Sağlam cəmiyyət, sağlam gələcək

Müasir dünyanın üzləşdiyi ən ağır sosial-ictimai problemlər sırasında narkomaniya əsas yerlərdən birini tutur. Bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində aparılan islahatlar, ölkənin ümumi inkişafı narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks mübarizəni zəruri etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli fərmanı ilə bu sahədə dövlət siyasətinin əsasları müəyyən edilmiş, həmin siyasətin həyata keçirilməsini təmin etmək, dövlət orqanları və ictimai birliklərin fəaliyyətini əlaqələndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.

Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilməkdədir.

Ölkə başçısının 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiq etdiyi (12 iyul 2013-cü il tarixdə) Tədbirlər Planı həyata keçirilməkdədir. Onu da əlavə edək ki, narkomaniya və digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması ölkə başçısının 2014-cü il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda (bənd 2.4.) da öz əksini tapmışdır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi və tabe təşkilatlar tərəfindən öncəki hesabat dövrlərində olduğu kimi, son bir il müddətində də çoxsaylı tədbirlər, layihələr həyata reallaşdırılmışdır.

Tədbirlər planına əsasən, Mədəniyyət Nazirliyinin tabe təşkilatlarında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, eləcə də 15 regional idarənin - Sumqayıt, Gəncə, Şəki, Xaçmaz, İsmayıllı, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə - muzeylərdə, kitabxana və klublarda, teatrlarda, tədris ocaqlarında narkomaniya və narkotik vasitələrin fəsadlarından bəhs edən sərgilər, maarifləndirici görüşlər, dəyirmi masalar təşkil olunmuş, bu mövzuda səhnə əsərləri hazırlanmışdır.

* * *

Narkomaniyanın insan həyatı və cəmiyyət üçün təhlükəsinin böyüməkdə olan nəslə çatdırılması xüsusi önəm kəsb edir. Bu baxımdan mədəniyyət müəssisələri tədris ocaqları ilə birgə tədbirlərə xüsusi önəm verirlər. Onların bir qismini diqqətə çatdıraq.

Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində 16 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Ağ ölüm”ün qara fəsadı” mövzusunda mühazirə və sərgi təşkil edilmişdir. Sərgidə məktəblilərin akvarel və quaşla kağız və karton üzərində, əsasən karikatura janrında çəkdikləri 30-dək rəsm nümayiş olunmuşdur. Astara Dövlət Rəsm Qalereyası tərəfindən 1 saylı tam orta məktəbdə mövzu ilə bağlı gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilmişdir.

Ümumiyyətlə, yerlərdəki rəsm qalereyalarının layihələri bəşəri bəlaya qarşı təsviri sənət vasitələri ilə maarifləndirmənin geniş imkanları olduğunu göstərir.

Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən “Sağlam həyat uğrunda” adlı sərginin (aprel), Salyan Dövlət Rəsm Qalereyasında təhsil alan şagirdlərin “Narkomaniya əsrin bəlasıdır” mövzusunda sərgisinin (iyun) keçirilməsi, eləcə də digər qalereyaların müxtəlif tədbirləri buna misaldır.

Kitabxanaların bu sahədə fəaliyyəti də təqdirəlayiqdir. Kitabxanalar uşaq və gənclərlə geniş ünsiyyət imkanı olan mədəniyyət ocaqlarıdır. Həmin müəssisələrdə keçirilən maarifləndirici tədbirlər də sayı və əhatə dairəsi ilə seçilir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təşkil olunan silsilə tədbirləri - “Narkomaniya və acınacaqlı həyat” adlı söhbət-mühazirə (yanvar), “Gəncliyimizi qoruyaq, narkomaniyaya “yox” deyək” mövzusunda gənclərlə görüş (mart), “Narkomaniya: ölümə məhkumluq” mövzulu söhbət-mühazirəni (may) və s. ayrıca qeyd etmək lazımdır.

Azərbaycan Milli Kitabxanası tərəfindən 26 iyun - “Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü” ilə əlaqədar olaraq “Narkomaniyaya yox deyək!” adlı kitab sərgisi keçirilmişdir. Milli Kitabxananın fonduna narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair yeni ədəbiyyat alınmış, dövri mətbuat məqalələrinin tammətnli resursları hazırlanaraq elektron bazaya yerləşdirilmişdir.

Ağdaş rayon Mərkəzi kitabxanasında “Narkomaniya ölümə aparan yoldur” adlı söhbət (iyul), Goranboy rayon MKS-nin Mərkəzi kitabxanasının işçilərinin şəhər İnternat məktəbində konfrans, Qazax, Quba, Hacıqabul və başqa rayon-şəhər kitabxanalarında mövzu ilə bağlı dəyirmi masalar keçirilmişdir.

Azərbaycan İstiqlal Muzeyi, paytaxtdakı ev-muzeyləri, habelə bölgələrdəki tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev mərkəzləri özlərinin tədbirlər planında bu mövzunu daim diqqətdə saxlayırlar.

* * *

Narkomaniyanın faciəli fəsadları və gənc nəslin maarifləndirilməsi məsələsinə ayrı-ayrı teatrların repertuarında da yer ayrılmaqdadır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Bakı Uşaq Teatrının, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bu xüsusda maraqlı səhnə layihələri var. Bundan əlavə, Sumqayıt Dövlət Dram Teatrında (Kamran Nəzirli -  “Narkoman”) və Gəncə Dövlət Dram Teatrında (Şəfa Vəli - “Bəyaz ölüm”) mövzuya dair tamaşalar hazırlanmışdır.

Gənc Tamaşaçılar Teatrının repertuarındakı “Ağ ölüm” tamaşasına təhsil ocaqlarının kollektivi, eləcə də da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun üzvlərinin iştirakı ilə baxışlar keçirilmişdir. V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Ayla Həşimovadır. Rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar Manaf Dadaşov, Anar Seyfullayev və başqaları oynayır.

Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası artıq bir neçə ildir ki, davamlı olaraq respublikanın şəhər və rayonlarında nümayiş olunur. Səhnə əsəri narkotiklərlə mübarizə və QİÇS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici tamaşadır. 2017-2018-ci il teatr mövsümündə kollektiv bu mövzuda daha bir səhnə əsərini - “Qeyri-adi məhkəmə” adlı tamaşanı təqdim etmişdir. Tamaşa Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində də nümayiş olunmuşdur.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi isə başa çatan mövsümdə Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” əsəri əsasında hazırlanan tamaşa ilə bölgələrdə qastrol səfərində olmuşdur. Mədəniyyət Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik!” layihə çərçivəsində tamaşa İmişli, Sabirabad, Samux, Goranboy, Balakən və s. rayonlarda göstərilmişdir. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə və başqaları oynayır. Kollektiv səhnə əsərini Bakı Humanitar Kollecində də göstərmişdir.

Bu mövzuda mədəniyyət müəssisələrində həyata keçirilən bütün tədbirlər, layihələr Mədəniyyət Nazirliyinin rəsmi internet saytında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin, şəhər-rayon MKS-lərin, digər müəssisələrin saytlarında, həmçinin nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin səhifələrində mütəmadi olaraq işıqlandırılır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” bu il yekunlaşacaq. Amma bəşəri bəla ilə mübarizə, onun fəsadlarının qarşısının alınması üçün maarifləndirmə tədbirləri bundan sonra da davam edəcəkdir. Çünki bu, hər şeydən öncə, cəmiyyətin sağlamlığı, milli genefondun qorunması, ölkənin gələcəyinin təmin olunması deməkdir.

Bununla bağlı Prezident İlham Əliyevin sözlərini xatırlatmaq istərdik: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir”. Ölkəmizin mədəniyyət ocaqları, Mədəniyyət Nazirliyinin müəssisə və təşkilatları da qeyd olunan problemi daim prioritetlər sırasında saxlayaraq bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.

Mədəniyyət Nazirliyinin Mətbuat xidməti




Baxılıb: 1640