Rayon haqqında

Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Ərazisi 0,85 min kvadrat kilometrdir. Əhalinin sayı 01 yanvar 2011-ci il tarixə 81000 nəfər, əhalinin orta sıxlığı 1 kvadrat kilometrə 94 nəfərdir. 

Ucar rayonu ilə Bakı şəhəri arasındakı məsafə 234 kilometrdir. Rayonun tabeliyində 1 şəhər, 15 kənd ərazi vahidi vardır. Kəndlərin sayı 29-dur. Rayonun mərkəzi Ucar şəhəridir. 

Ucar rayonu 24 yanvar 1939-cu ildə müstəqil rayon kimi təşkil olunana qədər Göyçay rayonunun tərkibində olmuşdur.

Ucar rayonu Bakı şəhərindən 234 km qərbdə - Şirvan düzündədir. Mərkəzi Ucar şəhəri olmaqla, “Bakı-Tbilisi” dəmir yolunun, “Bakı-Gəncə” və “Göyçay-Zərdab” magistral avtomobil yollarının qovşağında yerləşir. 

Səthi ovalıqdır. Ərazinin şərq və cənub-şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Boz-çəmən torpaqları vardır. Ümumi torpaq fondu 83398 hektardır. 

Su mənbələri Göyçay çayı,Türyançayın qolu olan Qarasu çayı və Yuxarı Şirvan kanalıdır. Baş Şirvan kollektoru Ucar rayonunun cənubundan keçir. 

Ərazidə Tuqay meşələri var. Heyvanları - canavar, çaqqal, tülkü, tarlasiçanı, qumsiçanı, bataqlıq qunduzu, quşları turac, qırqovul və sairdir. 

Ucar rayonu şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. “Bakı-Tbilisi” dəmir yolunun və maqistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır. 

Yayı quraq keçən isti, yarımsəhra və quru-çöl iqlimi vardır. Əsas kənd təsərrüfatı bitkiləri taxıl, pambıq, tərəvəzdir. 




Baxılıb: 2463