Şəhər haqqında

Dəniz səviyyəsindən 400-450 m yüksəklikdə yerləşən Gəncə şəhəri Azərbaycanın qərbində, paytaxt Bakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyində, Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir.

Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən olmuşdur .

Gəncənin yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, zəngin filiz yatağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialları, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir. Gəncənin də daxil olduğu Albaniya ərazisinin münbitliyi haqqında eramızın I əsrində yaşamış görkəmli coğrafiyaşünas Strabon yazırdı: “Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir.

Oradan axan Kür və onun qolları torpağın münbitliyini artırır. Üzüm tənəkləri heç vaxt toxa ilə üzülmür və hər beş ildən bir kəsilir. Yeni tənəklər artıq ikinci ildən bar gətirirlər, boy atmışları isə o qədər bar verirlər ki, onun çox hissəsi tənəyin üzərində qalır. Eyni ilə, onlarda həm ev, həm də vəhşi heyvanlar gözəl artıma malikdirlər.

 Bu ölkə bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla çoxlu böyük və xırda balıqlar gətirir. O gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldur, zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır. Yırtıcı heyvanlar: aslanlar, qaplanlar, barslar, və çoxlu quşlar; qartallar, şahinlər və onlara oxşarlar da vardır”.

VII əsr tarixçisi Musa Kalankaytuklu Albaniyanı belə təsvir edir: “Albaniyadan artıq qədim zamanlardan Azərbaycanı Gürcüstan və Ön Asiya ilə birləşdirən yol keçirdi. Bu zəngin ərazidə təşəkkül tapan möhtəşəm şəhərlərdən biri də Gəncə idi”.

Görkəmli mütəfəkkir Əbdür - Rəzzaq İsfahani Gəncənin malik olduğu təbii şəraiti yüksək dəyərləndirərək demişdir: “Bütün dünya üzündə Gəncə kimi bir şəhər görməmişəm. Behişt rəngli, müşk qoxuludur Gəncə. Suyu gülabdır, torpağı zəfərandır onun. Sərin, səfalı havası vardır. Orada torpaq hər anda sanki vəcdə gəlir, oyanmaq istəyir”.

Şübhəsiz yuxarıda göstərilən faktlar geniş ərazini əhatə edən Gəncəbasar ərazisində şəhərsalma mədəniyyətinin 3000 ildən artıq bir dövrü əhatə etdiyinin bariz nümunəsidir.

Gəncə şəhərinin 3000 illik tarixə malik olmasını şərtləndirən mühüm amillərdən biri də onun yerləşdiyi coğrafi mövqeyidir. Bu gün də Gəncənin tarixi-coğrafi mövqeyi deyildikdə Gəncəbasar ərazisi nəzərdə tutulur. Sözü gedən ərazi tarixin müxtəlif mərhələlərində, mərkəzi Gəncə şəhəri olmaqla Gəncə-Qarabağ bəylərbəyliyi, Yelizavetpol quberniyası, Gəncəbasar adlandırılmışdır. Tariximizin hazırkı mərhələsində də Gəncə şəhərinin tarixi ərazisi Gəncə-Qazax iqtisadi rayonu və ya Qərb bölgəsi adlandırılmaqdadır. Adı çəkilən ərazi Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməkdədir.

Şəhərin ərazisi 110 kv.km., əhalisi: 01.08.2012-ci il tarixə rəsmi qeydiyyatda 322367 nəfərdir. Məşğul əhalinin əsas hissəsi emal sənayesində, təhsildə, nəqliyyat və digər xidmət, ticarət, ictimai iaşə sahələrində çalışır. Şəhər 6 inzibati qəsəbədən - Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natavan, Məhsəti, Sadıllı qəsəbələrindən ibarətdir.

Şəhər ərazisində 362 idarə və müəssisə, o cümlədən 79 iri, orta və kiçik sənaye müəssisəsi, “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt filialı, onun 21 Poçt şöbəsi və Müştəri Xidmətləri şöbəsi, Gəncə Telekommunikasiya İdarəsi, 12 ATS, 8 mehmanxana, 150-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə “Det.Al-Alüminium” MMC, Gil-torpaq istehsalat sahəsi, Gəncə Avtomobil zavodu, “Şərab-2” ASC-dir.




Baxılıb: 940