Rayon haqqında

Tərtər rayonu 1934-cü ildə yaradılmışdır, ərazisi 960 kv.km, 01.01.2013-cü il tarixə əhalinin sayı 100.038 nəfərdir. Əhalinin sıxlığı (1 kv.km-ə düşən əhali) - 104 nəfər, şəhərlərin sayı 2 (Tərtər, Ağdərə), qəsəbələrin sayı 1 (Şıxarx), kəndlərin sayı  74, bələdiyyələrin sayı 29-dur.

Tərtər rayonunun mərkəzi ilə Bakı şəhəri arasında olan məsafə 332 km-dir. Tərtər rayonu Bərdə, Yevlax, Ağdam, Goranboy, Kəlbəcər rayonları ilə həmsərhəddir.

Qarabağın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Son dərəcə gözəl və səfalı bir ərazidə yerləşən Tərtər barədə Aleksandr Düma demişdir: “Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər”.

Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar.

Tərtərin yerləşdiyi coğrafi mövqe onun inkişafında mühüm rol oynamışdır, əhali əkinçilik, maldarlıqla yanaşı ticarətlə də məşğul olmuşdur.

Rayon əvvəllər Yelzavetpol quberniyasının Cavanşir qəzasının mərkəzi olmuş, 1920-ci ilin aprel ayında Cavanşir qəzası təşkil edilərək, həmin ildə Tərtər sahəsi yaradılmış və 1920-22-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuşdur. 1922-ci ildə onun adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılmışdır. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur.

Tərtər rayonu Kür - Araz ovalığının qərb hissəsindədir. Kiçik Qafqaz sıra dağlarının şimal-şərqində yerləşən Tərtər rayonu Qərbdən Şərqə doğru meyllidir, dəniz səviyyəsindən 227,1 metr hündürlükdə yerləşir.

Qışı quraq keçən mülayim isti və yarımsəhra quru çöl iqlimi var. Torpağı şabalıdı, boz və çəmən-boz qrupuna aiddir.

1940-cı ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur. 1947-49-cu illərdə rayonun mərkəzi şəhər tipli qəsəbəyə çevrilmişdir. 1963-cü ildə rayon statusu ləğv edilərək ərazisi Bərdə rayonuna birləşdirilmişdir. 1965-ci ildə Bərdə rayonunun tərkibindən çıxarılaraq yenidən Mirbəşir adı ilə müstəqil rayon olmuşdur.

Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqillik qazanmış, 1991-ci ilin fevral ayında rayonumuzun tarixi adı-Tərtər özünə qaytarılmışdır.

Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.
İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir.

Rayonun ərazisində Tərtər, İncəçay, cənub sərhəddindən isə Xaçın çayı axır. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır. Dağlıq sahədə tabaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları neft, daş kömür, tikinti materialları, səpinti qızıl və s. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əkinçilik və maldarlıq inkişaf etmişdir. Tərtər rayonu Yuxarı Qarabağ iqtisadi rayonuna daxildir.

Tərtər rayonunun əvvəllər ərazisi 412 kv.km olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi, 1 şəhəri və 1 qəsəbəsi, yəni 548 kv.km ərazisi Tərtər rayonunun inzibati ərazi vahidinə daxil edilmişdir.

Ağdərə rayonundan Tərtər rayonuna verilmiş 26 yaşayış məntəqəsindən Şıxarx qəsəbəsi, Çaylı və Həsənqaya kəndləri istisna olmaqla, digər 23 yaşayış məntəqəsi erməni hərbi birləşmələrinin işğalı altındadır.




Baxılıb: 4947