Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə bağlı ilk hazırlıq iclası olub

 23 noyabr  Nazirlər Kabinetində  Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirilib.

 Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənovun yanında keçirilən iclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər müzakirə edilib.

İclasda Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu  İmanquliyev, DGK-nin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi Məsum Rəsulov, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov, Xarici İşlər və Maliyyə nazirliklərinin nümayəndələri və İDEC-in Ankara şəhər Ofisinin müdiri cənab Clement Sze, Ankara şəhər Ofisinin təhqiqatçısı cənab Adnan Mert və ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin xüsusi agenti Jarrod Sumner iştirak edirdi.

Görüşü giriş nitqi ilə açan Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikasının beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə milli hüquqi bazanın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza ataraq, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənərək, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilərək, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında layiqli yer tutduğunu diqqətə çatdırdı.

 Bu bəladan bütün dünyanın əziyyət çəkdiyini qeyd edən Baş nazirin müavini deyib ki, ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının dəstəyi ilə keçiriləcək konfrans ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir.

ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin direktoru Klement Sze iclasda çıxış edərək bu beynəlxalq konfransın əhəmiyyətindən danışıb, təşkilati məsələlərlə bağlı fikirlərini bölüşüb.

Daha sonra İDEC-in bu sahədə öhdəlikləri, eyni zamanda tədbirin keçirilməsi üçün ev sahibliyi edən Azərbaycan Hökümətinin üzərinə düşən vəzifə və öhdəliklərin lazımi və zəruri təşkilatı işlərlə əlaqədar hazırlıq işlərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində görülməsi məqsədilə bütün təklif və suallarla bağlı fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov gələn il ölkəmizdə keçiriləcək tədbirin yüksək səviyyədə təşkil olunacağına əminliklə görüş iştirakçılarının diqqətinə çatdırdı.




Baxılıb: 1434