Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları tərəfindən əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olunub.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nəsimi rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Nəqliyyat Agentliyininəməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar 2019-cu ilin 25 iyun tarixindən etibarən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda nümayiş olunur.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırıq və göstərişlərinin davamı olaraq, 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar (iki formada) 2019-cu ilin 24 iyun tarixindən etibarən (3 gün müddətində) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunur.
2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.
Belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1113 fakt aşkar edilmişdir ki, onlardan 335-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 749-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 14-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 15-ü isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1ton015 kq 666,163 qr müxtəlif növ narkotik vasitələr, 10516 ədəd psixotrop maddə və o cümlədən 1240 ədədçətənə kolu müsadirə olunmuşdur.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 291 kq 546,555 qr marixuana(28,6%), 103 kq 746,181 qr tiryək (10,1%), 548 kq 110,938 qr heroin (54,%), 8 kq 835,876 qr həşiş (0,7%), 63 kq 426,613 qr psixotrop maddələr və digərləri (6,2%) təşkil etmişdir.
Cinayət məsuliyyətinə 636 nəfər cəlb edilmişdir ki, onlardan 2-si 18 yaşadək, 46-sı 18-25 yaşadək, 98-i 26-29 yaşadək, 493-ü 30 yaşdan yuxarı, o cümlədən 70-i fəhlə,1-i qulluqçu, 1-i maddi məsul şəxs, 3-ü kənd təsərrüfatı işçisi, 1-i orta ixtisas tələbəsi, 148-i əvvələr cinayət törədmişlər, 1-i əvvəllər xüsusi qeydiyatda olan, 424-ü işləməyənlər, 625-i kişilər, 11-i qadın olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 17 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur. Əcnəbilərdən 2-si Rusiya Federasiyası 10-u İran İslam Respublikası, 3-ü Gürcüstan, 1-i Türkiyə, 1-i isə Ukrayna Respublikasının vətəndaşı olmuşdur.
2019-cu il 02-03 may tarixlərində Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirilmişdir. Forumun məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya və zorakılığa qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaqdır.
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin təşəbbüsü və Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin, Ağcabədi rayon polis və təhsil şöbələrinin birgə əməkdaşlığı ilə keçirilən forum iki gün davam edib.
Forumun açılışında çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükələrdən, genofondumuza vura biləcəyi zərərlərdən və aparılan mübarizə tədbirlərindən, sağlam həyat tərzinin təbliğində ictimaiyyətin, gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.
Tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb, suallar cavablandırılıb.
Regional forum yeniyetmə və gənclər üçün “Narkotiklər haqqında həqiqəti öyrənək”, “Azərbaycanda uşaq müdafiə sistemi”, “Uşaq hüquqları”, Zorakılığa məruz qalmış uşaqların ailələri ilə aparılan sosial-psixoloji profilaktika”, “İntihar hallarının səbəbləri və profilaktikası” mövzularında təlim-seminarlarla davam edib.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim edikləri illik hesabatlar əsasında “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair, eyni zamanda 2013-2018-ci illərin statistik məlumatlarını özündə əks etdirən "Ölkə Məruzəsi”nin elektron forması hazırlanmışdır.
Qeyd olunan məruzədə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapmışdır.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) aprelin 17-də işini başa çatdırıb.
Konfransın bağlanış mərasimində çıxış edən ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini qeyd etdi. Bildirdi ki, bu mübarizənin bütün iştirakçıları uğur qazanmaq üçün yüksək əzmkarlıq və güclü həmrəylik nümayiş etdirməlidirlər. Bu prosesdə yaxşı əlaqələndirilmiş fəaliyyət, düşünülmüş proqram və strategiyaların hazırlanması və uğurla reallaşdırılması vacib əhəmiyyət daşıyır. DEA öz fəaliyyətində məhz bu prinsiplərin həyata keçirilməsinə çalışır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdıran Uttam Dillon DEA-nın bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla və ölkələrlə fəal əməkdaşlıq etdiyini deyib. O, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu və mühüm müzakirələrin aparıldığını vurğulayaraq dedi ki, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar göndərildi.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-leytenantı Səfər Mehdiyev bəşəriyyəti narahat edən başlıca problemlərdən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda səmərəli müzakirələrin aparıldığını bildirdi. Səfər Mehdiyev çıxışının sonunda konfransın Bakıda keçirilməsi təşəbbüsünə görə DEA-ya, eləcə də tədbirin təşkilində zəhməti olan qurumlara və şəxslərə minnətdarlığını ifadə etdi.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Əli Həsənov Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı səmərəli müzakirələrin, fikir və təcrübə mübadiləsinin aparılmasını yüksək qiymətləndirdi. Baş nazirin müavini diqqətə çatdırdı ki, konfrans çərçivəsində regional qrupların sessiyalarında müxtəlif qurumların, ölkələrin nümayəndələri maraqlı məruzələrlə çıxış etdilər, fəal müzakirələr apardılar.
Əli Həsənov bildirdi ki, konfransda 100-dən çox ölkənin təmsil olunması narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin çox ciddi təhlükə olduğunu və bunun dövlətləri xeyli dərəcədə narahat etdiyini göstərir. Çünki narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyini təhdid edən ən başlıca problemlərdən biridir. Müharibələr və terrorizmin fəsadları dərhal hiss olunur. Lakin narkomaniya bilavasitə genofondu məhv etməklə bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaradır. Onun fəsadlarının təsiri illərlə davam edir. Buna görə də dünya ölkələri, aidiyyəti qurumlar və mütərəqqi ictimaiyyət narkotiklərlə mübarizəyə daha ciddi diqqət yetirməlidir.
Tədbirin ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifinin Azərbaycan dövləti tərəfindən dəstəklənməsi sayəsində təşkil olunduğunu vurğulayan Baş nazirin müavini Prezident İlham Əliyevin konfransa böyük əhəmiyyət verdiyini vurğulayaraq dedi: “Bu mühüm tədbirin təşkilində hər iki tərəfin rolu böyükdür. Hər iki tərəf çox yüksək hörmətə və nüfuza malikdir. Prezident İlham Əliyev bu tədbirin Bakıda keçirilməsinə dərhal razılıq verdi. Bu tədbirə böyük önəm verən Azərbaycan dövlətinin başçısı konfransın yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını verdi, Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Konfransda Azərbaycanın aidiyyəti dövlət qurumları ən yüksək səviyyədə təmsil olundu. Bu, ölkəmizin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi böyük önəmin göstəricisidir”.
Narkomanlığın, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin hər il minlərlə insanın həyatını itirməsi ilə nəticələndiyini vurğulayan Baş nazirin müavini Əli Həsənov bildirdi ki, qətiyyətli mübarizənin aparılması üçün konvensiyalar və mübarizə üsulları dövrün tələblərinə uyğunlaşdırılmalı, bu sahədə çalışan şəxslərin təhlükəsizliyi təmin olunmalıdır. Narkotiklərlə mübarizədə heç bir ölkə təkbaşına uğur qazana bilməz. Bu, dünya birliyinin əsas vəzifəsidir. Ona görə də bu sahədə beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir.
Sonra tədbirin təşkilində iştirak edən könüllülərə bütün iştirakçılar adından minnətdarlıq ifadə olundu.
Beləliklə, Bakıda yüksək səviyyədə təşkil edilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırdı.
Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.
Dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradacaq.
Konfransın açılış mərasimində əvvəlcə fəxri qarovul dəstəsi tərəfindən Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət bayraqları salona gətirildi.
Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer konfransda çıxış etdilər.
Açılış çıxışlarından sonra birgə foto çəkdirildi.
Sonra satış-sərgisinə baxış keçirildi.
Daha sonra Beynəlxalq Konfrans işini regional işçi qrupların müzakirəsi və seminar sessiyaları ilə davam etdirdi.
Qeyd edək ki, beynəlxalq konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.
Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.
Aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov aprelin 15-də Bakıda işə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edib.
Baş nazirin müavini vurğulayıb ki, ötən il ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası beynəlxalq konfransın ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycana müraciət edib. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət olundu. Belə tədbirlərin Azərbaycanda keçirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı bu konfransın ölkəmizdə təşkili ilə bağlı göstəriş verdi və Prezidentin Sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Bundan sonra Nazirlər Kabinetinin qərarı ilə tədbirə hazırlıqla əlaqədar işçi qrupu yaradıldı.
Narkotiklərlə Mübarizə üzrə XXXVIBeynəlxalqKonfransda (IDEC) 115 ölkədən 432 nümayəndə iştirakedir. Tədbirə Azərbaycan tərəfindən 100-dən çox nümayəndə qatılıb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mötəbər platforma olan bu konfransda dünya təcrübəsini bölüşmək, informasiya mübadiləsi aparmaq, bu mübarizədə istifadə olunan qabaqcıl texnologiyalarla tanışlıq imkanı yaradılır.
Konfransın təşkilinə müxtəlif dövlət qurumları ilə yanaşı, könüllülərin də cəlb olunduğunu diqqətə çatdıran Baş nazirin müavini Bakı konfransı çərçivəsində gənclərlə görüşlərin, eləcə də digər tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Martın 12-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı görülən işlərin əlaqələndirilməsi və təşkilati məsələləri üzrə Təşkilat Komitəsinin iclası keçirilb.
İclasda Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf edən dövlətə çevrildiyini deyib. Bildirilib ki, ölkə inkişaf etdikcə, beynəlxalq tranzit marşrutları artdıqca narkotiklərin qeyri-qanuni dövriyyəsi sahəsində də təhlükələr çoxalır. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın ölkəmizdə keçirilməsi narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması baxımından əhəmiyyətli olacaq. Bu sahədə çalışan mütəxəssislərimiz beynəlxalq ekspertlərin təcrübələrindən yararlanacaqlar.
Baş nazirin müavini cənab Əli Həsənov son üç ayda konfransa hazırlıq işləri ilə bağlı aidiyyəti qurumların sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Sonra Narkotiklərlə Mübarizə üzrə 36-ci Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun rəhbəri Natiq Məmmədov görülən işlərlə bağlı məlumat verib.
Sonda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanun..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi..
“Narkomaniyaya birlikdə yox deyək” şüarı “BakuBus” av..
“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..
Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi ..
2019-cu ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin,..
Ağcabədi rayonunda Narkomaniyaya və Zorakılığa Qarşı Mü..
“Narkotiklərə nəzarət sahəsində 2018-ci il üçün Ölkə Mə..
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beyn..
Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Kon..
Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans ç..
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla..