Rayon haqqında

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin əsl canlı şahididir. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. Rayonun relyefi əsasən dağlıqdır. Şərqdə və cənub şərqdə əsasən dağətəyi düzənliklərdir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. İqlimi çox yerdə quraq keçən mülayim isti, qışı quraq keçən soyuqdur. Çayları (Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s.) Kür-Araz hövzələrinə aiddir. Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstün­lük təşkil edir. Kolluqlar və enliyarpaq meşələri var. Üzümü və yaşıl mərməri ilə məş­hur olan Rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit­kiləri yetişdirilir. Ra­­yon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.                                                                                        

Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxın­lığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.

Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi əra­zisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxın­lı­ğındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kən­dində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi əra­zisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar. Xocavənd torpağı ölkəmizə çoxlu sayda tanınmış siyasətçilər, mədəniyyət xadimləri, rəssamlar, şairlər, yazı­çılar, jurnalistlər, müğənnilər, idmançılar, sərkər­dələr, igidlər bəxş etmişdir.

1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənilər tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin işğal tarixləri:

Tuğ kəndi 30.10.1991

Salakətin kəndi 30.10.1991

Xocavənd kəndi 19.11.1991

Axullu kəndi 09.01.1992

Qaradağlı kəndi 17.02.1992

Muğanlı kəndi 02.10.1992

Əmirallar kəndi 02.10.1992

Kuropatkin kəndi 02.10.1992

Günəşli kəndi 23.07.1993

Xətai kəndi 20.08.1993

   Rayonun ümumi sahəsi 1458 km­­2, 01.01.2013-cü il tarixə rayon əhalisi 42,2 min (o cümlədən azərbaycanlılar – 11,146 min) nəfərdir.

Rayonda 1 şəhər, 2 iri qəsəbə, 82 kənd var. Bu kəndlərdən 10-u azərbaycanlılar yaşayan kəndlərdir. Təcavüz nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş sakinlər Respublikanın 36 şəhər və rayonlarında müvəqqəti məskunlaşmışlar.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə Xocavənd rayonunun Nərgiztəpə adlanan ərazisində  memorial abidə -xatirə kompleksi yaradılmışdır. Abidə kompleksinin məhz bu ərazidə qurulması mahiyyət etibarı ilə bir neçə cəhətdən əhəmiyyətlidir. Belə ki, 1993- cü ilin sonları və 1994-cü ilin əvvəllərində Xocavənd rayonunun Nərgiztəpə, eləcədə, digər ərazilərinin düşmən tapdağından azad olunması uğrunda və ümumiyyətlə Xocavənd istiqamətində qanlı döyüşlər getmiş, bu ərazilər dəfələrlə əldən-ələ keçmiş,  müqəddəs Vətən torpağının hər qarışı Xocavəndlilərlə yanaşı ölkəmizin müxtəlif bölgələrindən olan igid oğulların qanları ilə suvarılmışdır. Həmin dövrdə düşmənə sarsıdıcı zərbə endirən silahlı qüvvələrimiz uğurlu döyüş əməliyyatları keçirərək Xocavənd Rayonunun – Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan böyük bir ərazini düşmənlərdən azad etməyə müvəffəq olmuşlar. Eyni zamanda bu ərazilərin Dağlıq Qarabağın işğaldan azad olunmuş hissəsi olması və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində 1116 saylı inventar nömrəsi ilə qeydə alınmış orta Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə hesab edilən Nərgiztəpə maddi mədəniyyət abidəsinin burada yerləşməsi və 1994-cü ilin 10 aprel tarixində Ümummilli Lider Heydər Əliyevin burada Xocavənd taborunun döyüşçüləri ilə səngərdə görüşməsi və onlarla söhbət etməsi faktları bu ərazilərin mahiyyət etibarı ilə böyük əhəmiyyət daşımasını şərtləndirir.




Baxılıb: 1007