Rayon haqqında

   Tərkibi – 1 şəhər, 1 qəsəbə, 40 kənd

   Ərazisi – 0,86 min km2

   Əhalisi – 55,3 min nəfər

   Zərdab rayonu ilə Bakı şəhəri arasında məsafə - 231 km

   Zərdab rayonunun telefon kodu – 020 29

Zərdab rayonu Aran iqtisadi rayonunda, Mərkəzi Aran zonasında, Şirvan düzündə yerləşir. Rayonun səthi düzənlikdir, ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdadır. Kür, Göyçay və Türyançay çayları rayonun ərazisindən keçir. Zərdab rayonu Ucar dəmir yolu stansiyasından 35 km məsafədədir. Qış və yay otlaqlarının mövcudluğu bütün il boyu heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır. Sututarları balıq yetişdirilməsi üçün əlverişlidir. Ərazidə neft-qaz yataqları aşkar edilmişdir. Rayon Ağdaş, Ucar rayonları ilə, digər tərəfdən isə təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Beyləqan, Bərdə, Ağcabədi rayonları ilə əhatə olunmuşdur. i

Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi (quru subtropik iqlim) xarakterikdir. Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Yay aylarında havanın temperaturu + 35-400-yə çatır. Mütləq maksimum temperatur + 41-440-yədək yüksəlir. Havanın orta aylıq temperaturu yanvarda + 30, iyulda + 270 təşkil edir. İllik yağıntının həcmi 335 mm-dir.

Rayon əhalisinin sayı  01.01.2013-cü il tarixə 55,3 min nəfər, əhalinin orta sıxlığı isə 1 km2-də 64,3 nəfərdir. Əhalinin  22 %-i şəhərdə, 78%-i kəndlərdə yaşayır.

Zərdab rayonu 05 fevral 1935-ci ildə təşkil olunmuşdur. Bu vaxtadək Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. 01 yanvar 1963-cü ildə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir. 06 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir. Bir çox mənbələrdə Zərdab sözünün fars dilindəki zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığı göstərilir, xəstəlik yayan sarı su mənasını verdiyi bildirilir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə, iylənmiş su mənasında işləndiyini iddia edirlər.

Başqa bir mənbədə Zərdab sözünün “qızıl su” mənasını verdiyi bildirilir. Çünki o vaxtlar Kür və Qarasu çaylarının daşması nəticəsində suyun çökəkliklərdə, axmazlarda yığılan hissəsi əkinçilər üçün qızıl qədər əhəmiyyətli olurdu.

Zərdabın tarixinə gəlincə qeyd etmək lazımdır ki, bugünkü Zərdab şəhəri hələ 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Zərdab rayonunun ərazisi arxeoloji baxımdan demək olar ki, öyrənilməmişdir.

Torpaq örtüyü əsasən boz-çəmən torpaqlardır. Humusun miqdarı (bitki və orqanizm qalıqları) 2 faizdir. Yovşanlı-şoranlı, yovşanlı-efemerli yarımsəhra bitkiləri üstünlük təşkil edir. Ümumiyyətlə, yarımsəhra bitkilərinin inkişaf etdiyi bu zona məhsuldar qış otlaqlarıdır. Kür çayı yatağına yaxın sahələrdə axmaz və göllərin ətrafında gilli-qamışlı bataqlıq çəmən-çöl bitkilərinə rast gəlinir. Kür çayı boyunca Tuqay meşələri uzanır. Yarımsəhrada təbiətin insanlara payı olan yaşıl zolaq həm torpaqqoruyucu, həm sahilbərkidici rol oynayır, həm də iqlimini yumşaldır. Rayonun iqlimi pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik bitkilərin yetişdirilməsi üçün əlverişlidir.

Rayon ərazisində ən çox rast gəlinən heyvan və quş növləri canavar, tülkü, boz dovşan, çöl siçanı, çaqqal, dələ, turac, kəklik, qırqovul, göyərçin, alabaxta, sığırçın, qaratoyuq, ağacdələn, arıquşu, sərçə, ağ vağ, qarabatdaq, torağay, qarğa və sairləridir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2011-ci ildə rayonun iqtisadiyyatının əsas sahələrində 84,3 milyon manatlıq məhsul və xidmətlər istehsal olunmuşdur. Rayonda Kür çayı sahilləri boyunca turizmin inkişafı üçün əlverişli imkan və şərait vardır.




Baxılıb: 696