Rayon haqqında

Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km2 sahəni əhatə edir. Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir. Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir. Rəsmi məlumata görə, rayon ərazisində 103.6 min nəfər əhali yaşayır.

«Göyçay» əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır.

Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı təxminən XX əsrin 30-cu illərindən başlanmışdır. Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır.

Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. Rayon ərazisində illik yağıntının miqdarı 400-600 mm-dir.

Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Dağlıq hissəsində kolluqlar vardır. Heyvanat aləmi o qədər də zəngin deyil.

Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur.

Göyçay rayonunun təhsil sistemi son illər xeyli inkişaf etmiş, orta təhsil müəssisələrinin sayı artmış, təhsildə irəliləyişlər əldə edilmişdir. Hazırda rayonda pesə litseyi orta ixtisas Məktəbi, 57 orta məktəb fəaliyyət göstərir.10 orta məktəb Göyçay şəhəri ərazisində, 47 məktəb isə rayonun kəndlərində yerləşir. Rayonun təhsil sisteminə həmçinin 5 məktəbdənkənar tədris müəssisəsi, o cümlədən 1 texniki yaradiciliq mərkəzi və 1uşaq yaradiciliq mərkəzi daxildir.




Baxılıb: 1808