Lənkaran şəhərində 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar tədbir həyata keçirilmişdir

       Lənkəran Şəhər İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası 2013-cü ilin  iş planına uyğun olaraq 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar aidiyyəti qurumlarla birlikdə bir sıra tədbir həyata keçirmişdir.

         Belə ki, Komissiya rayonda yeniyetmə və gənclərin asudə vaxtının təşkili və asudə vaxtının səmərəli keçirilməsinin təşkili, onlar arasında antinarkotik təbliğin aparılması məqəsdilə Lənkəran Şəhər Gənclər və İdman idarəsi ilə birgə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi, habelə 50 nəfər yaxın ictimai fəal gənc və yeniyetmə iştirak etmişdir.

         Tədbirdə çıxış edənlər müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesin olduğu, dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insanın bu bəladan əziyyət çəkdiyi, narkomaniya və narkobiznesin dünyada  münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması sahəsində mühüm rol oynadığını  tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

         Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi  narkotiklərin insan sağlamlığına zərəri, onun törətdiyi xəstəliklər haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Dəyirmi masa iştirakçıları antinarkotik təbliğatın effektiv üsullarının tətbiqi üzrə fikir mübadiləsi aparmışlar.

         26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” münasibəti ilə narkomanlığın və narkobiznesin cəmiyyətimizdə törətdiyi fəsadları səhnələşdirilmiş şəkildə gənclərin və yeniyetmələrin diqqətinə çatdırılması məqsədilə aidiyyəti qurumların sifarişi əsasında Lənkəran Dövlət Dram Teatrında 19 iyun 2013-cü il tarixdə “Ağ kələğayı” əsərinin ssenarisi üzrə teatr tamaşası səhnələşdirilmişdir.

         Əsərdə narkomaniyanın cəmiyyətimizdə törətdiyi fəsadlardan, ailələrə gətirdiyi bədbəxtliklərdən söhbət açılır. Gənclərin bəzən bilərəkdən, bəzənsə yaxın dost tanışlarının təhriki ilə narkotik maddələrin aludəçisinə  çevrilməsi çox acı nəticələrə gətirib çıxarır. Narkomaniyaya yoluxmuş gənclər ailələrinin köməyi ilə vaxtında aparılan müalicələr nəticəsində bu dəhşətli fəlakətdən qurtulur.

         Böyük maraqla qarşılanan bu tamaşada 250 nəfərə yaxın gənc və yeniyetmə tamaşaçı iştirak etmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası narkomanlığa qarşı mübarizə tədbirlərini bundan sonra da davam etdirəcəkdir.




Baxılıb: 451