2017-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

   2017-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

   Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilmişdir ki, onlardan  678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 196-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kq 434,074 qr  müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 ədəd çətənə kolları, 8 kq 915,4 qr güclü təsir edən maddə, 58 kq 162,7 qr zəhərli maddə müsadirə olunmuşdur.

    Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  599 kq 305 qr marixuana (58,4%), 173 kq 714,044 qr tiryək (16,9%), 180 kq 262,668 qr heroin (17,5%), 5 kq 564,2 qr həşiş (0,6%), 1545 ədəd həb, o cümlədən 4 kq 302 psixotrop maddələr (0,1%), 66 kq 677,752 qr digərləri (6,5%) təşkil etmişdir.

    Cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilmişdir ki, onlardan 4-ü 18 yaşadək, 154-ü      18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-ı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-i qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi,  1726-ı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-ı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

    Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 ha 36,86 sot ərazidən 173 ton 430 kq 202 qr (370 min 760 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

    Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülmüş, 1.249 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

    Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 390 nəfər təşkil etmişdir ki, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbilərdir.

    Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 oktyabr 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır.

   İİV-ə yoluxması təsdiq olunmuş 6575 nəfərdən 3029-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2230(74,2%) nəfər dispanser qeydiyyatındadır. 01.10.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4024 nəfər təşkil etmişdir ki, onların da 1760 nəfəri İNİ olmuşdur. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 486 pasiyentdən 106 nəfərində İNİ aşkar edilmişdir.

  2017-ci ilin müvafiq dövrü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 19601 nəfər keçmişdir. Onlardan 1090 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 586 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülmüşdür. Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin edilmiş və 1563 nəfər ekspertizadan keçirilmişdir. Onlardan 943 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilmiş, mülkü işlə bağlı narkoloji tibbi müəsssisəsində məcburi müalicədə olan narkomanlıq xastəliyinə dücar şəxslərin ümumi sayı 27 nəfərdir, onlardan isə 12 nəfərinin müalicəsi hal-hazırda davam etdirilir.

    Həmçinin, 9 ay ərzində 2582 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 939 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1454 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir.Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 216 xəstə müalicə alır. Onlardan 167 nəfəri Respublika Narkoloji Mərkəzində, 49 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.




Baxılıb: 1171