Siyəzən rayonunda narkomanlıqla mübarizə sahəsində təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə Siyəzən rayonunda “Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması” layihəsi çərçivəsində seminar-təlim keçirilib.

  Təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun və Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, və digərləri çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.

    Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib, yeniyetmə və gənclər “Narkomaniyaya yox!” deməyə çağırılıb.

    Təlimdən sonra iştirakçılarla mövzu ətrafında interaktiv söhbətlər aparılıb, onlara narkomanlıqla mübarizəyə dair çap materialları və maarifləndirici bukletlər paylanıb.

   Sonda müəllim və metodistlərə Sertifikatlar təqdim olunub.




Baxılıb: 1107