Narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsidir

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanını, Dövlət Komissiyası haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı, eləcə də digər hüquqi normativ sənədləri rəhbər tutaraq 2016-cı ildə qarşısına qoyulmuş vəzifələrin icrası ilə əlaqədar aşağıdakı tədbirləri həyata keçirmişdir.

Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işinin əhatəsi  genişləndirilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədrinin müvafiq göstərişinə əsasən, Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə hər il olduğu kimi, 2016-cı ildə də respublikanın bütün şəhər və rayonlarında maarifləndirici silsilə tədbirlər keçirilmiş, tədbirlərdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar mövzusunda  geniş müzakirələr aparılmış və bu barədə şəhər/rayon komissiyaları tərəfindən təqdim olunan məlumatlar (foto və video materiallarla birlikdə) Dövlət Komissiyasının rəsmi internet saytında yerləşdirilmişdir.

Hesabat dövründə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Dövlət Proqramına müvafiq olaraq, fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər və rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirilmiş və görülən işlərin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr verilmişdir.

Beləliklə, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə respublikanın bir çox şəhər və rayonlarında yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirmiş və ümumilikdə 1200 təlimçi hazırlanmış və onlar zəruri əyani vəsaitlərlə (o cümlədən diskə daxil edilmiş elektron variantda da əlavə olunmaqla) təmin edilmişdir.

Bundan əlavə, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 23 iyun tarixində Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə 26 iyun-Narkotik maddələrin sui-istifadəsinə və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə gününə həsr edilmiş “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə “26 iyun BMT-nin Narkotiklərlə mübarizə günü” ilə əlaqədar ənənəvi olaraq,  şəhər və rayon  İcra hakimiyyətlərində fəaliyyət göstərən bütün yerli komissiyalar tərəfindən maarifləndirici silsilə tədbirlər keçirilmiş və təşkil olunan tədbirlər barədə məlumatlar (foto və video görüntülər də əlavə olunmaqla) Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində yerləşdirilmişdir.

Görülmüş işlərin davamı olaraq, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə müvafiq icraçı orqanlarla birlikdə  təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə 2016-cı il ərzində Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Qərb Universitetində, Qafqaz Universitetində maarifləndirmə tədbirləri keçirilmişdir.

Qeyd olunanlardan əlavə, Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə ümumtəhsil internat məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər üçün “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirmə tədbirləri keçirilib və tədbirlər çərçivəsində şagirdlər zəruri təbliğat materialları ilə təmin olunublar.

2016-cı ildə cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq, il ərzində  cəzaçəkmə müəssisəsində (Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsi daxil olmaqla) 25-dən çox maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışmış, məhkumlara narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən bu barədə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış videoçarxlar və filmlər nümayiş olunmuş, eləcə də maarifləndirici bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanılmışdır.

Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış idman ustalarının iştirakı ilə hazırlanmış “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı yeni sosial çarx 2016-cı il ərzində Bakı şəhərinin 15 elektron reklam tablosunda, Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 450 avtobus dayanacaqlarında yerləşən informasiya terminal monitorlarında,  “Park Bulvar” Alış Veriş Mərkəzinin, “MetroPark” və “28 Mall” Ticarət və Əyləncə mərkəzlərində, o cümlədən ölkə üzrə kinoteatr şəbəkəsi olan “CinemaPlus LLC” şirkətinə məxsus kinoteatrlarda ( “28 Mall” Ticarət və Əyləncə Mərkəzi, “Amburan Mall”) kinofilmlərin nümayişindən əvvəl anonslar və reklamlar bölümündə yayımlanmışdır.

Görülən işlərin davamı olaraq “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo ötən il ərzində Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında göstərilmişdir.

Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədi ilə və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan sosial lövhələr Bakı şəhəri üzrə ümumilikdə 10 mərkəzi küçədə, avtobus dayanacaqlarında və yeraltı piyada keçidlərində,   “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi”, “Koroğlu”, “Gənclik”, “Nəriman Nərimanov”, “Sahil”, “20 Yanvar”, “Nəsimi”, “İnşaatçılar”, “Qara Qarayev” və “Xalqlar Dostluğu” stansiyalarında quraşdırılmışdır.

Bundan əlavə, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə sağlam həyat tərzinin təbliği ilə bağlı zəruri bildiriş və əlaqə vasitələri “Azerfon” mobil operatoru tərəfindən 7 gün ərzində təqribən 1,5 milyon abunəçisinə SMS vasitəsilə ünvanlanmış, həmçinin mərhələli qaydaya uyğun olaraq eyni mətnli SMS “Bakcell” mobil operatoru tərəfindən 4 gün ərzində 2 milyon abunəçisinə göndərilmiş, bundan əlavə qeyd olunan sosial bildiriş “Azercell Telekom MMC” tərəfindən 11 gün ərzində təqribən 3 milyondan çox abunəçiyə  göndərilməsi təmin edilmişdir.

Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalinin mütəmadi olaraq məlumatlandırılması və ölkədə aparılan antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının üzvü olan nazirlik, komitə və təşkilatlar, həmçinin şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən müvafiq komissiyalar tərəfindən göndərilən materiallar qrafikə uyğun olaraq hər həftənin şənbə günü “İki sahil” qəzetində dərc edilir. Təbliğat-təşviqat işləri ilə əlaqədar məlumatların ictimaiyyətə çatdırılması üçün Dövlət Komissiyasının www.nmdk.gov.az ünvanlı rəsmi saytı vahid sistem konsepsiyası altında daha müasir dizayna və yeni veb 2.0 proqramlaşdırma texnologiyalarına əsaslanaraq yenilənmişdir. Belə ki, veb saytın məlumatların idarəetmə sisteminin əlavə olaraq 2 dildə (rus və ingilis) yaradılması, yüksək effektivlik və sürət imkanlarına sahib PHP proqramlaşdırma texnologiyaları üzərində qurulması, həmçinin xəbər və məqalələrin müxtəlif sosial şəbəkələrdə paylaşılması təmin edilmiş və mütəmadi surətdə görülmüş işlər barədə məlumatlar yerləşdirilmişdir.

Dövlət Proqramının müvafiq bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində (xüsusilə sosial şəbəkələrdə) təbliğat aparılmasını nəzərə alaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq geniş məlumatlar verilmiş, səhifənin daimi olaraq yenilənməsi və təbliği istiqamətində müvafiq işlər həyata keçirilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərindən istifadə olunmaqla, Azərbaycan Respublikasında qanunsuz dövriyyədə olan və narkomanların gündəlik qeyri-tibbi yolla istifadə etdikləri narkotik vasitələrin, psixotrop maddələrin ümumi təsviri, istifadəçilərə təsiri, törətdiyi ağır nəticələr və riskin digər növləri haqqında ətraflı məlumatları özündə əks etdirən “Narkotiklər haqqında həqiqəti bilin” adlı Azərbaycan və rus dillərində yaddaş kitabçası hazırlanmışdır. Kitabça narkotik vasitələrin, psixotrop maddələrin növlərinə görə onu qəbul edən insanların davranışında, psixikasında və zahiri görünüşündə baş verən dəyişikliklər, həmçinin başqalarının təsiri altına düşməsindən yayınma və narkomanlığın profilaktikası və əhalinin maarifləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Eyni zamanda, Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə əlaqədar pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri, metodik materiallar, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi üçün yeni çap məhsulları hazırlanmışdır.

İşçi Qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün “Övladlarımızı və gələcəyimizi narkomaniyadan qoruyaq” adlı yaddaş kitabçası, “Narkotiklər haqqında həqiqəti bilin” metodik materiallar təşkil edilən bütün maarifləndirici tədbirlərdə kütləvi şəkildə paylanılması təmin edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq, Dövlət Komissiyasının sədrinin müvafiq göstərişlərinə əsasən İşçi Qrupunun təşkilatçılığı ilə ötən ilin iyun və dekabr aylarında müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun inzibati ərazisində 407 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 937 kq-dan (əlavə olaraq 4740 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr  aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik 
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət 
Komissiyasının İşçi Qrupunun rəhbəri




Baxılıb: 2768