Şəhər haqqında

Azərbaycan Respublikasının ən iri senaye və kənd təsərrüfatı rayonlarından biri olan Şəki rayonunun ərazisi 2.43 min kvadrat km, əhalisi 01.07. 2012-ci il tarixə 176491 nəfərdir.

Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, sənayedə, tikintidə, ticarət və ictimai iaşədə, təhsil, səhiyyə və digər xidmət sahələrində çalışır.

Şəki rayonu 1 şəhər, 2 qəsəbə (Turan və Çələbixan) və 68 kənd yaşayış məntəqəsini əhatə edir.

Rayonda 2 qəsəbə və 31 kənd icra nümayəndəliyi, 1 şəhər bələdiyyəsi, 39 kənd bələdiyyəsi mövcuddur.

Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub amacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar;, zəngin meşə örtüyü vardır.

Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqlar geniş yayılmışdır. Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir.

Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir.

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır.

Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayilirdi. A.Y.Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır.

Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.

 I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan biri də Albaniyanın şimal-qərbində yerləşən Şəki vilayəti idi. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olan şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı.

XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat nəsli hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. 1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi.

1772-ci ildə Kiş çayınin daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə məhv olmuş, şəhər əhalisinin bir qismi tələfata uğramış, bir qismi başqa yerlərə köçüb getmiş, bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı.

1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirildi. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzində Şəki əyaləti yaradıldı.

1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.

XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə Şəki və Qışlaq məhəllələrinə böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət və sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı hissəsi, aşağı hissəsi. Şəhər ətraflı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa-Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı.

Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı və 1860-1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala və onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi və buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüncü məhəlləyə dabbaqxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən boyaqçılıq daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür bu məhəlləyə tacir və sənətkarların yerləşdiyi baş küçə və onun ətrafları daxil idi.

1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi.

1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölcüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.




Baxılıb: 668