Rayon haqqında

Azərbaycan Respublikasında inzibati rayon olan Biləsuvar rayonu (keçmiş Puşkin) vaxtı ilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla, 1930-cu ildə təşkil edilmişdir. 1938-ci ildə Biləsuvarın adı dəyişdirilərək rus şairi Aleksandr Sergeyeviç Puşkinin şərəfinə Puşkin rayonu adlandırılmışdır.

Düz yarıməsrdən də çox vaxt keçəndən sonra Azərbaycan Respublikası Ali Sovetinin  07 fevral 1991-ci il tarixli sessiyasının qərarı ilə Biləsuvarın tarixi adı özünə qaytarılmışdır.

Azərbaycan Sovet Ensklopediyasının  ikinci cildində verilən məlumatda Biləsuvarı X əsrdə Büveyhi Əmiri Piləsuvarın saldırdığı göstərilir. Bir sıra tarixçilər isə Muğanda xəzərlər, massəqətlər və s. tayfalarla yanaşı bilyər və suvarların da yaşadıqlarını qeyd  edir və belə bir nəticəyə gəlirlər ki, Biləsuvar iki tayfanın – “Bilyər və Suvarların cəmləşib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer” mənasını verir.

Biləsuvar rayonunun ərazisi 1360 kv.km-dir. Aran iqtisadi zonasına daxil olan və Muğan düzündə yerləşən Biləsuvar qərbdən İran  İslam Respublikası ilə, həmçinin  Cəlilabad, Salyan, İmişli, Saatlı və Sabirabad rayonları ilə həmsərhəddir. Rayon mərkəzi  Biləsuvar şəhəridir.

Rayon dəniz səviyyəsindən 50-100 metr yüksəklikdə yerləşir. Ən yaxın dəmir yol xətti qonşu Cəlilabad rayonunun Novoqolovka dəmir yolu xəttidir. (41 km)

Relyefi yarımdüzənlikdir. Rayonun qərb hissəsində torpaqlar şabalıdı və açıq şabalıdı olmaqla, müəyyən hissələri şorakət və qeyri şorakət torpaqlardır.

İqlimi istidir. Qışı əsasən quru keçir. İllik yağıntının miqdarı 262 mm-dir.

Rayon ərazisindən Əzizbəyov adına kanal və Əzizbəyov adına kollektor keçir. Rayon mərkəzini yarıya bölən və üzərində su  tutarı  yaradılmış Bolqarçay mənsəbini İran dağlarından götürür. Əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə rayonda 41,5 km uzunluğunda Maşın qolu (1985) çəkilmişdir.

Rayon ərazisindən Ələt-Astara beynəlxalq magistral şosse yolu, Gəncə-Astara magistral şosse yolu və Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini İran İslam Respublikasından keçməklə Naxçıvanla birləşdirən beynəlxalq magistral şosse yolu  keçir.

Əhalisi 94.043 min nəfərdir. Həmin əhalinin 21385 nəfəri şəhərdə, 72658  nəfəri isə kəndlərdə yaşayır.  Əhalinin 47043  nəfərini kişilər (50.2 faiz),  47 min nəfərini qadınlar (49.8 faiz)  təşkil edir. Əhalinin orta sıxlığı 1 kv.km-də 63 nəfəridr. Etnik tərkibi əsasən azərbaycanlılardan ibarətdir. Movcud əhalinin 29 min nəfərini  gənclər təşkil edir.

Rayonda 1 şəhər və 22 kənd bələdiyyəsi, 23 ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Biləsuvar şəhəri, Xırmandalı, Ağalıkənd, Bağbanlar, Bəydili, Nərimankənd, Əmənkənd, Əsgərabad, Aşağı Cürəli kəndləri rayonun iri yaşayış məntəqələridir.

Rayonda 26 orta, 10 əsas məktəblər, 3 məktəbdənkənar təhsil müəssisəsi – rayon Uşaq-Gənclər Şahmat məktəbi, rayon Uşaq-Gənclər İdman məktəbi, Ekoloji Tərbiyə və Təcrübə mərkəzi, Peşə liseyi və Xüsusi istedada malik uşaqlar üçün məktəb-lisey  fəaliyyət göstərir.

Rayonda 20 klub və Mədəniyyət evi,  32  kitabxana, 1 rəsm qalereyası, 2 incəsənət məktəbi, Heydər Əliyev məktəbi, Tarix-diyaşünaslıq və Heydər Əliyev muzeyləri vardır.

Rayonda əhaliyə 27 səhiyyə ocağı, o  cümlədən 1 rayon Mərkəzi xəstəxanası, rayon Uşaq xəstəxanası, Xırmandalı kənd xəstəxanası, 21 həkim və tibb məntəqəsi, Gigiyena və Epidemiologiya mərkəzi xidmət göstərir.  

Biləsuvar rayonunda orta əsrlərə aid “Şəhriyar qalası” memarlıq abidəsi, həmçinin ilk orta əsrlərə aid Çöl Ağdam şəhərciyi, İçəri Ağdam yaşayış yeri, tunc dövrünə aid Yeddi təpə kurqanları, Qoşa təpə kurqanları, Canavarçıxan təpə kurqanları, dəmir dövrünə aid Torağaytəpə kurqanları, Seyidallı təpə kurqanları, Ceyrantəpə kurqanları, orta əsrlərə aid Ağdam qalası, Şəhriyar təpə yaşayış yeri arxeoloji abidələri vardır.

Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarın ərazisi 135780 hektardır. Həmin ərazinin 112.9 min hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir.

Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Bununla  yanaşı əhali  tərəfindən kartof, bostan-tərəvəz, günəbaxan və digər kənd təsərrüfatı bitkiləri əkilir.

Coğrafi mövqeyi

       Biləsuvar Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu, şimal-qərbdən Saatlı və Sabirabad rayonu, şərqdən Salyan və Neftçala rayonu, cənubdan Cəlilabad rayonu, qərbdən isə İran İslam Republikası ilə həmsərhəddir. Biləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir. Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1360 kv. kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.

Relyefi

      Rayon ərazisindən keçən Bolqarçay mənbəyini İran İslam Respublikasından götürməklə, mənsəbi Mahmudçalada bitir. Mənbəyinin Araz çayından götürən uzunluğu 101 km olan Əzizbəyov adına kanal rayon əhalisinin içməli suya olan təlabatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Rayonun qərb hissəsində şabaladı və açıq şabalıdı torpaqlar olmaqla, müəyyən hissəsi qeyri şorəkət və az miqdarda şorakət torpaqlardır.Bitki örtüyündə çöl formasiyası geniş yer tutur.Quru çöl bitkiləri (şahsöyüdü, yolğun və s.), kollar vardır.Rayonun çöl düzündə Mahmudçala ovalığı yerləşir.

Təbiəti

    Rayon ərazisində ən çox rast gələn heyvan növləri canavar, tülkü, boz dovşan, çölsiçanı və çaqqal, quşlardan kəklik, qırqovul, göyərçin, su quşları, qaz, ördək, qu, durna və s. var. Əsasən şabalıdı və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır.

İqlimi

     Rayonun iqlimi isti və quru iqlimdir. İyul ayında orta temperatur +35 °C olur. Qışı mülayim keçir. Yanvar ayının orta temperaturu +7 °C. Yağıntıların miqdarı ildə 220–275 mm təşkil edir.

Ərazisi - 1360 km2.

 Əhalisinin sayı – 94048 nəfər.

 Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 25 kənd.

 Əhali sıxlığı - 67.2 (nəfər/km2).

 Iqtisadi rayon - aran (iqtisadi rayonu).

 Nəqliyyat vasitəsinin kodu - 12.

 Telefon kodu - 2529.

 Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300.

Rayonun ərazisində yerləşən kəndlər aşağıdakı kimidir:

 Xırmandalı, Bəydili, Əliabad, Zəhmədabad, Bağbanlar, Çinarlı, İsmətli, Günəşli, Ağəyri, Çaylı,  Nəsimikənd, Nərimankənd, Səmədabad, Arazbarı, Aşağı cürəli, Dəvrişli, Əsgərabad, Ovçubərə, Yuxarı ağalıkənd, Muğankənd, Əmənkənd, Təzəkənd, Ağalıkənd, Yuxarı cürəli, Aranlı




Baxılıb: 1443