Komissiyasının tərkibi

Balakən rayonu inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Rayon Azərbaycanın Şimal-qərbində Böyük  Qafqazın cənub yamaclarında, Alazan Həftəran vadisində yerləşir, şimalda  45 km məsafədə Rusiya Federasiyası (Dağıstan Muxtar Respublikası), qərb və cənub-qərbdə 65 km məsafədə Gürcüstan Respublikası, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir. Ərazisi 934 km2 olan Balakən rayonunun 45,4 min hektarını meşələr, 32,8 min hektarını Dövlət qoruğu, 18,2 min hektarını əkin sahələri, 6,9 min hektarını bağlar təşkil edir. Ümumi torpaq fondu 92,4 min hektardır.

Rayonun relyefi şimalda və şimal-qərbdə dağlıq, cənubda isə düzənlikdir. Dağlar əsasən meşəli dağlardır və şimalda alp düzənliklərinə qədər uzanır. Zaqatala Dövlət Qoruğunun dörddə üç hissəsi  Balakən rayonu ərazisində yerləşir. Qoruq Şimaldan Rusiya, Qərbdən Gürcüstan Respublikası, cənubdan Alazan-Həftəran vadisinə qədər uzanan alçaq dağlıq zonanın yamacları ilə əhatələnir. Qoruğun ərazisi 47,349 min hektardır. Bunun 83 %-ni meşələr, 10,5 %-ni subalp və alp çəmənlikləri, 4 %-ni daşlıq, sıldırımlı sal süxurlu zirvələr, çılpaq dağ yamacları təşkil edir. Burada yüksəklik fərqi xeyli geniş amplitudda – 600-3000 m arasında dəyişir. Ərazinin mürəkkəb səth quruluşu var.

Ən hündür dağ zirvələri: Quton zirvəsi, Saqaltar zirvəsi

Aşırımlar: Qubek, Tinovrosso (Suayıran)

Şəlalə: Katex şəlaləsi – hündürlüyü 20 m, eni 4 m-dir.

Yanvar ayında orta temperatur  - 1,5; - 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur.

Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 40 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir.

Balakən rayonu olduqca zəngin faydalı qazıntı ehtiyatına malikdir. Bunlardan ən böyükləri Filizçay, Tenros, Katsdağ və Katex kolçedan polimetal yataqlarıdır. Bu yataqlar mis, qurğuşun, sink və kükürdlə zəngindir. Ehtiyatlarına görə Filizçay Avropada ən iri yataqlardan biri sayılır.

Zəngin ehtiyatlara malik Balakən meşələrində fıstıq, palıd, şabalıd, eldar şamı, ağ şam, qara şam, cökə, vələs, qoz, qızılağac, lapan, qovaq, yalanqoz, göyrüş, fındıq, qafqaz xurması, dəmir ağac və s. ağaclar bitir. Müalicə və süfrə suları istehsalı məqsədi ilə  istifadə oluna biləcək təbii süfrə suları və kükürdlü sular mövcuddur.

Ərazidən axan çaylardan ən böyükləri Mazım, Katex, Balakən və cənubda axan Alazan çaylarıdır. Bu çaylar yazda qar, yayda və payızda yağış sularından daşqın əmələ gətirən çaylar qrupuna daxildirlər. Çayların qidalanmasında əsas yeri yeraltı, qar və yağış suları tutur. Yaz mövsümündə, bəzən də iyun ayında yağan yağışlar qarın ərimə prosesini sürətləndirərək tez keçən daşqınlar əmələ gətirir. Odur ki, çay suyunun çox hissəsinin daşqın şəklində axması və lillənməsi onun geniş istifadəsinə maneçilik törədir. Yağıntı bol (1600-1400mm) olduğu üçün çay şəbəkəsi sıxdır.

Rayonun ərazisində 1 şəhər, 1 qəsəbə, 18 kənd inzibati ərazi dairəsi, 57 yaşayış məntəqəsi var. Rayon mərkəzindən Bakı şəhərinədək olan məsafə 441 km-dir.




Baxılıb: 1893