Rayon haqqında

İsmayıllı rayonu 1931-ci ilin noyabr ayının 24-də yaradılmışdır.  Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı   qəzasının, kiçik bir  hissəsi isə Şəki qəzasının tərkibində olmuşdur. Rayon ərazisinin zəngin tarixi keçmişi vardır. Ərazidə olan tarixi abidələr və tarixi keçmişimizə aid tapılan çox saylı maddi-mədəniyyət nümunələri bunu təstiq edir. Rayonun ərazisi uzun müddət erazmızdan əvvəl  IV əsrin sonu eramızdan əvvəl III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur.

Rayonun ərazisi 2074 kv km-dir. Rayon şimaldan Quba, şərqdən Şamaxı, cənub-şərqdən Ağsu, cənubdan Kürdəmir, cənub-qərbdən Göyçay və qərbdən Qəbələ rayonları ilə həmsərhəddir.

Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə və 105 kənd var. Əhalisi 82.5 min nəfərdir . Əhalinin 84,4 %-i azərbaycanlılardan, 15,2 %-i ləzgilərdən, ruslardan və digər xalqların nümayəndələrindən ibarətdir.  Rayonun relyefi əsasən dağlıqdır. Yer səthinin hündürlüyü dəniz səviyyəsindən 200 m-dən 3629 m-dək (Babadağ) dəyişir. Ərazidə Göyçay, Girdiman, Axox, Əyriçay, Sulut və s. çaylar, Yekəxana və Aşıqbayram süni sututarları mövcuddur. Rayonun cəmi torpaq fondu 215875 hektar, bundan 22058 hektarı qış, 13555 hektarı yay otlağıdır. Kənd təsərrüfatının istifadəsində olan torpaqlar 96630 hektar, o cümlədən yararlı sahə 36463 hektardır.

Ərazisinin 66799 hektarı meşə örtüyündən ibarətdir. Rayonda İsmayıllı Dövlət Qoruğu fəaliyyət göstərir. Rayon ərazisinin bir hissəsi Şahdağ Milli Parkına daxil edilmişdir.

Rayonun təbiəti çox zəngindir. Meşələri palıd, şabalıdyarpaq palıd, vələs, fısdıq, qızılağac, ağcaqayın, qovaq, quşarmudu, dəndə, cökə və s. ağaclardan ibarətdir. Burada dağkəli, dağkeçisi, köpkər, maral, cüyür, ayı, qaban, vaşaq, tülkü, canavar, dələ, yenot, meşə pişiyi, qırqovul, kəklik, qartal, şahin, tetra, ular və s. heyvan və quşlar geniş yayılmışdır.

Rayonun bir sıra yaşayış məntəqələri, xüsusilə Lahıc və Basqal qəsəbələri, İvanovka, Qalacıq, Talıstan, Diyallı kəndləri özünün qədim tarixi və əsrarəngiz gözəlliyi ilə fərqlənir. Lahıc və Basqal tarix və mədəniyyət qoruqları elan edilmişdir. 




Baxılıb: 1916