Rayon haqqında

Daşkəsən rayonu 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi - rayon olmuşdur.

Daşkəsən rayonunda 1 şəhər, 5 şəhər tipli qəsəbə və 43 kənd vardır, inzibati mərkəzi Daşkəsən şəhəridir, əhalisinin sayı 33 min 405 nəfər, ərazisi 1047 km²-dir.

Rayonda 19 inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 19 bələdiyyə,  26 orta məktəb, 16 ümumi orta məktəblər, 4 ibtidai məktəb, 4 məktəbdənkənar tərbiyyə müəssisəsi, 3 xəstəxana, 5 həkim ambulatoriyası, 23 tibb məntəqəsi, 1 qadın məsləhətxanası vardır.

Həmçinin, rayonda Heydər Əliyev Mərkəzi, İncəsənət məktəbi, Dövlər Rəsmlər Qalereyası, Tarix Diyarşünaslıq Müzeyi, Mərkəzləşmiş Kitabxana Sistemi, 46 kitabxana, 28 klub, 16 mədəniyyət evi fəaliyyət göstərir.

Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir.

Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1047 km²-dir. Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 406 km-dir.

Daşkəsən rayonu təbii sərvətlərlə olduqca zəngindir. Vaxtilə Daşkəsəndə strateji əhəmiyyəti olan dəmir filizi, alüminium, kobalt, mərmər və s. çıxarılmışdır. Rayonun ərazisində qızıl, mis, kobalt, zəy, alüminium, dəmir filizi, əhəng daşı,  mərmər və s.  kimi çox qiymətli təbii faydalı qazıntı ehtiyatları var.




Baxılıb: 2075