Rayon haqqında

Şuşa  Azərbaycanın  unikal  mədəniyyət  mərkəzlərindən  biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır.

1977-ci ildə  ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin illər Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət  və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır.

1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin əhalinin qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.

Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və  inkişaf etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi  Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu «Şuşa»(şüşə – glass) adlandırmışlar.

Pənahəli xan və İbrahimxəlil xan Qarabağın paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə inkişaf etdirmişdilər. Şəhər on yeddi əsas məhəlləyə bölünmüşdü: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli,Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Ağadədəli, Saatlı, Köçərli, Merdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə. Bu məhəllələr son dövrlərə qədər qalmışdır.

XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının “Şəhər əsasnaməsi”nın (1785) 28-29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur. Dəniz səviyyəsindən təxminən 1400-1800 metr yüksəklikdə yerləşən Şuşa hər tərəfdən uzunluğu 400-600 metrə yaxın olan dərələrlə, daha yuxarılarda isə Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları ilə əhatə olunmuşdur. Şəhərin qərb tərəfi dəniz səviyyəsindən hündürdür, Cənub tərəfi nisbətən hündür və horizontal düzənlikdir. Bura “Cıdır düzü” adlanır. Şuşanın ancaq bir nəqliyyat yolu var. Ağdam-Əsgəran-Xocalı-Xanbağı-Ağa körpüsü-Şuşa. Bu yol şəhərin mərkəzinə qədər uzanır. Şuşanın şərq tərəfindəki o qədər də hündür olmayan təpə “Dövtələb” adlanır.

Şuşa Qarabağın sənətkarlıq mərkəzi olmuşdur. Şəhərdə müxtəlif sənət sahələrinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi, tədricən mədəni mərkəzə çevrilməsi onun şöhrətini uzaqlara yaymışdı. Şuşa Təbriz, İsfahan, Tehran, İstanbul, Moskva, Nijni-Novqorod və başqa şəhərlərlə  ticarət əlaqələrini saxlamışdı.

İlk dövrlərdə Şuşa cəmi 162 ailənin məskunlaşdığı kiçik yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədlərindən məlum olur ki, bu ailələrin hamısı azərbaycanlılardan ibarət idi. Bu o deməkdir ki, Şuşanın əsasını azərbaycanlılar qoymuş və ilk dövrdə burada ancaq azərbaycanlılar yaşamışlar. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq XVIII əsrin sonu – XIX əsrin əvvəllərində burada 2 mindən çox ailə yaşayırdı.

XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-u azərbaycanlı, 4.366-sı xristian idi.

1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra çar Rusiyası Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən, ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə, Rusiya təkcə 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü. Ermənilərin Cənubi Qafqaza köçürülmələri bundan sonra kütləvi xarakter almışdı.  Məhz bu köçürmələrin nəticəsində 80 il ərzində Cənubi Qafqazda ermənilərin sayı təxminən 4,5 dəfə artmışdı.

Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər onun köməyilə şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci il avqustun 16-da silahlandırılmış ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər, Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli insanı qətlə yetirdilər.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin bərqərar edilməsi Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə” adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı soyqırım və deportasiya siyasəti yeridirdilər. 1920-1922-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox zadəganları  əhalinin gözü qarşısında güllələnmişdi.

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin, 1923-cü il iyulun 7-də vilayətinin mərkəzi Xankəndi (sonralar «Stepanakert» adlandırılmışdır) seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları məkrli planları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.

Şuşa rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. İnzibati mərkəz statusundan məhrum edilməsi Şuşanın sonrakı həyatına ciddi təsir göstərdi. Vilayət rəhbərliyinin laqeyd münasibəti nəticəsində şəhər özünün əvvəlki görkəmini və şöhrətini itirməyə başladı. Uzun müddət burada tikinti-abadlıq işləri görülmədi, əksinə, tarixi-memarlıq abidələrinin bəziləri vəhşicəsinə dağıdıldı.

Ərazisi 289 kv. km-dir. 1 rayon tabeli şəhər, 1 qəsəbə, 37 kənd olmaqla 39 ərazi vahidi vardır. Kəndləri bunlardır: Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqulular, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şüşülü, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqulular, Həsənqulular, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər.

Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Dünyada ən uzun mineral su kəmərinin – otuz iki kilometrlik məsafədən Narzan tipli Şırlan “Turş su”yunun birbaşa şəhərə çəkilməsi Şuşanın kurort şöhrətini daha uzaqlara yaymışdı. Şuşa sanatoriyası həm də balneoloji kurort kimi fəaliyyət göstərirdi.

Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim isti və soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda -4C0-dən -1 C0-ə qədər, iyulda isə nisbətən 16-19 C0, illik yağıntının miqdarı  700-800 mm olur.

Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, gilli dağ-çəməndir və kserofil kolluqlar mövcuddur.

Daşaltı Dövlət Təbiət Qoruğu Şuşa və Əsgəran rayonları ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilmişdir. 400 hektar ərazini əhatə edirdi.

Şuşa rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1984-1986-cı illərdə burada aparılmış kompleks hidrogeoloji tədqiqatlar nəticəsində üst və orta sulu komplekslərin altı perspektiv sahə üzrə yeraltı su ehtiyatları qiymətləndirilmişdir.

Şuşa şəhəri 08 may 1992-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Əhalisi 01 fevral 2013-cü il tarixə olan məlumata əsasən 30887 nəfərdir. Şuşa rayon əhalisi  respublikanın 55  şəhər və rayonunda müvəqqəti  məskunlaşmışdır.




Baxılıb: 600