Rayon haqqında

Abşeron   rayonu  1963-cü  il  yanvar   ayının  4-də  yaradılmışdır. Abşeron  rayonu  Xəzər dənizinin qərb sahilində yerləşir, Qobustan rayonu, Sumqayıt şəhəri, Bakı şəhərinin Sabunçu, Qaradağ və Binəqədi rayonları  ilə həmsərhəddir. Rayon quru subtropik iqlim qurşağında yerləşir, iqlim tipinə görə yarımsəhra quru və çöl iqliminə aiddir.

Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt  şəhərlərinin əhalisini  kənd  təsərrüfatı  məhsulları  ilə  təmin  etməkdən  ibarət olmuşdur.

Abşeron   rayonu  Azərbaycan   Respublikasının  ən  iri  sənaye  və  kənd  təsərrüfatı  rayonlarından  biridir. 

Abşeron    rayonunun   ərazisi  1966,1  kv  km-dir.  Qeydiyyatda  olan  əhalinin  sayı  01.01.2013-cü  ilə  200,8  min  nəfərdir. 

Məşğul  əhalinin  əsas  hissəsi  heyvandarlıqla,  rayonda,  Bakı  və  Sumqayıt  şəhərində  fəaliyyət   göstərən  istehsal  müəssisələrində  digər  istehsal,         ticarət,    ictimai    iaşə,    хidmət    sahələrində  çalışır  və  fərdi  əməklə  məşğul          olurlar. 

Abşeron  rayonu  15  inzibati  ərazi  dairəsindən  (Хırdalan  şəhəri,  Saray,  Mehdiabad,  Ceyranbatan,  Qobu,  Güzdək,  Hökməli,  Digah,  Aşağı Güzdək  qəsəbələri  və  Məmmədli,  Novхanı,  Masazır,  Fatmayı,  Görədil  Pirəkəşkül-Qobustan  kəndlərindən)  ibarətdir. 

Rayon  ərazisində  64  idarə  və  müəssisə,  6 bank  filialı,  1  rabitə  müəssisəsi,  3  mehmanхana  və  otel  fəaliyyət  göstərir.  İşçilərin  sayına     görə ən iri müəssisələr olan «Azbentonit» MMC  (589  nəfər)  «Bakı  Gastel»  MMC  (256  nəfər)  «Mətanət-A»  MMC  (175  nəfər) işçisi  vardır.   

Hazırda  rayon  üzrə  məşğul  əhalinin  sayı  123637  nəfərdir.  O,  cümlədən sənayedə  çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə  təşkilatlarında  10326 nəfər, təhsildə  4121  nəfər,  səhiyyədə  1020  nəfər  digər  sahələrdə  105920  nəfərdir.  

Abşeron  rayonu 15  inzibati  ərazi  dairəsindən: 1 şəhər, 8 qəsəbə  və  6  kənddən  ibarətdir.

Xırdalan şəhəri əhalisinin sayına görə rayonun ən böyük yaşayış  məntəqəsi  olmaqla, həm də rayonun inzibati mərkəzidir.  

Xırdalan əvvəllər qəsəbə adlandırılmış,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin oktyabr  ayından  Xırdalana  şəhər  statusu   verilmişdir.  Ərazisi 1696  hektar olmaqla,  əhalisi  96658   nəfərdir.

Saray qəsəbəsi  də  rayonun  qədim  və  böyük yaşayış məntəqələrindən   biridir.  Ərazisi  3398 hektar, əhalisi 18694 nəfərdir.

Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkiliir. Lakin tarixi mənbələrdə kəndin  mənşəcə 13-cü əsrdə monqolların tərkibində Azərbaycana  gəlmiş  saray tayfasının  ərazidə məskunlaşması nəticəsində yaranması ehtimal olunur.

Mehdiabad Abşeronun yeni salınmış, lakin  böyük  qəsəbələrindən biridir.   Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron  yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək  məqsədilə bu ərazidə 1956-cı  ildə  sovxoz  yaradılıb. 1958-ci  ildə  ilk yaşayış  evləri   tikilib  istifadəyə  verilib. 

Qəsəbədə  əsasən  Azərbaycanın  müxtəlif  bölgələrindən olan, xüsusilə 1949-1950-ci illərdə Ermənistandan departasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi  1957 hektar, əhalisi isə 11357  nəfərdir. 

Qobu qəsəbəsinin  tarixinin  təxminən  700 il olduğu ehtimal olunur. Bu  yaşayış  məskəninin adı “çökəklik” mənasında işlənir. Qobulular əsasən maldarlıqla məşğul  olurlar. Qəsəbənin   ərazisi 4700 hektar, əhalisi isə 9246 nəfərdir.  

Ceyranbatan qəsəbəsi də Abşeron rayonunun yeni salınmış yaşayış  məntəqələrindən biridir. Əhalisi 7563nəfər, ərazisi isə 3168 hektardır. Bakı şəhərinin 25 kilometrliyində yerləşir. Ceyranbatan 1950-ci ildə inşaatçılar qəsəbəsi kimi yaradılmışdır.  Rəvayətlərə görə  qəsəbənin salındığı ərazi əvvəllər bataqlıq olduğu üçün oradan ceyranlar keçə bilməyərək batmışlar. 1959-cu  ildə salınmış və suyunu “Samur-Abşeron” kanalından alan Ceyranbatan su  anbarı  təbii  çökəklikdə yerləşir.  

Hökməli  qəsəbəsi  bir  sıra   tarixi  mənbələrdə  Abşeronun  orta   əsrlərdə    salınmış yaşayış məntəqələrindən  hesab  olunur. Lakin  digər  tarixi  mənbələrə görə   Hökməli  hələ  atəşpərəstlik dövründə yaşayış yeri kimi  mövcud  olmuşdur. Tarixi  mənbələrdə Hökməlinin adı “Gökan” kimi qeyd olunur. Lakin miladi tarixi ilə 661-665-ci illərdə Azərbaycan ərəb qoşunları  tərəfindən işğal olunduqdan sonra   Hökməli kimi adlanmağa başlayır. Yəni, “Əlinin hökmü ilə islamı qəbul edən yer”.  Qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 8902 nəfər,  ərazisi  isə 1750 hektardır. 

 Güzdək  qəsəbəsi  də  Abşeronun  qədim  yaşayış  məntəqələrindən  biridir.  Bakının 22 kilometrliyində yerləşir. Əhalisi 2513 nəfər, ərazisi  isə 3285 hektardır.   Güzdəyin tarixi  təxminən 800 il hesablanır. Qəsəbədə 500 yaşı olan  daş tapılıb.  Bəzi  mənbələrə  görə  “Güzdək” “türk  məskəni”, digər  mənbələrə görə isə “Payız  otlağı”, “payız binəsi”, “kölgəli yer” deməkdir. Eyni zamanda, “Güzdək” quzu   saxlanılan yer mənasını da daşıyır. 

Aşağı Güzdək Abşeronda salınmış yeni yaşayış  məskənlərindəndir. Ərazisi   1461  hektar, əhalisi  isə 3872 nəfərdir. Qəsəbə Güzdək dəmiryolu  stansiyası  adı  altında 1952-ci  ildə  hərbiçilər  tərəfindən  yaradılmışdır.

Digah  Abşeronun orta əsr kəndlərindəndir. Bu sözün mənşəyi ətrafında iki   mülahizə mövcuddur. Birinci “digah yüksək suvarılmayan yer”, ikinci isə “iki təpə  arasında yer, məkan, kənd” mənası verir.  Ərazisi 417 hektar, əhalisi isə 4567  nəfərdir. 

Abşeron bağlarının yaranma tarixi mənbələrə görə 5 min il əvvələ gedib çıxır. Bu ərazidə  yerləşən  bağlar   arasında  Novxanı  bağları ən qədimi sayılır. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8350 nəfərdir. Novxanı kəndi  XVII əsrin ortalarında  dəniz  suyunun  artması  (bəzi  mənbələrdə güclü zəlzələ)  nəticəsində  batmışdır. Əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Yeni  tikilmiş evlərə  farsca “nov xanı”, yəni “təzə  evlər” adlandırılmışdır  ki, bu da sonradan Novxanı  kimi səslənmişdir.  

Masazır Abşeronun qədim kəndlərinin siyahısındadır. Məşhur Masazır duz  gölünün sahilində  yerləşir. Ərazisi 1634 hektar, əhalisi isə 11431 nəfərdir. Masazır  kəndinin  tarixi  çox  az  öyrənilib.

Məmmədli kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da, onun  yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdə məlumat verilir. Bizim eradan    əvvəl yaranmış tarixin atası adlandırılan Heredot Azərbaycana səyahət edərkən  «Yanardağ»da olmuş, onun yaxınlığında yaşayış məskəninin olduğunu qeyd  etmişdir. Yerli əhalinin  dediyinə  görə 1112-ci ildə  monqol  işğalı zamanı  cənub  bölgələrinə gedərək orada Məhəmmədi, Qasımxanlı, Şahsevənli, Qaradağlı adlı    kəndlər salmışlar. Kəndin ərazisi  1174  hektar, əhalisi isə 5894 nəfərdir. 

Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi  az  öyrənilib. Əhalisi  3174  nəfər olmaqla, ərazisi 1043 hektardır. Fatmayı  kəndinin adı ilə bağlı iki mülahizə  vardır. Birinci  fikirə  görə kənd yelçəkər ərazidə yerləşdiyi üçün “mehi fəth edən yer” anlamına  uyğun “Fatmayı” adlanır. İkinci mülahizəyə görə isə kəndin adı “Fatimi” sözündən, yəni Fatimənin nəslindən olanlar adlanıb. 

Görədil Abşeronun orta əsrə aid kəndlərindən olsa da, tarixi az  öyrənilmişdir.  Görədil kəndinin mənası Gör-Ədil, yəni dağ aşrımı üstündə yer, məkan  deməkdir.  Kəndin əhalisi 1691nəfər, sahəsi isə 420 hektardır.

Pirəkəşkül vaxtilə Abşeronun  qədim kəndlərindən olub. Kənd uzun müddət  Çaylı adını daşıyıb. Əhali əsasən qoyunçuluqla məşğul olub. Lakin 1950-ci illərdən əhali Sumqayıt  şəhərinə  və Saray qəsəbəsinə köçüb. 1988-ci  ildə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonar Nazirlər  Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarı  ilə  Qobustan qoyunçuluq sovxozunun ərazisində  300 ailəyə həyətyanı torpaq sahəsi ayrılıb. Kəndin ərazisi  5200  hektar, əhalisi  isə 3040  nəfərdir.  




Baxılıb: 1259