Narkotik xassəli bitkilərin aşkarlanıb məhv edilməsi diqqət mərkəzində olmalıdır

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2014-2019-cu illər üçün Dövlət Proqramı”nın icrası məqsədi ilə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2019-cu il üçün iş planı təsdiq edilmişdir.       

İş planının 10-cu bəndinə uyğun olaraq, cari ilin aprel-oktyabr ayları ərzində narkotik xassəli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar edilib məhv edilməsi məqsədi ilə yerli hakimiyyət və inzibati orqanlarla birlikdə “Xaş-xaş 2019” şərti adı altında xüsusi axtarış tədbirlərində iştirak etməklə təsərrüfatlara, həyətyanı sahələrə və ərazilərə baxış reydləri keçirilmişdir.

Reydlər zamanı becərilən torpaq sahələrində əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkarlandığı hallarda müvafiq məlumatları, həmçinin bu bitkilərin məhvedilmə prosesini əks etdirən foto və video materialların tərtib olunan aktlara əlavə edilərək Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilmişdir.

Nazirliyin rayon təşkilatlarının mütəxəssisləri tərəfindən ictimaiyyət arasında, məktəblərdə izahat işləri aparılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları arasında maarifləndirmə işləri və narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmişdir.

Nazirliyin yerli qrumlarının mütəxəssisləri tərəfindən Ağdaş, Şəki, Qax, Zaqatala, Göyçay, Şəmkir, Masallı, Salyan, Neftçala, Balakən, Quba, Xaçmaz və Lənkəran rayonlarında, Sumqayıt, Mingəçevir, Şirvan və Gəncə şəhərlərində kənd təsərrüfatı bitkilərinin toxum satışı obyektlərində reydlər keçirilmişdir.

Görülmüş işlər nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə cari ildə xeyli miqdarda yaşıl kütlə halında narkoxassəli bitkilər aşkarlanaraq məhv edilmişdir.

Belə ki, əməkdaşlarımız tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat keçirmişlər.  Ağdaş Rayon Polis Şöbəsi və nazirliyin əməkdaşları tərəfindən may ayının 20-də “Xaş-xaş 2019” şərti adı altında rayonun Cüvə kənd sakininə məxsus torpaq sahəsinə baxış keçirilərkən orada yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın 3200 ədəd çətənə kolları aşkar olunub və kökündən çıxarılaraq yandırma yolu ilə məhv edilmişdir.

Yevlaxda rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyatda Nazirliyin mütəxəssisləri də iştirak etmişlər. Əməliyyat zamanı Yevlax rayonunun Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın olan 1947 ədəd çətənə kolu aşkarlanaraq məhv edilmişdir.

Zərdab rayonunun Bıçaqçı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 4 ton 835 kq olan 5293 ədəd çətənə kolu məhv edilmişdir.

Neftçala Rayon Polis Şöbəsi ilə nazirliyin aidiyyəti əməkdaşları ilə birlikdə Neftçala rayonunun Həsənabad qəsəbə sakini Həsənov Tərlan Soltan oğlunun yaşadığı evin həyətyanı sahəsindən aşkar edilib götürülmüş 540 ədəd narkotik xassəli bitki olan xaş-xaş bitkisi məhv edilmişdir. Rayonun Qədimkənd sakini Zöhrab Hüseynovun Qədimkənd kəndinin çöl sahəsində, Famil Hüseynovun və digər şəxslərə məxsus pay torpaq sahələrinin yaxınlığındakı ərazidə kultivasiya yolu ilə yetişdirilən 62 ədəd narkotik xassəli bitki olan çətənə kolu və Bankə qəsəbə sakini Murad Fərzəliyevin yaşadığı evin həyətyanı sahəsində 5 ədəd şətənə kolu aşkar edilərək məhv edilmişdir.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının və nazirliyin yerli qurumlarının mütəxəssislərinin də iştirakı ilə keçirilən əməliyyat tədbirləri nəticəsində Muxax kənd sakinləri Nazim Məmmədovun, İlqar Mahmudov və Əliabad qəsəbə sakini Orxan Musayevin Muxa kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdikləri 92 ədəd çətənə kolu, habelə 973,4 qram həşiş və 3,81 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.

Şəki rayonunun Baş Göynük kəndində kənd sakininə məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif yerlərində yabanı halda bitmiş, çəkisi 80 kq-a yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq yandırma yolu ilə məhv edilmişdir.

Göyçay Rayon Polis Şöbəsi və nazirliyin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası  ilə məşğul olan Rafiq Yusifovun su kanalına yaxın ərazidə əkdiyi 8 ədəd çətənə bitkisi aşkar edilərək məhv edilmişdir.

Saatlı RPŞ və Nazirliyin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mollavaizli kənd sakini Namiq Mehdiyevin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Xaçmaz rayonunun Ləcət kəndi ərazisində yerləşən meşəlik ərazidə E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu aşkar edilmişdir.

Qax rayonunun  Qıpçaq-Kötüklü kəndi ərazisindəki torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 832 kiloqrama yaxın 2188 ədəd, Qaşqay-Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş ümumi çəkisi 3 tona yaxın 5350 ədəd narkotik tərkibli çətənə kolu kökündən çıxarılaraq yandırılmışdır.  

Nazirlik tərəfindən kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə rayonlarda keçirilmiş seminar və müşavirələrdə aqrar islahatların nəticəsində yaranmış bütün özəl qurumlarla narkomanlığın insanlara vurduğu ağır ziyanların nəticələri barədə söhbətlər aparılmış, onlarının qarşısının alınması sahəsində Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamının əhəmiyyətini nəzərə alıb əhali arasında təbliğatın genişləndirilməsi, yerli inzibati orqanlarla əlaqəli şəkildə ərazilərdə narkotik tərkibli bitkilərin aşkar olunub məhv edilməsi istiqamətində mübarizə işlərinin gücləndirilməsi tövsiyə olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səlahiyyətləri daxilində aidiyyəti qurumlarla birlikdə narkotik  vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Oqtay Hüseynov,

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və
monitorinqi şöbəsinin sektor müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru




Baxılıb: 1877