Azərbaycan Respublikası Baş nazirinin müavini BMT-nin nümayəndəsini qəbul etmişdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov BMT-nin nümayəndəsini qəbul etmişdir 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov 2013-cw il martın 4-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri Aleksandr Siçov ilə görüşmüşdür.

Görüşdə narkotik vasitələrlə mübarizə və bu istiqamətdə Azərbaycanda görülən işlər, BMT-nin müvafiq sahədə fəaliyyəti və digər məsələlər müzakirə olunmuşdur.

Azərbaycanda narkotik vasitələrlə mübarizə sahəsində xeyli işlərin görüldüyünü diqqətə çatdıran cənab Əli Həsənov qeyd etmişdir ki, ötən il müvafiq istiqamətdə beşillik proqram hazırlanmışdır. Bildirilmişdir ki, narkotik vasitələr ölkəmizə üç marşrutla daxil olur: Əfqanıstan-İran-Azərbaycan; Əfqanıstan-Pakistan-İran-Azərbaycan və Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan. Bu sahədə dördüncü marşrut Əfqanıstan-İran-Dağlıq Qarabağ üzrədir və bu marşrut ilə narkotik vasitələr MDB və Avropa ölkələrinə daşınır. 

Həmçinin, Ermənistan hazırda Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir. Ermənilər narkotik vasitələrin satışından əldə edilmiş vəsaiti müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qrupların hazırlanmasına yönəldirlər.

Dövlət Komissiyasının sədri bildirmişdir ki, narkotik vasitələrlə mübarizə istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən başlanılmış kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev yeni müstəvidə davam etdirir. Dövlətimizin başçısı bu problemin həllinə xüsusi diqqət yetirir.

Aleksandr Siçov müvafiq sahədə BMT-nin fəaliyyətindən danışmış, təşkilatın bu istiqamətdə təsirli nəticələrin əldə edilməsi üçün hər il büdcəni artırdığını qeyd etmişdir. Bildirilmişdir ki, daha ciddi nəticələr əldə etmək üçün donor ölkələrlə birgə işləmək vacibdir.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.




Baxılıb: 1279