Rayon haqqında

Sabirabad rayonu 1930-cu ilin avqustun 8-də təşkil olunub. 1931-ci ilin oktyabrın 7-də Petropavlovka adlanan rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verilib. Saatlı rayonu rayon statusu aldığı 1943-cü ilin mayın 25-dək Sabirabadın tərkib hissəsi olmuşdur. 1963-cü il yanvarın 4-də Saatlı rayonu yenidən Sabirabadla birləşdirilmiş, bu 1965-ci ilin yanvarın 14-dək davam etmişdir. 1952-ci il noyabrın 7-də rayon mərkəzinə şəhər tipli qəsəbə, 1959-cu ilin dekabrın 4-də isə şəhər statusu verilmişdir. Ərazisi 1469,4 min kv.km-dir, 1 şəhər və 74 kənd vardır. Əhalisi 161,9 min nəfərdir.

Rayon Kür və Araz çayının qovuşduğu yerdə yerləşir, ərazisinin bir hissəsi Kür çayının sağ sahilində yerləşən Muğan düzündə, bir hissəsi Kür çayının sol sahilində Şirvan düzündə, bir hissəsi də Araz çayının sol sahilində Mil düzündə yerləşir. Rayonun şimaldan Kürdəmir, şərqdən Şirvan, cənub-şərqdən və cənubdan Biləsuvar, qərbdən Saatlı və İmişli rayonları ilə  sərhədi vardır. Sabirabad rayonu dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.

Rayonda Dövlət sosial iqtisad kolleci, Peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət və 77 səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir.

Muğanın çox zəngin tarixi var. Enolit dövrünə aid arxeoloji tapıntılar bu yerlərdə yaşayışın çox qədimlərə aid olduğunu göstərir. Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Surra, Qaratəpə, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları, Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aiddir.

Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi.

Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi.

Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar da aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə «Sabirabad dəfinəsi» kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axistana (XII əsrin sonu), II Toğrula (1177-1194), II Fərubuza məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.

IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın (Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.

Müasir Sabirabad - tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941-981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410-1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvanşahlar bəylərbəyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyinə daxil idi.

Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu Bakıxanov «Gülüstani-İrəm» əsərində yazırdı ki, «1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi». Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar.

Abbasqulu Bakıxanov «Bakı xanlıqları tarixindən» adlı əsərində yazırdı: «15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi».

XVIII əsrin 40-cı illərində  Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.

Cavad 1768-ci ildə Quba xanlığına tabe edildi. 1813-cü il 12 oktyabr tarixli Gülüstan sülh müqaviləsinə əsasən, Azərbaycan xanlıqlarının bir hissəsi ruslar tərəfindən işğal olundu. Muğan ərazisi də Rusiya əsarətinə alındı. Rusiyada həyata keçirilən inzibati ərazi islahatları nəticəsində 1868-ci ildə Bakı quberniyasının tərkibində yeni bir qəza-Cavad qəzası yaradıldı

Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli ukraynalı kəndli köçürüldü və həmin yaşayış məntəqəsi 1888-ci ildən Petropavlovka adlandırıldı. Petropavlovka Bakı quberniyasının Cavad qəzasının tərkib hissəsi idi. 1901-ci ildə bu ərazidə cəmi 87 təsərrüfat olmuş, 1907-ci ildə həmin ərazilərdə rus kəndlərinin sayı 13-ə çatmışdı. 1913-cü ildə isə burada pambıqtəmizləmə zavodu, iki kustar sənaye müəssisəsi-dəyirman işə salınmışdı.

Azərbaycanın yenidən Sovet Rusiyasının tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-də Petropavlovka ilk dəfə Salyan qəzası Dairə İnqilab Komitəsinin yerli dövlət hakimiyyəti orqanı kimi fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprelin 8-nə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayının 8-də VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcrayyə Komitəsinin 476 №-li qərarına əsasən, mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.




Baxılıb: 4248