Rayon haqqında

Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla ölkəmizin ən qədim insan məskənlərindəndir.  Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha ”, “Bayqara “ mağaraları, Hoçaz kəndindəki mağara-məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər tariximizin maraqlı, dəyərli və nadir sənət əsərlərindəndir.  

Bununla yanaşı, rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi (XI əsr), Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olmuşdur.

Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur. 
Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü “məğrurluq” mənasını bildirir.

Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58736 (01.01.2013-cü il tarixə 72.2 min nəfər) nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 57 şəhər və rayonunda məskunlaşmışdır. 
     Eyni zamanda hazırda məcburi köçkünlük həyatı yaşayan, rayonun rəsmi mətbuat orqanı olan “Laçın “ qəzeti 1931-ci ildən nəşr olunur. 

Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda, Laçın rayon İcra Hakimiyyəti başçısının aparatı, rayonun bütün icra strukturları, idarə, müəssisə və təşkilatları Ağcabədi rayonu ərazisindəki “Taxta-körpü” köçkünlər qəsəbəsində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir.

Ümumi sahəsi 1835 km² olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
Rayonun əhalisi 01 yanvar 2013-cü il tarixə 72.2 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.

Rayon əhalisinin 35.7 min nəfəri kişilər, 36.0 min nəfəri isə qadınlardan ibarətdir. Rayonun yaşı 85-dən yuxarı olanların sakinlərinin sayı 669 nəfər, yaşı 100-ü keçənlərin sayı isə 16 nəfərdir.

Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıq təşkil edir. Rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki ədəd asfalt zavod, beton zavod, texniki təchizat birliyi, suvarma sistemləri idarəsi, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki ədəd daş karxanası, avtonəqliyyat müəssisəsi, təhsil, səhiyyə, mədəniyyət, ticarət, ictimai iaşə, rabitə, kommunal müəssisələri və digər idarə müəssisələr fəaliyyət göstərirdi.




Baxılıb: 1824