Narkomaniya bəşəriyyətin faciəsidir

Narkomaniyanı  “ağ ölüm” də  adlandırırlar, bəşəriyyətin böyük bəlası da. Amma nə cür adlandırılmasından asılı olmayaraq dünyanı çənginə alan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılır.  Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq heç bir ölçüyə sığmır.

Bu gün narkotiklə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikdən istifadə hallarının qarşısının alınması daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı  mübarizəyə dair 2019-2024-cü illər üçün “Dövlət Proqramı” icra olunmaqdadır.

Rayon icra hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2019-cu ilin ötən dövründə Astara rayonunda Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirmək üçün Astara Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və idman idarəsinin, Polis şöbəsinin, Təhsil şöbəsinin, Astara Pedaqoji Kollecinin, mədəniyyət müəssisələrinin, YAP rayon təşkilatı Gənclər Birliyinin, rayon Mərkəzi xəstəxanasının və birgə kompleks tədbirlər planına uyğun olaraq müxtəlif mövzularda 26 tədbir-8 seminar müşavirə, 2 rəsm sərgisi, 16 görüş və mədəni-kütləvi aksiyalar keçirilmişdir. Bu tədbirlərdə 1600 nəfərdən çox gənc iştirak etmişdir. Burada “Narkomaniyaya qarşı mübarizə”, “Narkotiklərsiz həyat”, “Narkomaniya bəşəriyyətin faciəsidir”, “Narkomaniya uçuruma aparan yoldur”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir”, “Narkomaniyaya yox deyək” “Sağlam bədəndə, sağlam düşüncə olar”, “Dünya Tütünsüz Günü”, “Sağlam həyat tərzi”, “Sağlamlığımızı qoruyaq” mövzularında məruzə və mühazirələr oxunmuş, söhbətlər aparılmış, seminar müşavirələr keçirilmiş, foto və rəsm sərgiləri təşkil olunmuşdur.

Belə ki, Astara Rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Təhsil şöbəsi, Gənclər və idman idarəsi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Astara rayon təşkilatı ilə birlikdə rayonun təhsil müəssisələrində 2019-cu ilin yanvar-may aylarında “Narkomaniyaya yox deyək” adı altında silsilə maarifləndirici tədbirlər keçirilmiş, şagird və tələbələrə narkomaniya və narkotik vasitələrin ziyanları barədə ətraflı məlumatlar verilmişdir.

Narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində rayon Mərkəzi kitabxanasının Metodika və biblioqrafiya şöbəsində “Narkomaniya və acınacaqlı həyat” mövzusunda tövsiyə ədəbiyyat siyahısı, “Narkomaniya əsrin bəlasıdır” mövzusunda kartoteka tərtib olunmuş, “Ağ ölümə qarşı mübarizə”, “Bəşəriyyətin düçar olduğu bəla”, “Gəlin gələcəyimizi qoruyaq” başlıqları altında kitab sərgiləri təşkil olunmuşdur.

Narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə rayonun ümumtəhsil məktəblərində, mədəniyyət evi, klub və kitabxanalarda, ayrı-ayrı yaşayış məntəqələrində həyata keçirilən tədbirlər “Astara” qəzetində dərc edilmişdir.

Keçirilmiş tədbirlər zamanı iştirakçıları maarifləndirmək məqsədilə hazırlanmış “Narkotiklərsiz həyat”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükəlidir”, “Narkomaniya-uçuruma aparan yol” mövzularında bröşürlər paylanmışdır.

Narkomaniyaya qarşı mübarizədə Astara Rayon Mərkəzi Xəstəxanasında narkoloji kabinet fəaliyyət göstərir. Narkoloji kabinet tərəfindən narkotik vasitələrdən istifadə edənlərin qeydiyyatı aparılır və 418 nəfər narkoman, 17 nəfər alkoqolizmdən əziyyət çəkən qeydiyyata alınmışdır. Həmin şəxslər mütəmadi olaraq müayinə olunaraq xəstəlikdən azad olunmaq üçün daim profilaktik tədbirlər həyata keçirilir.

Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 70 cinayət hadisəsi qeydə alınmışdır. Narkotik vasitələrin satılması ilə bağlı 50 fakt, saxlanması ilə bağlı 17 fakt və narkotik tərkibli bitkilərin əkilib becərilməsinə dair 3 fakt aşkar olunmuşdur.

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması üzrə “Xaş-Xaş 2019” şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 2019-cu ilin hesabat dövründə 3 fakt qeydə alınmışdır. Rayon ərazisində müxtəlif təyinatlı torpaq sahələrindən yaş kütlə halında 94 ədəd kol, 5 kq 395 qram çətənə bitkisi aşkar edilərək götürülmüşdür.

Göstərilən faktlarla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. 

2019-cu ilin ötən dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 1 kq 662.446 qram heroin,  16 kq 620.997 qram tiryək,        6 kq 209.993 qram həşiş qətranı, 5 kq 650.997 qram qurudulmuş marixuana, 128,414 qram psixotrop maddə medanfitamin, ümumilikdə cəmi 74 fakt üzrə 30 kq 272.446 qram narkotik vasitələr aşkar edilib, dövriyyədən çıxarılmışdır.

Azərbaycan Respublikasının ərazisində, eləcə də Astara rayonunda narkomanlığın yayılmasının səbəblərindən biri də narkotik vasitələrin qonşu dövlətlərdən qaçaqmalçılıq yolu ilə müxtəlif vasitələrlə ölkəmizə gətirilməsidir. Astara rayonunun İran İslam Respublikası ilə 100 km-ə yaxın quru sərhədi, 20 km-lik dəniz sərhədi vardır. Burada narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni gücləndirmək məqsədi ilə daha ciddi tədbirlərin görülməsi tələb olunur. Bütün bunlarla birlikdə xüsusi qeyd olunmalıdır ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hamı bir nəfər kimi fəal iştirak etməli, bütün qüvvələr səfərbərliyə alınmalıdır.

Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının rayonda fəaliyyət göstərən Ağsaqqallar Şurası, Qadınlar Şurası, gənclər təşkilatları, Veteranlar Şurası, dini icmalar və digər qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir.

Narkomanlığa, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Astara Rayon Komissiyasının bu sahədə fəaliyyəti xüsusilə əhatəlidir. Narkomaniya  bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimidir. Ona görə də  hər kəs insanlığa bəla olan bu problemlə mübarizədə fəal olmalıdır.

Narkomaniya tələdir. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Allahverən Mahmudov,

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 1222