Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində mətbuat konfransı keçirilib

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov aprelin 15-də Bakıda işə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edib.

  Baş nazirin müavini vurğulayıb ki, ötən il ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası beynəlxalq konfransın ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycana müraciət edib. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət olundu. Belə tədbirlərin Azərbaycanda keçirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı bu konfransın ölkəmizdə təşkili ilə bağlı göstəriş verdi və Prezidentin Sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Bundan sonra Nazirlər Kabinetinin qərarı ilə tədbirə hazırlıqla əlaqədar işçi qrupu yaradıldı.

  Narkotiklərlə Mübarizə üzrə XXXVIBeynəlxalqKonfransda (IDEC) 115 ölkədən 432 nümayəndə iştirakedir. Tədbirə Azərbaycan tərəfindən 100-dən çox nümayəndə qatılıb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mötəbər platforma olan bu konfransda dünya təcrübəsini bölüşmək, informasiya mübadiləsi aparmaq, bu mübarizədə istifadə olunan qabaqcıl texnologiyalarla tanışlıq imkanı yaradılır.

  Konfransın təşkilinə müxtəlif dövlət qurumları ilə yanaşı, könüllülərin də cəlb olunduğunu diqqətə çatdıran Baş nazirin  müavini Bakı konfransı çərçivəsində gənclərlə görüşlərin, eləcə də digər tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.




Baxılıb: 1098