Narkomaniya cəmiyyətin "sosial bəlası”dır

Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev narkomaniyanı cəmiyyətin "sosial bəlası" adlandırmışdır. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Ancaq qeyd etmək istərdim ki, narkomaniyanın və narkobiznesin tək  mənfi təsiri insanların sağlamlığına və ya mənəviyyatına vurulan zərbə deyil, narkomaniya həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm rol oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına görə isə dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını ildən-ilə daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası tarixdə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata keçirilmişdir. Mübarizə tədbirləri çərçivəsində Azərbaycan Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün Dövlət Proqramı”, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı” və 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Qeyd edək ki, proqramların hər biri bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc nəslin sağlamlığının qorunması və onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərin də olduqca əhəmiyyətli olması xüsusi vurğulanmalıdır. Əfsuslar olsun ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.

Məlumdur ki, Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir. Beynəlxalq narkosindikatlar Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd etmişdilər. Həmçinin, 30 ilə yaxın müddət davam edən və ötən ilin sonunda Azərbaycanın tarixi ədaləti və haqlarını bərpa etməsi ilə yekunlaşan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərməkdə idi. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğal altında saxlanması, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistan silahlı qüvvələrinin nəzarət etməsi nəticədə həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axınının həyata keçirilməsi ilə nəticələnmişdi. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunurdu. Ancaq nəhayət ki, Azərbaycan öz tarixi ata-baba yurduna qayıtdı və artıq əzəli torpaqlarımızın bu tip qanunsuz əməllərin tətbiqi üçün istifadəsinə bir dəfəlik son qoydu.

Təəssüflə qeyd olunmalıdır ki, son illər bütün dünyada narkotik istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə edilir.  2019-cu ilin hesabatında (BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin hesabatı) dünyada 35 milyon insanın narkotik asılılığının olduğu və bundan daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyi açıqlanıb. Bu baxımdan narkotik və toksinli maddələrə meyilli yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, əhalini bu təhlükədən qorumaq, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir.

Bu istiqamətdə bütün respublika ərazisində olduğu kimi rayonumuzda da müvafiq işlər görülməkdədir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı 2020-ci il ərzində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, narkomanlığın qarşısının alınmasında əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini, həmçinin Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər də nəzərə alınaraq narkomanlığın qarşısının alınması ilə bağlı diqqət artırılmış, bu istiqamətdə müvafiq maarifləndirmə tədbirləri vaxtaşırı təşkil olunmuşdur. Bununla yanaşı, narkomanlığın yayılmasının qarşısının alınması sahəsində vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır.  Məlumat üçün bildirmək istərdim ki, Pirallahı RPŞ tərəfindən hesabat dövrü ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18 cinayət faktı aşkar edilmişdir ki, onlardan 5 fakt satış təşkil etmişdir. Həmin faktlar üzrə ümumilikdə 8 kq 246,201 qram müxtəlif növ narkotik vasitə və 1,26 qram psixotrop maddə müsadirə edilmişdir. Həmin faktlar ilə bağlı aidiyyəti üzrə müvafiq tədbirlər davam etdirilir.

Sonda, bundan sonra da bu kimi tədbirlərin davam etdirilməsinin tərəfimizdən prioritet məsələ olaraq saxlanılacağını və məqsədyönlü tədbirlərin davam etdiriləcəyini bildirmək istərdim. Şübhə yoxdur ki, birgə səylər nəticəsində qarşıya qoyulan hədəflərə nail olunacaqdır.

Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi




Baxılıb: 1393