Qalereya

15 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Maarifləndirmə Tədbiri Keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən birgə icra edilən Tədbirlər Planı çərçivəsində 15 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə tədbiri baş tutub.

 Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-psixoloqu və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələri iştirak ediblər.

 Görüş zamanı narkotiklərlə bağlı cinayətlərin qarşısının alınması, onların insan sağlamlığına və cəmiyyətə vurduğu fəsadlar, həmçinin bu sahədə dövlətin apardığı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası mövzusuna xüsusi diqqət yetirilib. Bundan əlavə, QİÇS və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı maarifləndirici çıxışlar edilib.

 Tədbirin sonunda iştirakçılar suallarını ünvanlayıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış təbliğat materialları təqdim olunub.