Rayon haqqında

Ağstafa rayonu inzibati vahid kimi 1939-cu il yanvarın 24-də təşkil olunmuş, 1959-cu ilin dekabrın 4-də ləğv olunaraq Qazax rayonuna birləşdirilmiş, 1990-cı ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Qazax rayonundan ayrılaraq yenidən rayon statusu almışdır.

Ağstafa  rayonunun ərazisi 1504 kv.km, əhalisinin sayı 82500 nəfərdir. Əhalinin 61851 nəfəri kənddə, 20649 nəfəri şəhərdə yaşayır. Rayonda  1 şəhər, 9 qəsəbə və 29 kənd vardır.  Rayon əhalisinin 53022 nəfəri əmək qabiliyyətlidir. Əmək qabiliyyətli əhalinin 11924 nəfəri işləyir, 4222 nəfəri təhsil alır. Rayon əhalisinin 99 faizi azərbaycanlıdır. 

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə rayondan 147 nəfər şəhid olmuşdur. Rayonda 90 nəfər Qarabağ əlili, 31 nəfər Çernobıl əlili və 45 nəfər Əfqanıstan müharibəsi veteranı yaşayır.

Hazırda rayonda 39 kitabxana, 13 mədəniyyət evi, 1 musiqi məktəbi, 3 muzey, 1 rəsm qalereyası, 25 klub vardır. Rayon əhalisinə Mərkəzi xəstəxana, 1 kənd xəstəxanası, 18 kənd həkim  məntəqəsi, 15 kənd tibb məntəqəsi  səhiyyə xidməti göstərir.  

Rayon Təhsil Şöbəsində gənc nəslin təlim tərbiyəsi ilə 1745 müəllim məşğul olur. Rayonda 39 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tədris müəssisəsi, 34 uşaq bağçası fəaliyyət göstərir.

Ağstafa rayonu ərazisində 376 ailə 1320 nəfər Ermənistan, 72 ailə 315 nəfər  Özbəkistan qaçqını, Qarabağın işğal rayonlarından 20 ailə 68 nəfər, Qazax rayonunun işğal olunmuş kəndlərindən 74 ailə 234 nəfər məcburi köçkün yaşayır.

Rayonda 1 nəfər Sovet İttifaqı Qəhrəmanı, 5 nəfər Milli Qəhrəman, 4 nəfər Sosialist Əməyi Qəhrəmanı, 2 nəfər Prezident təqaüdçüsü vardır.

Ağstafa rayonu Gürcüstan Respublikası ilə 87 km, Ermənistan Respublikası ilə 17 km sərhəddə yerləşir.




Baxılıb: 503