Rayon haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə V.H.İmanov Bakı şəhəri Pirallahı rayonu İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.

 

Xəzər dənizinin qərb sahillərində yerləşən Abşeron arxipelağının Pirallahı adlanan ən böyük adası burada içməli su olması səbəbindən uzaq keçmişdən insanların yaşayış məskəninə çevrilmişdir. Pirallahı adası Abşeron yarımadasından şərqdə, Xəzər dənizində ən böyük adalardan biridir. Adanın sahəsi 17,56 (1755,49 ha) km2, uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir.

   

Hələ Antik dövr çoğrafiyaşünaslarından romalı Pomponi Mela (I əsr) və yunanıstanlı Klavdi Ptolomey (II əsr) yazırdılar ki, Albaniyanın gündoğanında, Xəzər dənizində içməli şirin suyu olan Talxe adası var (ehtimal olunur ki, bu, Pirallahının tarixə məlum olan ilk adlarından biridir), bol meyvə və tərəvəz yetişən həmin adanın torpağı da, barı da Tanrıya məxsusdur. Demək, o zamanlar ada müqəddəs yer sayılırmış, gəlirlərinin bir hissəsi məbədə, bir hissəsi isə kahinlərə sərf olunurmuş. Ərəb xilafəti dövründə tərtib edilən xəritələrdə Pirallahı adası qeyd olunur. “Pir” sözü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir, “ocaq”, “müqəddəs yer” anlamında işlədilir. Pirallahı – yəni Allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII – VIII yüzilliklərdən sonra “Pir” sözünə “Allah”da əlavə edilmiş və ada “Pirallahı” adlanmağa başlamışdır.

Pirallahı adına ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Görünür sonradan bu qədim ziyarət yeri İslam aləmi tərəfindən də müqəddəs bir yer kimi qəbul edilmişdir. İslam dini özündən əvvəlki səmavi dinləri və kitabları qəbul etdiyindən, İslamdan qabaqkı əsatirlərin, müqəddəs övliya və pirlərin, ibadət yerlərinin sonradan müsəlman ziyarətgahına çevrilməsi orta əsrlərdə bir növ ənənə şəklini almışdı. Beləliklə, aydın görünür ki, Pirallahının tarixi haqqında hələ İslamdan 8-9 əsr əvvəl verilən məlumatlarla adanın adı uyğun gəlir.

   

XVIII əsr Rusiya coğrafiyaşünaslığında adanın min illərin dərinliyinə gedən tarixi nəzərə alınmışdı. Pirallahı sözünün rus dilinə edilmiş tərcüməsinə 1723-cü ildə I Pyotrun Xəzərin cənubuna təşkil olunan səfərində iştirak etmiş “Avtronal” yelkənli gəmisinin növbə jurnalında aparılmış qeydlərdə də rast gəlinir. Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar sırasında Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışdılar. Bu isə “Pir” və ya “Pirallahı” sözünün sadə, lakin düzgün bədii çevrilməsidir.

   

Pirallahının abidələri haqqında məlumatlara Azərbaycanda olmuş səyyah və alimlərin yol qeydlərində və əsərlərində rast gəlmək mümkündür. XVIII əsr alman səyyahı və həkimi İ.Lerx (1703-1780) “Onun həyatı və səyahətləri” əsərində Pirallahı abidələri barədə məlumat vermişdir. Səyyahın əsərində “Pir” adasının və Abşeron yarımadasının üzbəüz sahilinin sxematik planı əks olunmuşdur. İ.Lerx yarımadanın qurtaracağında üç bürc və iki məqbərənin, adada isə ətrafında çoxlu sayda başdaşları olan bir məqbərənin olduğunu göstərmişdir. Lerxin əsərinə əlavə edilmiş sxematik təsvirdə Pirallahı adasında türbələr və üç müdafiə bürcünün olduğu da aydın görünür. Pirallahıda sovet dövründə məhv edilmiş kitabələr arasında qoyunşəkilli qəbirdaşların təsviri faktları da çox maraqlıdır.

Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix verib. O sübut edib ki, burada zəngin neft ehtiyatı var. Tanınmış geoloq M.V.Abramoviç 1926-cı ildə Azərbaycan Neft Təsərrüfatı jurnalında yazırdı ki, geoloqlar Kraft, Arxipov və Sulikidze hələ 1870-ci ildə Pirallahıda işləyərkən burada ilk neft quyusunun istismar edildiyinin şahidi olublar. Həmin vaxt neft istismar quyusundan 132 metr dərinlikdən hasil edilirmiş. Əgər bu quyu 1870-ci ildə istismarda olubsa, təbii ki, orada qazma işləri həmin müddətdən xeyli əvvəl aparılıb. Bu faktın özü neft tariximizin, konkret olaraq Azərbaycanda qazılan ilk istismar quyusunun (indiyədək Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının başlanması tarixi 1871-ci il, məkanı isə Balaxanı göstərilir) "təvəllüd"ünün daha qədimliyi barədə düşünməyə əsas verir. Pirallahıda geniş axtarış-qazma işlərinə isə 1897-ci ildən başlanılıb. O zaman hələ neft-qaz geologiyası mükəmməl axtarış-kəşfiyyat üsullarına malik deyildi. Odur ki, kəşfiyyat işləri sahibkarların şəxsi fikirləri əsasında sistemsiz həyata keçirilirdi. Bununla belə, yataqda Azərbaycanın digər rayonlarına nisbətən qısa müddətdə kütləvi kəşfiyyat işləri aparılmış və ərazidə neftayırma və parafin zavodu tikilmişdi. Dənizdən neft və qaz çıxarmaq üçün birinci təcrübə-sınaq dəniz özüllərinin inşasına cəhd edilmişdi.

   1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyularının qazılmasına start verirlər. 1902-ci ilin dekabr ayında 44 nömrəli quyunun sınağı zamanı neft alınır və həmin vaxtdan Qirməki və Qirməki altı lay dəstəsi horizontlarında axtarış-kəşfiyyat işləri aparılır.

Pirallahı adasında neft tapılandan sonra burada əsaslı dəyişikliklər baş verir. Daşdan yaşayış və sənaye tikililəri, 50 min kubmetr tutumu olan anbar, 1420 kilovat gücündə istilik elektrik stansiyası, mexaniki emalatxanalar və digər istehsalat obyektləri inşa edilir. Eyni zamanda, adada, quru sərhədlərdən kənarda mütəmadi şəkildə kəşfiyyat işləri aparılır. 1925-ci ildə adaya inqilabçı, sovet dövlət və partiya xadimi Artyomun – F.A.Sergeyevin (1883-1921) adı verilir.
1928-1929-cu illərdə müəyyən edilir ki, adanın neft yataqlarının əsas hissəsi onun şimal sərhədlərində, Xəzərin suları altında yerləşir. Bu vaxt Bibiheybət mədənlər qrupu sistemində “Artyom” adına 10 nömrəli mədən yaradılır.

   1935-ci ildə neft hasilatı dünya təcrübəsində ilk dəfə olaraq dənizə addımlayır. Adadan şimala doğru böyük bir sahədə qazma işləri aparılmağa başlayır. Burada qazılmış ilk quyunun yaşı indi 78-i haqlayır. Neftçilərin sadəcə olaraq "birinci quyu" adlandırdıqları həmin 157 nömrəli quyu bu gün də neft verir. Başqa sözlə, bu quyu öz varlığı ilə neft tariximizi, dünyada ilk dəniz quyusunun məhz Azərbaycanda qazıldığını təsdiqləyir. Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan vermişdir ki, adada yeni obyektlərin tikintisi aparılsın, yaşayış evləri inşa edilsin, yeni qəsəbə salınsın. Pirallahı adasında neft hasilatı ilə məşğul olan “Abşeronneft” NQÇİ-nin (o vaxt – “Artyomneft” tresti) əsası 1936-cı ildə qoyulmuşdur. Pirallahı qəsəbəsinə 1936-cı ildən Azərbaycan SSRİ Bakı şəhər Sovetliyinin Əzizbəyov rayonunu tərkibində şəhər tipli qəsəbə statusu verilmişdir.  Elə həmin illərdə Bakı şəhəri tərkibində Artyom rayonu da yaradılır və 1963-cü ilə qədər fəaliyyət göstərir.
   Pirallahını Abşeron yarımadası ilə birləşdirmək məqsədilə 1939-cu ildə Moskva şəhərində Yanacaq Sənayesi Xalq Komissarlığı tərəfindən “Damba” adlanan körpü-bəndin tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahillə birləşdirən körpünün tikintisi 1941-ci ildə başlanmış, 1943-cü ildə başa çatmışdır. 1943-cü ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb. O vaxta qədər ada ilə sahil arasında nəqliyyat vasitəsi kimi qayıq, gəmi və katerlərdən istifadə olunub. “Damba”nın tikilməsi ilə Pirallahı süni yarımada statusu almışdır.

   Pirallahıda yeni neft yataqlarının istismara başlanması 2-ci dünya müharibəsi illərinə təsadüf edir. Neftə daha çox ehtiyac olduğu nəzərə alınaraq Pirallahı adasına dövlət səviyyəsində maraq daha da artır. 1947-ci ildə adanın cənub qurtaracağında dənizdə “Gürgən-dəniz” neft yatağı aşkar edildi. 1950-ci ildə kəşfiyyat işləri nəticəsində “Darvin bankası” yatağı açıldı. 1961-ci ildə “Abşeron bankası” adlanan yeni yataqda kəşfiyyat işlərindən ilk müsbət nəticələr alındı və xeyli neft hasil edildi. “Abşeron bankası”nın istismarına 1966-cı ildən başlanıb. 1989-cu ildən “Qərbi Abşeron” neft yatağı istismara verilib. 1991-ci ildə “Artyomneft” adı ləğv edilərək idarəyə “Abşeronneft” NQÇİ adı verilmişdir. 1992-ci ildə Milli Məclisin qərarı ilə adanın qədim adı – Pirallahı özünə qaytarılmışdır. 

   Çilov - Xəzər dənizinin Abşeron körfəzində eyni adlı arxipelağa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis (fars adıdır) adlanıb.

   Neft Daşları - dünyada ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Neft Daşları şəhər tipli qəsəbədir və hazırda Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara daşlarınn" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.

   1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye üsulu ilə karbohidrogenləri əldə etməklə bəşər tarixində yeni səhifə açdılar. Həmin gün “Neft Daşları” yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Hələ XIX əsrin əvvələrində (1798-1830-cu illər) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən özüldən cəmi bir quyu qazılmışdı.
  Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan “Pirallahı”, “Gürgən-dəniz”, “Darvin bankası” yataqları işlənməyə başlanmışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur.

   Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Bortunda görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri Neftçisi, SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev, görkəmli Azərbaycan geoloqu Ə.Əliyev və buruq üzrə mütəxəssis, 1947-ci ildə yaranmış "Azneftkəşfiyyat" təşkilatının rəhbəri S.Orucov olan kiçik bir gəmi ("Pobeda") adacıqlara yaxınlaşdı və mütəxəssislər kiçik bir adaya düşdülər. Onlar burada ilk burğu qurğusunu və qazmaçılar briqadası üçün cəmi 14 m2 sahəsi olan evcik tikdilər.

    7 noyabr 1949-cu ildə Neft Daşlarında 1№-li quyu 942 m dərinlikdən (Qala lay dəstəsindən) gündə 100 ton hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur. Sosialist Əməyi Qəhrəmanı, əfsanəvi qazma ustası Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazmışdır. Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan “Dünya kifayət deyil” (ing. The World Is Not Enough) filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.

    Gürgən- qəsəbə 1946-cı ildə salınmışdır. Qəsəbə ərazisində qədim tarixi abidələr - "Bulaq" və köhnə qəbiristanlıqdır. Qəsəbədə bir orta məktəb ( 231№-li tam orta məktəb), bir uşaq bağçası ("Qağayı"), bir mədəniyyət evi, poçt şöbəsi (127 saylı) və "Xəzər iaşə" MMC fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin izmaladığı 3 fevral 2014-cü il tarixli "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" na əsasən Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.


Pirallahı rayonu Bakı şəhərinin 12 inzibati rayonundan biridir. Rayonda 4 qəsəbə və 3 bələdiyyə mövcuddur.

 

Qəsəbələrin adları, əhalisi

 

Qeyd: 01.03.2015-ci il tarixinə demoqrafik vəziyyət haqqında məlumat

 

Əhalinin ümumi sayı

19 899 nəfər

Pirallahı

16640 nəfər

Neft Daşları

407 nəfər

Çilov

1692 nəfər

Gürgən

1160 nəfər

                                                                         

Ərazisi                  

                                 

Ümumi ərazisi

71,12 (7 112 ha) km2

Pirallahı

17,55 (1755,49 ha) km2

Neft Daşları

6,0 ( 600,0 ha) km2

Çilov

11,4 (1140,0 ha) km2

Gürgən

36,16 (3 616 ha) km2


Bələdiyyələr 

 

Pirallahı

Çilov-Neft Daşları

Gürgən

 

  Yerli əhali əsasən azərbaycanlılar olsa da, burada ləzgi, tatar, rus, avar, və başqa xalqların nümayəndələri də yaşayır. Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və məcburi köçkün düşmüş 876 nəfər soydaşımız hazırda rayonun pansionat, sanatoriya və uşaq düşərgələrində, bağ sahələrində məskunlaşmışlar.

 




Baxılıb: 323