbaycan üçün də aktual ictimai və sosial məsələdir. Ölkəmizdə bununla bağlı müvafiq dövlət proqramları çərçivəsində ardıcıl siyasət, zəruri tədbirlər, o cümlədən maarifləndirmə işi həyata keçirilir. “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanları və ictimai təsisatların fəaliyyətini əlaqələndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Narkomaniya bütövlükdə cəmiyyət üçün təhlükə təşkil etdiyi üçün onunla mübarizəni də cəmiyyət səfərbər olaraq aparmalıdır. Ötən müddətdə həyata keçirilən iki proqram (2000-2006 və 2007-2012-ci illər) və hazırda icrası davam edən 2013-2018-ci illər üçün Dövlət Proqramı bu sahədə dövlətin müxtəlif qurumlarının və ictimai təşkilatların qarşılıqlı fəaliyyətinə zəmin yaradıb. Bu istiqamətdə zəruri maarifləndirmə işlərinin həyata keçirilməsində mədəniyyət müəssisələrinin, tədris və təhsil qurumlarının, incəsənət ocaqlarının, eləcə də yaradıcı insanların, habelə medianın üzərinə böyük məsuliyyət düşür.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və nazirliyin tabeliyindəki təşkilatlar tərəfindən də müvafiq işlər görülür. Nazirliyin 12 iyul 2013-cü il tarixli əmri ilə Dövlət Proqramının icrası üçün Tədbirlər Planı təsdiq edilib və artıq beşinci ildir ki, həyata keçirilməkdədir. Bununla bağlı ötən bir ildə reallaşdırılan fəaliyyət geniş spektri əhatə edərək mədəniyyət ocaqlarında çeşidli layihələr - sərgilər, tamaşa və film nümayişləri, “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar və s. tədbirlərlə yadda qalıb.

Narkomaniya ilə mübarizədə ilk addım maarifləndirmədir. Əhalinin, xüsusən gənclərin narkomaniya və onun törətdiyi xəstəliklər haqda məlumatlarının, biliklərinin az olması ağır nəticələrə yol açır. Bunu qismən də olsa aradan qaldırmaq üçün təbliğat və profilaktika işlərinin daha düzgün, effektiv aparılması çox vacibdir. Bu baxımdan tədris müəssisələrində həyata keçirilən tədbirlər xüsusi önəm kəsb edir. Nazirliyin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci, eləcə də paytaxtdakı, şəhər və rayonlardakı uşaq musiqi və incəsənət məktəblərində bu mövzu təlim-tərbiyə işinin mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir.

Narkomaniyanın fəsadlarının cəmiyyətin, özəlliklə yetişən nəslin diqqətinə çatdırılması, bununla bağlı yaradıcı meyillərin təşviq edilməsi məqsədilə gənc rəssamların əl işlərindən ibarət sərgilərin, mövzu üzrə müsabiqələrin təşkili də maarifləndirmənin mühüm istiqamətlərindəndir. Ötən bir ildə yerlərdəki rəsm qalereyaları bu mövzulu layihələrə geniş yer ayırıb.

Kürdəmir Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi üzvlərinin və 1 saylı tam orta məktəb şagirdlərinin rəsm əsərlərindən ibarət “Sağlamlığımız öz əlimizdədir” adlı sərgi, Ağstafa Dövlət Rəsm Qalereyasında “Ağ ölümün qara fəsadı”, Tovuz Dövlət Rəsm Qalereyasında “Narkomaniya cəmiyyətimizin bəlası”, Qazax Dövlət Rəsm Qalereyasında “Ağ ölümə qarşı mübarizə” adlı sərgilər bu qəbildəndir. Astara Dövlət Rəsm Qalereyası tərəfindən məktəblilər arasında keçirilən rəsm müsabiqəsi və əl işləri sərgisi, Neftçala Dövlət Rəsm Qalereyasının 3 saylı tam orta məktəbdə təşkil etdiyi sərgi, Lerik Dövlət Rəsm Qalereyası, Saatlı Dövlət Rəsm Qalereyası və digər rayon-şəhər qalereyalarının keçirdikləri sərgilər də bu mövzuda olub. Qeyd olunan tədbirlər, həmçinin narkomaniyanın ağır fəsadlarına dair məktəbli və gənclərlə, valideynlərlə söhbət və mühazirələrlə müşayiət olunub.

Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin strukturu təkmilləşdirilib və 2017-ci ilin yanvarından Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və 15 regional Mədəniyyət və Turizm idarəsi fəaliyyətə başlayıb. Regional idarələrin təşkili yerlərdə fəaliyyətin daha əlaqəli təmin olunmasına zəmin yaradıb. Ötən müddətdə idarələrin tabeliyindəki müəssisələrdə - muzeylərdə, kitabxanalarda, klublarda narkomaniya və narkotik vasitələrin fəsadlarından bəhs edən sərgilər, maarifləndirici görüşlər, “dəyirmi masa”lar keçirilib, kompozisiya və səhnəciklər nümayiş olunub.

Keçirilən tədbirlərə tədris ocaqları da cəlb olunur, narkomaniyanın insan həyatı və cəmiyyət üçün təhlükəsinin böyüməkdə olan nəslə çatdırılmasına xüsusi önəm verilir. Bu baxımdan Abdulla Şaiqin mənzil-muzeyində Şuşa Humanitar Kollecinin, Bakı şəhər 141 saylı orta məktəbin müəllim, tələbə və şagirdlərinin iştirakı ilə keçirilən “İşıqlı gələcəyimizi söndürməyək”, Azərbaycan İstiqlal Muzeyinin Yasamal rayonu Şəfiqə Əfəndizadə adına 13 saylı tam orta məktəbdə təşkil etdiyi “Narkomaniya - bəşəriyyətin bəlası” və digər tədbirləri qeyd etmək olar. Tədbirlərdə mövzu ilə bağlı film, slayd-şou və sərgi nümayiş olunub.

Dövlət Proqramının icrasını təmin etmək məqsədilə respublikanın şəhər və rayon kitabxanalarında da silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Milli Kitabxanasının fonduna narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair yeni ədəbiyyat alınıb, dövri mətbuat məqalələrinin tammətnli resursları hazırlanaraq elektron bazaya yerləşdirilib, yeni ədəbiyyat sərgiləri təşkil olunub. C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da kitab sərgiləri, “Narkomaniya - gəncliyin məhvi”, “Müasir yeniyetmələr, gənclər arasında cinayətkarlıq və narkomaniya” mövzulu “dəyirmi masa”lar təşkil edilib. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında da mövzu diqqət mərkəzindədir. “Gəlin, gələcəyimizi qoruyaq!” adlı metodik vəsaitdə yeniyetmələrin maariflənməsi məqsədilə müxtəlif tədbir formaları qeyd edilib.

Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərində (MKS) bu istiqamətə müvafiq işlər görülür. Bakı şəhəri M.Ə.Sabir adına Kütləvi kitabxanasında narkomaniyaya qarşı mübarizə ilə bağlı “Dumanlı beyin” adlı ədəbi-bədii kompozisiya, Binəqədi, Yasamal, Xəzər, Nərimanov, Nəsimi və paytaxt üzrə digər rayon MKS-lərdə, eləcə də Lənkəran, Yevlax, Mingəçevir, Şirvan şəhər, Abşeron, Ağdam, Balakən, Biləsuvar, Göygöl, Goranboy, Gədəbəy, Kəlbəcər, Hacıqabul, Samux, Şəmkir, Şuşa, Siyəzən, Sabirabad, Yardımlı, Zəngilan, Qobustan, Quba, Qubadlı, Qəbələ və s. rayon mərkəzi kitabxanalarında və kitabxana filiallarında hüquq-mühafizə orqanları əməkdaşlarının, ziyalıların, ictimaiyyət və din xadimlərinin iştirakı ilə “dəyirmi masa”lar təşkil edilib. Ağcabədi rayon MKS-nin Yeni Qaradolaq kənd kitabxanasının təşkilatçılığı ilə kənd orta məktəbində, Zərdab rayon Yarməmmədbağı kənd kitabxanasının kənddəki orta məktəbdə təşkil etdiyi tədbirlər də narkomaniyaya qarşı mübarizədə mədəniyyət ocaqları ilə təhsil müəssisələrinin əməkdaşlığına nümunədir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin, bəşəri bəlanın ağır fəsadlarının incəsənətin təsirli vasitələrindən biri kimi teatr tamaşalarında əksini tapması çox vacibdir. Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası artıq bir neçə ildir ki, davamlı olaraq respublikanın şəhər və rayonlarında nümayiş olunur. Səhnə əsəri narkotiklərlə mübarizə və QİÇS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici teatr tamaşasıdır. Sumqayıt və Gəncə dram teatrlarında bu mövzuda tamaşalar (Kamran Nəzirlinin “Narkoman” və Şəfa Vəlinin “Bəyaz ölüm” əsərləri əsasında) hazırlanıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında səhnələşdirilən “Ağ ölüm” tamaşası təhsil ocaqları ilə birgə layihə əsasında yeniyetmə və gənclərə nümayiş olunur. Yerlərdə klub və mədəniyyət evlərinin bu xüsusda təşəbbüsləri təqdirəlayiqdir. Lerik rayon Zəriküməco kənd klubunda keçirilən “Narkotiklərə yox deyək” adlı tədbirdə məktəblilər yazıçı Səyavuş Süleymanlının “Meyvəsiz bağ” əsəri əsasında səhnəcik göstəriblər.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Respublika Xalq Teatrları Festivalında da aktual problemə diqqət ayrılıb. Festivalın 2017-ci il 12-14 iyun tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində gerçəkləşən final mərhələsində İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı “Narkomaniya bəlası” adlı tamaşa təqdim edib.

Narkomanlığın gətirdiyi bəlalar barədə ictimai maarifləndirmənin, xüsusilə yeniyetmə və gənclərin arasında təsirli təbliğat işinin aparılmasında həyata keçirilən tədbir və layihələrlə bərabər, onların kütləvi informasiya vasitələrində işıqlandırılması, medianın bu sahədə rolu da çox önəmlidir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki müəssisələrin - kitabxanalar, qalereyalar, muzeylər, teatrlar, tədris ocaqları və s. təsisatların bu sahədə fəaliyyəti respublikanın media vasitələrində əksini tapır. Həmçinin nazirliyin rəsmi internet saytında, eləcə də nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetində bu fəaliyyət davamlı olaraq işıqlandırılır. Ötən bir il ərzində paytaxtda və regionlarda narkomaniya ilə mübarizə və bu bəlanın sosial-ictimai fəsadlarından bəhs edən tədbirlər - sərgi və bədii kompozisiyalar, “dəyirmi masa” və söhbətlər, teatr tamaşaları və s. barədə “Mədəniyyət” qəzetində bağlı 20-dək müxtəlif səpkili yazılar dərc olunub.

Mədəniyyət və Turizm Nazirliyi




Baxılıb: 184